Mədəniyyət

Manat ucuzlaşdı, pop-starların ayağı Bakıdan kəsildi

31-12-2015, 10:28
Bakıdan gələn inanılmaz təkliflər bu il də türkiyəli müğənniləri yeni ili ölkəmizdə qarşılamağa cəlb edir. Bu təkliflər həmin müğənnilərin öz ölkələrində yeni il proqramlarında çıxış etmək üçün aldıqları qonorardan 4-5-dəfə çox olur. 

Ötən ili Bakıda qarşılayan türkiyəli müğənni Handə Yenər "Yeganə” şadlıq sarayındakı bir gecəlik konsertə görə 200 min dollar qanorar almışdı.

Həmin il pop-star Demet Akalın da Bakıdan 200 min dollarlıq təklif almışdı. Lakin övladının körpə olması müğənnini bu təklifdən imtina etməyə məcbur etmişdi. Adlarını qeyd etdiyimiz müğənnilər Türkiyədə "yılbaşı konserti”ndə ən çox 200 min TL (təxminən 72 min manat) qarşılığında çıxış edirlər. 

Yüz minlərlə dollar təklifi pop-star müğənnilərinə əsasən Dubay, Türkmənistan, Bakı kimi dollar və neftlə zəngin ölkələrdən gəlir. 

Tarkan da Azərbaycana fantastik qiymətə gələn pop-starlardandır. Onun Bakıdakı konsetdəki qonorarının 1 milyon dollar civarında olduğu deyilirdi. Tarkan 2013-cü ildə Qubada yeni açılan "Rixos Hotel”də 2 saatlıq çıxış etmişdi. Tarkan bu dəfə il 1 milyonluq təklifi Türkmənistandan alıb. 

Azərbaycanda təkcə türkiyəli müğənnilərin yox, Cennifer Lopez, Ledi Qaqa kimi dünya ulduzları da çıxış edib. Bu ulduzlar da astronomik qiymətlərlə Bakıda çıxış edənlərdəndir.

Bu il isə manatın devalvasiyası, ölkədə baş verən iqtisadi vəziyyətin çətinliyi ölkəyə gələn müğənnilərin sayını azaldıb. Bugünkü yeni il axşamında Bakıda çıxış edən türkiyəli müğənni Mustafa Ceceli olacaq.

Yeni istifadəyə verilən restoranların birində səhnəyə çıxacaq Mustafa Ceceli ilə səhnəni Briliyant Dadaşova və "Toronto” qrupu bölüşəcək.

Yeni il şənliyində iştirak etməyin qiyməti 150-300 manat arasında dəyişir. Yemək limitsizdir. Biletlərin qiyməti isə masaların yerinə görə dəyişir. Konsert proqramı 1000 məfərlik zalda baş tutacaq. 

Qeyd edək ki, bu il Hadisə və Rafet el Roman kimi pop-starların da yeni ili Bakıda keçirəcəyi planlaşdırılsa da sonradan təxirə düşdü.

Bu müğənnilərin Azərbaycan səfərlərindəki qonorarı dollarla hesablanır. Görünür, dolların devalvasiyası müğənniləri Bakıya dəvət edənlərin büdcəsinə təsir edib. Bu il lüks otellərdə baş tutacaq əksər konset proqramlarında yerli müğənnilər səhnə alacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]