İqtisadiyyat
Energetika Nazirliyi Bakıda fəaliyyət göstərən sahibkarlara müraciət edib
19-05-2017, 22:26
Energetika Nazirliyi Bakıda fəaliyyət göstərən sahibkarlara müraciət edib.
Nazirlikdən Xeberman.com -a bildirilib ki, “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2017-ci il tarixli, 1313 nömrəli Fərmanına uyğun olaraq, Bakı şəhərində fəaliyyət göstərən sahibkarlar mövcud və ya inşa ediləcək tikinti obyektlərinin gücü 150 kilovata qədər (150 kilovat da daxil olmaqla mövcud 0,4 kilovoltluq şəbəkədən) olan elektrik enerjisi ilə təmin edilməsi üçün zəruri texniki şərtlər, layihə-smeta sənədləri, habelə enerji təchizatı şəbəkəsinə qoşulmaqla bağlı Bakıdakı “ASAN Kommunal” mərkəzlərinə 22 may 2017-ci il tarixindən müraciət edə bilərlər.
Xatırladaq ki, ölkəmizdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, Azərbaycanın yerli və xarici investorlar üçün cəlbediciliyinin artması, beynəlxalq reytinqlərdə mövqeyinin yüksəlməsi məqsədinə yönəlmiş Fərmanın icrası ilə əlaqədar olaraq Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi, “Azərişıq” ASC, “Azəravtoyol” ASC, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi və yerli icra hakimiyyəti orqanlarının hər birindən bir nümayəndə olmaqla Azərbaycan Respublikası Energetika Nazirliyinin nümayəndəsinin sədrliyi il “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində 8 Texniki Şura yaradılıb.