İqtisadiyyat

Büdcə vəsaitlərini kim və necə bölür...

18-02-2017, 05:21
Dövlət qurumları vəsait çatışmazlığına görə Maliyyə Nazirliyini günahlandırmaqda haqlıdırlarmı...

İstər paytaxtda, istərsə də regionlarda dövlət qurumları fəaliyyətləri ilə bağlı hər hansı çatışmazlıq yaranarkən, adətən Maliyyə Nazirliyini günahlandırır və büdcədən vəsait ayrılmadığını əsas gətirirlər. Bu cür məsələlərlə bağlı iradlara cavab verən Maliyyə Nazirliyinin rəsmiləri isə bildirirlər ki, onlar dövlət büdcəsində vəsaitlərin necə bölüşdürülməsinə cavabdeh qurum deyil. Büdcədə vəsaitlər Nazirlər Kabineti tərəfindən bölüşdürülür, sonra Milli Məclis büdcəni təsdiq edir, daha sonra icra üçün Maliyyə Nazirliyinə verilir. Bu mənada Maliyyə Nazirliyinin işi yalnız büdcəni doğru icra etməkdir.

Bəs, görəsən qanunvericilikdə bu məsələ necə nəzərdə tutulub?

Dövlət qurumlarının vəsait çatışmazlığı ilə bağlı yaşadıqları problemdə Maliyyə Nazirliyinin rolu nə qədərdir?

Bu sualı cavablandıran iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov bildirdi ki, hansı sahəyə nə qədər vəsaitin ayrılacağını həqiqətən də Maliyyə Nazirliyi həll eləmir: “Biz bilirik ki, hər il Azərbaycan Respublikasının dövlət büdcəsi Milli Məclis tərəfindən təsdiq olunur və prezident də onu imzalayır.


Bu qanunla belədir. Büdcədə konkret şəkildə qeyd olunur ki, hansı sahəyə nə qədər vəsait ayrılacaq. Büdcənin icrasını isə prezident Nazirlər Kabinetinə tapşırır. Nazirlər Kabineti həmin vəsaiti bölüşdürür. Maliyyə Nazirliyi doğrudan da bu zaman icraçı rol oynayır. Maliyyə Nazirliyi artıq həmin büdcəni olduğu kimi icra etməyə məsuldur, orada nəzərdə tutulduğundan nə az, nə də çox vəsait ödəyə bilməz. Çünki büdcə prezident səviyyəsində təsdiq olunmuş bir sənəddir və Maliyyə Nazirliyi onu icra etməlidir”

Ekspertin sözlərinə görə, burada Maliyyə Nazirliyindən qaynaqlanan iki problem ola bilər: “Birincisi odur ki, Maliyyə Nazirliyi doğrudan da deyə bilər ki, bu qədər vəsaitin ayrılması nəzərdə tutulmayıb. Nə dövlət büdcəsində, nə də ki dövlət büdcəsinin icrasına nəzarət edən Nazirlər Kabineti belə bir göstəriş verməyib. Bu halda bizim Maliyyə Nazirliyinə qarşı heç bir iradımız ola bilməz, yalnız ondan yuxarı olan orqanı tənqid edə bilərik ki, niyə bu sahəyə maliyyə ayırmırsınız. Bəzən belə də olur ki, dövlət büdcəsindən vəsait ayrılıb və Maliyyə Nazirliyi bunu icra etməlidir. Ancaq nazirlik bunu etmir, gecikdirir. Hətta bəzi dövlət orqanlarından çalışan dövlət işçiləri ötən ilin bəzi aylarına görə maaşlarını indiyə kimi almayıblar. Biz başa düşürük ki, bu əməkhaqları dövlət büdcəsində var, lakin Maliyyə Nazirliyi bunu gecikdirir. Bu kimi hallar istisna deyil. Maliyyə Nazirliyi əmək haqqını vaxtında bəzi orqanlara köçürmürsə, istisna deyil ki, digər sahələrdə də belə hallar baş verə bilər”.

hüquqşünas Əkrəm Həsənov

Bəs bundan çıxış yolu nədir?

Əkrəm Həsənov maraqlı bir təkliflə çıxış etdi: “Mən bu məsələyə ötən il dövlət başçısına müraciətimdə toxunmuşdum. Bildirmişdim ki, bizə elektron dövlət büdcəsi lazımdır. Yəni, dövlət büdcəsinə dair ayrıca bir internet sayt olmalıdır və o vəsaitin icrası internetdə hamı tərəfindən izlənilə bilməlidir. Tutaq ki, 2017-ci ildə yol xəritəsinin icrasına bütün Azərbaycan üzrə 1 milyard vəsait ayrılıb. O saytda göstərilməlidir ki, hər rayona bundan nə qədər ayrılıb, daha sonra hər küçəyə nə qədər ayrılıb. Sonra da bunun icrası ilə bağlı məlumatlar göstərilməlidir. Qeyd olunmalıdır ki, hansı sahəyə nə qədər xərcləndi və bununla hansı işlər görüldü. Həmçinin burada pulu xərcləyən dövlət orqanı da göstərilməlidir. Məsələn, həmin vəsaitdən Səbail rayonunda 200 min manat ayrılıb ki, yollar təmir olsun. Səbail rayonu da qeyd etməlidir ki, pulu nə zaman Maliyə Nazirliyindən alıb, nə qədər xərcləyib. Bu yolla həm adi vətəndaşlar, həm də mətbuat görəcək ki, Maliyyə Nazirliyi dövlət büdcəsində nəzərdə tutulan vəsaitləri vaxtında köçürür. Həm də görəcəyik ki, eyni işi ayrı-ayrı rayonlar hansı qiymətə görürlər, o qiymətlər həqiqətə uyğundurmu? Bu həm vətəndaşların dövlət büdcəsinə nəzarətini təmin edəcək, həm də korrupsiyanın qarşısı alınacaq. Təəssüflər olsun ki, Azərbaycanda belə bir təcrübə yoxdur, Ukrayna artıq yavaş-yavaş buna keçir. Hazırda Azərbaycanda Maliyyə Nazirliyinin işinə nəzarət edən yeganə orqan Nazirlər Kabinetidir. Həmçinin bu qurumun işi ilə bağlı prezidentə də müraciət oluna bilər, çünki birbaşa prezidentə tabedir”.

Nərgiz LİFTİYEVA
Musavat.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]