Dünya

Gürcüstanın üzünü güldürən, bizi kompleksə salan... Şengen

25-12-2015, 08:06

Şengen vizası barədə bilmədiklərimiz; incə detallar, maraqlı yeniliklər

 

Son günlərin ən çox müzakirə olunan mövzularından biri də Ukrayna və Gürcüstan vətəndaşlarının Şengen zonasına daxil olan Avropa İttifaqı (Aİ) ölkələrinə vizasız gedə biləcəyi ilə bağlıdır.

Sənədə əsasən, Avropa Komissiyası Gürcüstan, Ukrayna və Kosovo ilə viza liberallaşdırılmasına dair müsbət qərar qəbul etdiyini elan edib. Sənəd Avropa Parlamenti və Avropa Birliyi üzvü olan ölkələr tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək. Sözügedən mərhələlərin gələn ilin yayına qədər başa çatacağı gözlənilir. Bu arada qeyd edək ki, Gürcüstanın Avropa və Avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət naziri David Bakradze bildirib ki, Avropa Komissiyası Gürcüstan dövlətinin həyata keçirdiyi islahatları bəyənir: "Vətəndaşlarımızın biometrik pasportlarının olması viza rejimini həyata keçirmək üçün kifayətdir. 

Bu, viza sisteminin müsbət həllinə kömək edəcək. Gürcüstan hökuməti viza haqqında sənəd qəbul etdikdən sonra onu Avropa Parlamentinə və Avropa Şurasına göndərəcək. Bundan sonra siyasi qərar qəbul ediləcək. Düşünürük ki, bu, 6 ayadək çəkəcək və bütün Gürcüstan vətəndaşları Şengen ölkələrinə vizasız gedib-gələcək”.

Qaydalar 1995-ci ildən qüvvəyə minib

Yolu Avropaya düşənlər yaxşı bilir; viza almanın necə çətin proses olduğunu azərbaycanlılar şəxsən yaşayırlar. Toplanan sənədlərin çoxluğu, görüş üçün vaxt alma və sonda da... daşıdığın statusdan asılı olaraq sənə verilən müddətli viza. Təbii ki, mühacir dalğasının bu qədər güclü olduğu bir dönəmdə xarici ölkələrin Azərbaycandakı səfirlikləri viza müraciətlərinə maksimum həssas yanaşırlar: bəlkə gedib, mühacirlər ordusuna qoşulacaqsan? Bu sual açıq şəkildə verilməsə də, ciddi yoxlamalar bunun nəticəsidir. 

"Yeni Müsavat” mövzunun aktuallığını nəzərə alıb, məlum-naməlum viza sistemi, onun incəlikləri, tarixi barədə kiçik araşdırma aparıb. 

Avropa Birliyində 1995-ci ildə qüvvəyə minən Şengen (Schengen)  Müqaviləsi ilə tərəf ölkələr aralarındakı sərhəd ("daxili sərhəd’” adlandırılır) nəzarətləri aradan qaldırılıb. Bu qaydada yaradılan Şengen bölgəsinin xarici sərhəd nəzarətlərində ortaq tətbiqetmə və qaydalar həyata keçirilib. Şengen sahəsi viza, polis və qanunvericilik sistemlərindəki əməkdaşlığı əhatə edir. 

24 Şengen ölkəsi bunlardır: Almaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, İslandiya, İspaniya, İsveç, İtaliya, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Norveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, Yunanıstan.
İslandiya, Isveçrə  və Norveç istisna olmaqla, bütün ölkələr Avropa Birliyinin üzvləridir.

Avropa Birliyinə daxil olan 5 ölkə - Birləşmiş Krallıq, İrlandiya, Bolqarıstan, Kipr və Rumıniya Şengen zonasına daxil deyillər. Avropa Birliyinə üzv olmayan ölkələrin vətəndaşlarının Şengen zonasına səyahət etməsi Şengen vizasının tətbiq edilməsi nəticəsində asanlaşdırılıb,
Şengen sazişini imzalamış, Avropa İttifaqına daxil olan 5 ölkə, İngiltərə və İrlandiya isə pasport idarəsini bütünlüklə ləğv etməməsi səbəbindən Şengen zonasının sərhədlərindən kənarda qalıb. Bolqarıstan, Ruminya və Kipr bunu hələ gələcəkdə ləğv etməyi planlaşdırırlar.
5.06.2005-ci il referendumu ilə İsveçrə vətəndaşları Şengen zonasına daxil olmağa səs veriblər. 15.03.2006-cı ildə sərhədlərlə bağlı yeni sənəd - Şengen kodeksi qəbul edildi və Şengen konvensiyası dəyişdirildi. 2007-ci ilin 21 dekabrında 9 ölkə də (Slovakiya, Sloveniya, Polşa, Macarıstan, Çexiya, Malta, Latviya, Estoniya və Litva) Şengen zonasına daxil oldu və sərhəd nəzarətini ləğv etdi. Hava məkanında isə bu 30.03.2008-ci ildə ləğv edildi. Aeroportlarda sərhəd nəzarəti 29 mart 2009-cu ildə ləğv edildi.

