Ölkə

Ali Məhkəmənin hakimi həkimə tərəfdar çıxmaq istəyir

30-01-2017, 17:31
Ali Məhkəmənin hakimi həkimə tərəfdar çıxmaq istəyirStamotoloq tərəfindən ağır vəziyyətə salınmış vətəndaşa qarşı haqsızlıq
Vətəndaş Südabə Məlikova 13 iyun 2013-cü ildə stamotologiya xidməti göstərən “Anay-M” Məhdud Məsuliyyətli Cəmiyyəti adlı tibb müəssisəsində həkim Sənan Xankişiyev tərəfindən stamotoloji xətəliklə bağlı əməliyyat olunub. Əməliyyat nəticəsində vətəndaş S.Məlikovanın sağlamlığı yaxşılaşmaq əvəzinə əksinə pisləşib. S.Məlikova həm sağlamlığında yaranmış fəsadla, həm də əməliyyat olunmağına dair sənədləri müəssisədən tələb etməyə çalışdıqda ona lazımi sənədlər (epiqriz və qəbz) verilməyib. Bundan sonra, həkim S.Xankişiyev və Anay-M MMC-nin rəhbərliyi S.Məlikovanın zənglərindən yayınmağa başlayıblar.

S.Məlikova müxtəlif klinikalara yenidən müraciət edəndən sonra öyrəndi ki, S.Xankişiyevin əməliyyatı nəticəsində onun sağlamlığında yaranmış əlavə fəsadın aradan qaldırılması üçün yenidən əməliyyat lazımdır və həmin əməliyyata 8 000 manatdan artıq pul tələb olunur.

S.Məlikova həkim səhvinə görə vurulmuş zərərə görə Sabunçu rayon Məhkəməsinə müraciət edir və həkim və müəssisədən dəymiş zərər kimi gələcək əməliyyat pulunu və mənəvi zərər tələb edir. Məhkəmə prosesində keçirilmiş məhkəmə ekspertizası nəticəsində müəyyən edilib ki, S.Məlikovanın səhhətinə dəymiş zərər tibbi əməliyyat nəticəsində yaranıb. Bundan əlavə, S.Məlikovanın təqdim etdiyi sübutlar (o cümlədən şahid ifadələri) əsasında müəyyən edilib ki, həmin zərər Anay-M MMC-də S.Xankişiyev tərəfindən həyata keçirilib. Nəticədə Sabunçu rayon Məhkəməsi Anay-M MMC-dən və həkimdən dəymiş zərərin tutulması haqda S.Məlikovanın lehinə qətnamə qəbul edib.

Həkim S.Xankişiyev və Anay-M MMC qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi də S.Məlikovanın xeyrinə olub. Həmin qətnamədə isə bütün zərərin ödənilməsi Anay-M MMC-nin üzərinə qoyulub.

Anay-M MMC həmin qətnamədən kassasiya şikayəti verib. Hazırda işə Ali Məhkəmənin Mülki Kollegiyasında hakim Tatyana Qoldmanın sədrliyi ilə baxılır. İlk proses 24 yanvar 2017-ci ildə keçirilib. Mülki Prosessual Məcəlləyə görə Ali Məhkəmə yalnız maddi və prosessual pozuntuların mövcudluğunu yoxlamalı olsa da, həmin iclasda məhkəmə öz səlahiyyətlərini aşaraq sübutları araşdırmağa başladı. Hətta Anay-M MMC-nin vəkilinin şahid ifadələri haqqında arqumentləri sədrlik edən tərəfindən olduğu kimi təkrarlandı. Sədrlik edən hakim iş materialları ilə tanış olmadığı və Anay-M MMC-nin vəkili ilə eyni tonda danışdığı hiss olunurdu. Bundan sonra məhkəmə kassasiya şikayəti vermədiyi halda həkim S.Xankişiyevin vəkilinin tələbi ilə məhkəmə iclasını təxirə saldı. Növbəti məhkəmə iclası 31 yanvar 2017-ci il tarixdə baş tutacaq.

Qeyd etmək lazımdır ki, Ali Məhkəmənin Mülki Kollegiyası bundan əvvəl də dəfələrlə vətəndaşların lehinə qəbul edilmiş qətnamələri əsassız olaraq ləğv etməsi ilə məşhurdur. Vətəndaşlar bu hallarla bağlı iddia edirlər ki, onların işində qarşı tərəf bu məsələni “rüşvət” yolu ilə həll edib. Onu da qeyd edək ki, Trancpercy International (Beynəlxalq Şəffaflıq) Təşkilatının Cənubi Qafqaz ölkələri haqqında xüsusi hesabatına görə Azərbaycan məhkəmələri bölgədə ən korrupsiyalaşmış məhkəmələr sayılır. Təşkilatın hesabatına görə məhkəmələr “rüşvət” və digər formada nüfuz alveri ilə əsassız qərarlar qəbul edirlər.

Görəsən, Beynəlxalq Şəffaflıq təşkilatının qeyd etdiyi pozuntu vətəndaş S.Məlikovanın işində təkrarlanacaqmı?

Administratorla əlaqə

077 611-55-22

[email protected]