Əsas Səhifə / Yazarlar

Sinəmiz üstünə daş aparmışıq.

23-12-2014, 22:26
Sinəmiz üstünə daş aparmışıq.Köhnə damımızın qapısı qırıq,
Çəkib örtmək üçün cəftəsi yoxdu.
Döşəmə üstündə rahat gəzmirik,
Tol çəkib, atamız, taxtası yoxdu.

Bu həmənki bağdır, həmənki yaylaq,
Nənəm cəhrə qurub yun əyirməyir.
Kürsü çörəyinə həsrət qalmışıq,
Qonşu çörək üçün qapı döyməyir.

Daha yığılıbdı yaslarımız da,
Toyumuz mağarda çalınmaz olub.
Bəxti gətirməyən qız gəlinlərin,
Adına ad gəlib, alınmaz olub.

Bu dağın daşı da köçüb aşağı,
Nə qədər dünyada köç maşını var!
Atam, at əvəzi bir eşşək minib,
Qonşu harınlayıb, üç maşını var!

Bu nədir Allahım, bu nədir belə?
Kişinin üzü də tarımlanıbdı.
Yetimin malını yemək düşməyib,
Malı yeyən kəslər qarınlanıbdı.

Gəlib çiynimizə ili yükləyib,
Zamandan sadəcə yaş aparmışıq.
Dünyanın gözünü taptalayıb da..
Sinəmiz üstünə daş aparmışıq.

Gülnarə İsrafilqızı

Administratorla əlaqə

077 611-55-22

[email protected]