Keçək qaydalara. Şengen viza rejimi qaydalarına əsasən, Şengen vizası ilk dəfə istifadə olunarkən, vizanın alındığı ölkəyə giriş etmək məcburiyyəti var. Məsələn, İtaliyanın nümayəndəliklərindən alınan viza ilə əvvəlcə İtaliyaya daxil olunmalıdır. 

Şengen ölkələri ortaq "Şengen Information System” (SIS) adı verilən bir məlumat bazasından faydalanırlar. Bu məlumat bankında Şengen ölkələrinə daxil olacaq şəxslərlə bağlı məlumatlar başda olmaqla, digər müxtəlif informasiyalar da öz əksini tapacaq və üzv olan ölkələrin səlahiyyətli orqanlarının istifadəsinə açıq olacaq.


Şengen - Lüksemburqda kiçik bir şəhərdir...

İndi də bu sözün necə yaranmasına keçək. Niyə Şengen vizası? "Şengen” sözü Lüksemburqda kiçik bir şəhərin adından götürülüb və məhz bu şəhərdə 1985-ci ilin iyun ayında 5 Avropa ölkəsi öz ölkələri arasında sərhəddə yoxlama və nəzarətə son qoyan bir saziş imzalayıblar. Sonrakı illərdə bir çox ölkələr də bu sazişə qoşulublar. 

Şengen vizası ilə siz bir ölkəyə daxil olaraq bütün Şengen zonasında azad səyahət edə bilərsiniz. Daxili sərhədlərin nəzarəti ləğv edilib. Lakin təhlükəsizliyi təmin etmək üçün Şengen zonasında hər hansı bir yerdə müəyyən nəzarət mümkündür. Daxili uçuşlar, yol və qatar səyahətləri də tədricən ölkədaxili səyahətlər kimi idarə olunur. Şengen vizaları qısamüddətli vizalardır və onlar Şengen zonasında 6 ay müddətində maksimum 90 gün qalmağa imkan verir. Uzunmüddətli səfərlər üçün isə milli vizalar tələb olunur və bu da hər ölkənin öz qanunvericiliyindən asılıdır.

Əgər siz yalnız bir Şengen ölkəsinə səyahət etmək istəyirsinizsə, o zaman yalnız həmin ölkənin səfirliyinə müraciət etməlisiniz. Şengen zonasının müxtəlif ölkələrinə səyahət etməyi nəzərdə tutursunuzsa, o zaman əsas istiqamətiniz olan ölkənin səfirliyinə müraciət etməlisiniz. Əgər siz müxtəlif Şengen ölkələrinə səyahət etməyi nəzərdə tutursunuzsa və onlardan heç biri sizin əsas istiqamətiniz deyilsə, o zaman siz ərazisinə birinci daxil olacağınız ölkənin səfirliyinə müraciət edirsiniz. Viza üçün müraciət edən zaman siz şəxsən özünüz gəlməlisiniz və ərizə forması (şəxsən doldurmalı və imzalamalısınız) və səyahətiniz üçün digər lazımi sənədləri təqdim etməlisiniz. Viza rüsumunun məbləği 60 avrodur (hər bir səfirliyin tətbiq etdiyi qaydaya uyğun olaraq avro, manat və ya dollarla Şengen səfirliklərinin viza şöbələrində ödənilməklə) və bu məbləğ geri qaytarılmır. Heç bir digər məbləğ ödənilmir. Turizm agentlikləri vizanın verilməsi qərarında heç bir rol oynamır.

Detallar, detallar, detallar - şeytan orda gizlənib... 

