Texnologiya

"Ədabaz ayılar" adlı rusiyalı hakerlər Bundestaqın gizli sənədlərini oğurlayıb - İDDİA

13-05-2017, 19:57

Almaniyada parlament seçkilərinə 4 ay qalıb. Həmin müddət ərzində isə dövlətlə, xüsusilə onun qanunverici qolu Bundestaqla bağlı bir çox məxfi yazışmalar gün üzünə çıxa bilər.

Belə bir sensasion xəbər ölkənin aparıcı siyasi mətbu orqanlarından sayılan “Die Zeit” qəzetinin geniş araşdırma yazısında verilib.

Məqalə müəllifləri deputatlarla, həmçinin İT texnogiyaları ilə məşğul olan ekspertlərlə apardıqları söhbətdə bütün haker hücumları ilə bağlı bütün izlərin Rusiyaya apardığını yazıblar.

Məqəalədə 2015-ci ilin mayında Almaniya ilə hakerlər arasında bir neçə həftə davam edən böyük kiber müharibənin baş verdiyi qeyd olunub.

Bu “döyüşün” nəticəsində 16 deputat bürosuna aid sənədlər, həmçinin kompüter hard disklərinin içərisindəki materiallar oğurlanıb. Onların bəziləri məxfilik dərəcəsi daşıyıb.

Hakerlərin hədəfində kansler Angela Merkel, Bundestaqın sədrinin müavini Yohannes Zinqhammer, sosial-demokrat Martin Rabanus və AFR xüsusi xidmət orqanlarının büdcəsinə nəzarəti həyata keçrirən Bettina Hagedorn olublar.

Federal hökumətin nümayəndələri hücumların xarici dövlətin sifarişi ilə həyata keçirildiyinə, habelə kiberhəmləni gerçəkləşdirən Fancy Bear (“Ədəbaz ayı”) olaraq tanınan APT28 adlı haker qrupunun Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinə (QRU-red.) bağlı olduğuna əminliklərini ifadə ediblər.

Eyni qrup vaxtilə ABŞ-da prezident seçkilərində Hillari Klintonun və onun seçki qərargahının rəhbəri Con Podestanın akkauntlarını sındırıb. Bundan başqa, qrup Ümumdünya Antidpoinq Agentliyinin (WADA) də serverini qırmağa müvəffəq olaraq oradakı bir çox faylı götürüb.

Qrup Fransadakı seçkilərə az qalmış ölkə prezidenti seçilən Emmanuel Makronun da seçkiqabağı qərargahının serverinə daxil olaraq oraya saxta və kompromat xarakterli materiallar yerləşdirib.

Almaniyanın İnformasiya texnikası üzrə idarəsi (BSİ) bununla bağlı ilkin raportları parlamentə və hökumətə təqdim edib.

Lakin Almaniyanın sol partiyasının deputatları ayrıca təhqiqat aparmaq qərarına gəliblər Onlar bu işi, keçmiş haker, hazırda Amnesty İnternational təşkilatının əməkdaşı Klaudio Quarniyeriyə həvalə ediblər.

Ekspert kiberhücumun həyata keçirildiyi serverin İP-ni tapmağa nail olub -176.31.112.10.

Bu İP adres Fransanın OVH adlı internet şirkətinin adında olub. Quarniyeri müəyyən edib ki, həmin server mərkəz ofisi Pakistanın paytaxtı İslamabadın yaxınlığında yerləşən şirkət tərəfindən icarəyə götürülüb.

“Server Parisdə, ofis İslamabadda...- bəs əsl haker hücumu haradan gəlib? –müəlliflər sual edib.

Almaniya xüsusi xidmət orqanları serverlərin Rusiyanın hərbi kəşfiyyatına aid saxta hesablara bağlı olduğunu müəyyən edə biliblər”, - “Die Zeit” qeyd edir.

Bundan başqa, hücumların hədəfi olan deputatlırın statusu da diqqəti cəlb edir. Mark Rabanus hücum baş verənə qədər Kiyevdə olub, Bettiana Hagerdorn alman məxfi orqanları barədə informaiyalara malikdir, Yohannes Zinqhammerin isə Bundestaqın daxili informasiyasına çıxışı var.

2016-cı ilin sonunda Almaniyanın daxili və xarici kəşfiyyat xidmətləri bu cür hücumların Kreml administrasiyasının əmri ilə həyata keçirilməsi ehtimalı ilə bağlı gizli sənəd təqdim ediblər.

“Başqa sözlə, Almaniya xüsusi xidmət orqanları “Fancy bear”ın arxasında Vladimir Putinin durduğunu təsdiq edirlər”, - məqalədə yazılıb.

“Bütün bunlarla bağlı olaraq kansler Angela Merkel öz narahatlığını Putinlə Soçi görüşündə dilə gətirsə də, Rusiya prezidenti soyuq təbəssümlə Moskvanın başqa ölkələrin daxili işlərinə qarışmadığını deyib”, - məqalədə qeyd olunur.

“Hələ ki, oğurlanan məlumatlardan səs-səmir yoxdur, lakin biz indi də hər an onlaırn üzə çıxmasını gözləyirik”, Almaniyanın Daxil İşlər Nazirliyinin kibertəhlükəsizlik idarəsinin rəisi Andreas Könen çarəsizliklə mətbuata bildirib.

Məqalədə bu səbəbdən ölkə tarixində ən iyrənc və çirkli seçki kampaniyasının gedəcəyi barədə narahatlıq dolu fikirlər səsləndirilib.(musavat.com)

Administratorla əlaqə

077 611-55-22

[email protected]