Ölkə

Neftçi faciəsində şok: uçan estakada ilə bağlı həbslər başlanır - Təcili

20-12-2016, 01:37
Xəbər verildiyi kimi, itkin düşmüş neftçilərlə bağlı cinayət işi başlanıb

Politika.Az-ın əldə etdiyi xəbərə görə, bu faciədə məsuliyyətsizliyi olanların həbs olunacağı gözlənilir. Hazırda istintaq tərəfindən araşdırmalar aparılır. 

Bu hadisədə zərrə qədər günahı olan belə cəzasız qalmayacaq. Estakadanın təmirini həyata keçirməyə məsul şəxslər, cavabdeh adamların məsuliyyətə cəlb olunacağı bildirilir. Əldə etdiyimiz məlumata görə, 10 neftçinin itkin düşməsinə baiskar olanların həbsinə başlanacaq.

Dekabrın 15-də Xəzər dənizində Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsində baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. 

Baş Prokurorluğunun mətbuat xidmətinin məlumata görə, istintaqın aparılması Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılmaqla hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Dekabrın 15-də Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. 

Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. Butkada olan 10 neftçi itkin düşüb. Onlardan indiyədək yalnız birinin cəsədi tapılıb.

Politika.Az xatırladır ki, uçan estakada 1970-ci illərdə tikilib və indiyə kimi xırda təmir işlərini istisna etsək, heç bir əsaslı təmir işi aparılmayıb. 

Onu da qeyd edək ki, bu gün baş verən faciənin ardından Azərbaycan prezidenti İlham Əliyev dərhal müvafiq qurumlara göstəriş verib. SOCAR qəzalı və sovet dövründən qalmış bütün platforma və estakadaların təmir edilməsi barədə ölkə rəhbərliyindən konkret tapşırıq alıb. 

Bu tapşırıqdan bir neçə ay sonra - bu ilin yayında isə SOCAR prezidenti ölkə rəhbərliyinə müsbət yönlü hesabat verib. Qəzalı platformaların təmir edildiyi, artıq belə ağır faciələrin yaşanmayacağı və küləkli havalarda dənizdə işləyən neftçilərin həyatlarının qorunması üçün hər cür önləmin alındığı barədə məruzə ilə çıxış edib. 

Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Qərargah yaradılması qərara alınıb. Yaradılmış Qərargah tərəfindən hadisənin baş verdiyi rayonda hava şəraiti, küləyin, sualtı və suüstü axıntılarının istiqaməti və sürəti təhlil olunaraq, Qərargahda təmsil olunan qurumların sahilboyu, dənizdən və havadan səfərbər olunan qüvvələrlə müəyyən edilmiş koordinatlarda əməliyyatların davam etdirilməsi təmin olunub.

Eyni zamanda adıçəkilən Qərargah tərəfindən xarici bayraq altında üzən gəmilər də daxil olmaqla ərazidə olan bütün gəmilərlə və Xəzəryanı dövlətlərin eyniadlı Milli Mərkəzləri ilə mütəmadi olaraq məlumat mübadiləsi aparılmaqdadır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]