Azərbaycanda orduya çağırış başladı
Azərbaycan Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, 2016-cı il yanvarın 1-dən ölkəmizdə növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb.
Xeberman.com xəbər verir ki, bir ay davam edəcək çağırış prosesində minlərlə gənc hərbin sirlərinə dərindən yiyələnmək, Vətənin keşiyində əzmlə dayanmaq kimi şərəfli borcunu yerinə yetirmək üçün əsgəri xidmətə yollanacaq.
Sərəncama əsasən, 1998-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1981-1997-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2016-cı il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Həmin sənədə uyğun olaraq, "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2016-cı il yanvarın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
Qeyd edək ki, Prezident İlham Əliyev 2015-ci il dekabrın 5-də Azərbaycan Respublikası vətəndaşlarının 2016-cı il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.