Gündəm

Qoca xadimələrin ümidinə qalmış paytaxt

18-02-2017, 01:17
Telman Zeynalov: “Yollar üçün ayrılan milyonlar kimlərinsə cibinə gedir”

Qışın gəlişi, təbiətin ağ örpəyə bürünməsi sevindiricidir. Uşaqlar, gənclər əylənirlər. Bir sözlə, insanların üzü gülür. Lakin qarın yağması böyükləri sevindirmir. Xüsusən də problemlər şəhəri Bakının sakinlərini. XXI əsrdir, texnologiya dövrünü yaşayırıq, amma hələ də Bakı küçələrini əlində bel, süpürgə olan insanlar təmizləyir. Onların da əksəriyyəti yaşlılardır. Bu günlərdə yayılan acı xəbər oxuyan hər kəsi sarsıtdı. Belə ki Heydər Əliyev prospektinin Sabunçudan keçən hissəsində yolun kənarındakı qar qalıqlarını təmizləyən qadını avtomobil vurub.

Naməlum sürücünün idarə etdiyi nəqliyyat vasitəsi 40-45 yaşlı qadını vuraraq 10-15 metr kənara atıb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Məlumdur ki, 2035-ci ilədək reallaşdırılması nəzərdə tutulan su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə olunması üçün “Master Plan” hazırlanıb.Həmin plana əsasən, Bakı şəhəri və Abşeron yarımadasının su-kanalizasiya infrastrukturu xeyli genişləndirilərək bütün yaşayış məntəqələrini əhatə edəcək. “Master Plan”a uyğun olaraq Abşeron yarımadasında 5900 km su, 7100 km kanalizasiya, 970 km yağış suları xətləri çəkiləcək. Nəzərə alsaq ki, son illər ölkənin su və kanalizasiya təsərrüfatı da daxil olmaqla bu sahəninin ikişafına 15 milyard manatdan çox vəsait xərclənib, o zaman haqlı olaraq bir sual meydana çıxır. Əgər yolların və kanalizasiya sistemlərinin abadlaşdırılması, yenidən qurulması, şəhər təsərrüfatının müasirləşdirlməsi üçün bu qədər vəsait sərf olunursa, o zaman niyə yollardakı vəziyyət bərbaddır? Bu qədər texnika alınırsa, niyə hələ də yollarımızı əlində bel, süpürgə olan yaşlı nənələr təmizləyir? Hanı Bakı Şəhər İcra Hakimiyyətinin müasir texnikası?

“İnkişaf yoldan başlanır”


Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov “Cümhuriyət” qəzetinə deyib ki, vəsaitin ayrılması heç də məsələnin həlli deyil: “Ölkəni inkişafa aparan yol elə birinci onun yolundan başlayır. Əgər yollarımız bərbad vəziyyətdədirsə, ayrılan vəsaitlər düzgün xərclənmirsə, o zaman heç bir inkişafdan söhbət gedə bilməz. Ölkə başçısı büdcədən yolların abadlaşdırılması üçün vəsait ayırır, amma bu vəsaitin ayırılması heç də problemi həll etmir. Prezident sərəncamı ilə vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət nəzarət funksiyasının həyata keçirən komitə yaranmalıdır. Dövlət büdcəsindən yollar üçün vəsait ayırılır, amma yollar abadlaşmır. Bu da o deməkdir ki, pullar kimlərinsə cibinə gedir. Kimin kefi necə istəyirsə, elə də iş görür, buna da göz yumulur və heç kim nəzarət etmir. Necə olur ki, digər dövlətlərdə qalınlığı 35-40 santimetr olan asfalt yollar kanalizasiya sistemi ilə birgə kilometri 30-40 minə başa gəlirsə, bizdə bu rəqəm yüz min, hətta bir milyona qədər yüksəlir? Bu günə qədər ayrılan pullar hesabına ölkənin bütün yolları qızıldan olmalı idi. Asfalt çəkirlər, 1 il sonra təmirə bağlanır, yaxud yol çəkilir on gün sonra yada düşür ki, kanalizasiya sistemi quraşdırılmayıb. Nə qədər ki, yollar müvafiq standartlara uyğun şəkildə çəkilməyib, ona qədər də, qar və yağış yağanda ölkədə bütün yollar və hərəkət iflic olacaq. Bu isə tək texnikaların itkisi ilə yox, insan itkiləri ilə də müşahidə olacaq. Bunun da birbaşa olaraq məsuliyyəti həmin yolları inşa edən şirkətlərin üzərindədir”.

“Yerli şirkətlər yol tikintisindən kənarda qalır”
Qoca xadimələrin ümidinə qalmış paytaxt
Telman Zeynalov deyir ki, Azərbaycanda yolların salınması, bərpası ona görə baha başa gəlir ki, biz yerli təşkilatlarla, yerli şirkətlərlə işləmirik: “Hətta o yolların çəkillməsi üçün fəhlələr də xaricdən gətirilir. O qədər vəsait ayrıldığı halda yerli şirkətlərlə işləsəydilər, bu, həm ucuz başa gələrdi, həm də daha keyfiyyətli olardı. Bir fəhlənin xaricdən gətirilməsi, yolxərci, yeməkxərci hər biri buraya daxildir. Həmin xərclərə burada daha keyfiyyətli yollar çəkmək olardı. Bununla insanlar işlə təmin olunardı. Bir yolun çəkilməsi üçün bir neçə ay zaman alır və yolun inşası üçün bəzən yüzlərlə işçiyə ehtiyac yaranır. Bizdə işçi yoxdur bəyəm?”

Qarın maşınlar deyil, insanlar tərəfindən təmizlənməsinə gəlincə, ekoloq deyib ki, bu məqsədlə alınan texnika mülkiyyətçilərə verilir: “Əgər icra hakimiyyəti nəzdində yollara nəzarət edən qurum varsa, texnika onlara verilməlidir. Çünki dövlətin ayırdığı pul onlar üçün xərclənir, şəxsi mülkiyyətçilər üçün yox. Şəxsi mülkiyyətçi də istədiyi vaxt işlədir, istədiyi vaxt işlətmir. Həmçinin dövlət əhəmiyyətli işlər üçün yox, şəxsi mənfəət üçün işlədir. Çünki texnika xarab olduğu təqdirdə bu mülkiyyətçinin özü tərəfindən düzəldilir. O da istədiyi kimi texnikanı işlədir”.

Sözügedən ölüm hadisəsi ilə bağlı birbaşa məsulliyyət daşıyan Bakı Şəhər İcra Hakimiyyətinin mövqeyini öyrənməyə cəhd etdik. Lakin gün ərzində dəfələrlə edilən müraciətlərimizə cavab verilmədi.

Rövşən Əsədov
Cebhe.info

Administratorla əlaqə

077 611-55-22

[email protected]