Əsas Səhifə / Media

Nəşrlərə reklam məhdudiyyəti rəsmiləşdi

17-02-2017, 02:00
Prezident İlham Əliyev “Nəşriyyat işi haqqında” qanununda yenilikləri imzalayaraq təsdiqləyib. Yeniliklər sənədi “Reklam haqqında” qanuna uyğunlaşdırmaq məqsədi daşıyır. Novator.az-ın məlumatına görə, dəyişikliyə əsasən, mülkiyyət formasından asılı olmayaraq reklam yayıcısı nəşriyyat məhsullarındakı reklam yerinin ən azı səkkiz faizini sosial reklam üçün ayırmağa borcludur.

Reklam xarakteri daşımayan dövri mətbu nəşrlərdə yerləşdirilən reklam müvafiq olaraq “reklam” və ya “reklam hüququ ilə” qeydləri edilməklə verilməlidir. Bu cür nəşrlərdə yerləşdirilən reklam dövri mətbu nəşrin ümumi həcminin 30 faizindən çox olmamalıdır (dövri mətbu nəşrin üz və arxa qabığında, qəzetlərin birinci səhifəsində verilən reklam istisna olmaqla).

Yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş mətbu nəşrlərdə alkoqollu içkilərin, həmçinin onlara aid olmayan əmtəələrin reklamı yerləşdirilə bilməz.

Dərslikdə, dərs vəsaitində, tədris materialında, məktəb gündəliyində, dəftərdə, albomda, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitabda reklam yerləşdirilə bilməz.

Dövri mətbu nəşrin üz və arxa qabığında, internet informasiya ehtiyatlarının ön səhifəsində tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin reklamı yerləşdirilə bilməz.

Dövri mətbu nəşrlərdə yayımlanan elanlarda (anonslarda) əmtəə nişanının, reklamvericinin, sponsorun adının və loqosunun yerləşdirilməsi reklam hesab olunur.

Audiovizual məhsulların qabının üzərində “reklamla”, yaxud “reklamsız” qeydləri olmalıdır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]