Təfərrüatları da yaddan çıxarmayaq. Viza müraciətində ümumi qayda müraciətin şəxsən edilməsidir.  Pasport təhrif edilməməlidir. Təhrif edilmiş pasporta viza alınsa belə turist sərhəddən geri qaytarıla bilər. Pasportun etibarlılıq müddətinin müraciət tarixindən etibarən ən azı bir il olmağına diqqət etmək lazımdır. Müraciət edərkən sənədlərin tam olmağına diqqət etmək lazımdır. Təhrif edilən və ya saxta sənədlərlə müraciət etmək qanunlara görə cinayət hesab olunur.  

Məsləhətlər sırasında o da qeyd olunub ki, müsahibə zamanı səlahiyyətli şəxsin, haqqınızda müsbət təəssürat əldə etməsi müraciətinizin qəbul edilmə şansını artırır. Səyahətinizi həyata keçirə bilmək üçün yetərli maliyyə imkanlarına sahib olduğunuz sənədləşdirilməlidir. Müsahibənin məqsədi; səyahət edəcəyiniz ölkənin müvafiq orqanlarının bu ölkəyə səyahət edəcək xarici vətandaşlar üçün təyin etdiyi şərtlərə uyğun olub olmadığınızı anlamaqdır. 
Heç bir yerdə işləmirsinizsə və ya özünüzün və himayənizdə olan şəxslər varsa, həmin şəxslərin dolanışıqlarını təmin edə biləcəyiniz daimi və yetərli gəlir səviyyəsinə sahib deyilsinizsə, potensial miqrant qəbul ediləcəksiniz və bütün bu sadalananlara görə viza almaq şansınız olduqca aşağıdır. Belə bir vəziyyətdə, viza üçün müraciət etməməyiniz daha məqsədəuyğundur. 


Rədd ediləcəyinizi bildiyiniz bir tələbdən imtina etməklə həm vaxt, həm də pulunuza qənaət etmiş olacaqsınız.  

Bəzi ölkələr viza xərcləri ilə yanaşı, yüksək məbləğlərdə müraciət və ya prosedur xərclərini də alır. Bu şərtlər ölkələrdən asılı olaraq fərqlilik göstərir. Müvafiq nümayəndəlikdən məlumat almağınızda fayda var.  

Qara siyahılar və o siyahıdakı insanlar...

Hər dövlətin ölkələrinə girişinin qadağan etdiyi və ya təhlükəli hesab etdiyi ölkə siyahıları var. Eyni zamanda qadağan olunanlar siyahısında mövcud olmayan bir xarici vətəndaşa,  maliyyə cəhətdən yük təşkil edəcəyi, ictimai asayişi poza biləcəyi və dövlət səhiyyə müəssisələrində risk yarada biləcəyi səbəblərinə görə də viza verilməməsi mümkündür.  


Beynəlxalq hüquqda dövlətlərin milli suverenlik səlahiyyətləri əsasdır. Bu suverenliklərindən sərhədləri daxilində qüvvəyə mindirdikləri qanunlar vasitəsilə istədikləri formada istifadə edirlər. Milli suverenlik səlahiyyətləri arasında ölkələrinə hansı xaricilərin hansı şərtlərlə daxil olacağını təyin etmək də var. Viza bu məqsədə xidmət edir. Dövlətin bu səlahiyyəti beynəlxalq hüquq cəhətdən danılmaz faktdır. Dövlətlər suverenlik səlahiyyətlərini öz iradələri ilə məhdudlaşdıra bilərlər. 

Viza müraciətinin rədd edilməsinə etiraz ilk öncə vizanı rədd edən nümayəndəliyə yazılı şəkildə edilməlidir. İstənilən müsbət cavab alınmadığı təqdirdə, etiraz üçün məhkəməyə müraciət oluna bilər. Ancaq vizanın rəddi üçün müraciət olunacaq məhkəmələrin sayı məhduddur. Eyni zamanda ümumillikdə uzun vaxt aparan məhkəmə prosedurunun sonunda məhkəmənin dövlət əleyhinə nəticələnmə ehtimalı da olduqca zəifdir. Digər mühüm məsələ bir dövlətin qanunları viza üçün müraciət edən şəxsə məhkəmə yolunu açıq tutursa, həmin işə müvafiq dövlətin məhkəmələri baxacaq. Buna görə də həmin ölkənin vəkilini tutmaq lazımdır.  

Administratorla əlaqə

077 611-55-22

[email protected]