Gündəm

Yaqub Eyyubovun Rusiya sevgisinin pərdəarxası

19-12-2016, 18:19
Yaqub Eyyubovun Rusiya sevgisinin pərdəarxası

Elçin Mirzəbəyli: "Onun və digər şəxslərin bu cür fikirlərində...” 

 


Son illərdə Azərbaycan hökumət üzvlərinin Rusiyanın şəninə təriflər yağdırması az qala, adi hal alıb. Bu da ictimaiyyət daxilində bir sıra müzakirələrə səbəb olur. Son olaraq, baş nazirin 1-ci müavini, Rusiya-Azərbaycan iqtisadi-ticarət məsələləri üzrə hökumətlərarası komissiyasının Azərbaycan tərəfdən həmsədri Yaqub Eyyubov hökumətlərarası komissiyanın Bakıda keçirilən 16-cı iclasında şimal qonşumuzu tərifləyib.


Nazir müavini Rusiyanı regionda təhlükəsizliyin qarantı adlandırıb: "Rusiya çalışır ki, hər yerdə sülh olsun və başqa ölkələrin daxili işlərinə müdaxilə halları baş verməsin. Biz Rusiya ilə münasibətlərə böyük önəm veririk. Ticarət dövriyyəsini artırmaq üçün stimul var. 2014-cü illə müqayisədə ticarət dövriyyəsi kəskin azalıb. Bu isə böhranla bağlıdır, hər yerdə ciddi itkilər müşahidə olunur. Bizdə də devalvasiya baş verib”.

Xatırladaq ki, Y.Eyyubov Rusiyadan "Dostluq” ordeni almış şəxsdir. Ekspertlərə görə, bu cür fikirlərin yüksək rütbəli dövlət məmurları tərəfindən tez-tez səslənməsi Azərbaycan hökumətinin balanslı siyasət yürütməsinin nəticəsidir. 

Politoloq Elçin Mirzəbəyli bildirdi ki, Azərbaycan üçün emosional əhval-ruhiyyə keçərli deyil: "Şübhəsiz ki, həm Rusiya, həm də Azərbaycan tərəfi ikitərəfli görüşlərdə qarışıqlı olaraq bir-birinin ünvanına normal fikirlər səsləndirirlər. Bunun  nə qədər həqiqətə uyğun olub-olunmamasını, eləcə də, səmimi olub-olmamasını müəyyənləşdirmək ictimaiyyətin öhdəsinə qalır. Amma Rusiya böyük dövlətdir, Azərbaycanla qonşudur. Nəinki  region dövlətləri, bir sıra qlobal güclər də bəzi məsələlərdə Rusiya ilə hesablaşırlar. Bu aspektdən mən Yaqub Eyyubov və digər şəxslərin bu cür fikirlərində ciddi bir problem görmürəm. Hesab edirəm ki, dövlət rəsmiləri Rusiya ilə münasibətləri yoluna qoymaq istəyirlərsə, iqtisadi əlaqələrin genişlənməsinə çalışırlarsa, burada ciddi problem olmamalıdır. Rusiyanın Ermənistanla bağlı mövqeyi reallıqdır və yaranmış bir situasiyadır. Problemlərin aradan qaldırılması üçün yəqin Rusiya ilə bu istiqamətdə danışıqlar aparılır. Ekspertlər və siyasi partiyaların rəyləri ilə dövlət rəsmilərinin fikirləri arasında şübhəsiz ki fərq olmalıdır. Çünki dövlətlərarası əlaqələrdə sərgilənən davranışlar münasibətlərə xələl gətirməməlidir. Məsələni bu aspektdən dəyərləndirib, bundan hər hansı bir narahatçılıq keçirmirəm. Azərbaycan bütün qonşuları, o cümlədən, Qərb dövlətləri ilə normal münasibətlər qurmağa çalışır. Bu münasibətlər yönündə müxtəlif addımların atıldığının şahidi oluruq. Ötən həftə müxtəlif ölkələrin yüksək rütbəli dövlət rəsmilərinin Bakı səfərini izlədik. Göründüyü kimi, sfera kifayət qədər genişdir. Bu əlaqələr nə qədər geniş olarsa, bir o qədər ölkəmizin mənafeyinə xeyirdir. Oxşar fikirlər diqqət yetirsəniz, Rusiya tərəfdən də ölkəmizin ünvanına səslənir. Müxtəlif vaxtlarda bunun şahidi olmuşuq. Praktikada bu necə yerinə yetirilir, bu başqa mövzunun söhbətidir. Tələsmədən proseslərin davamını izləmək lazımdır”.

Image result for Elçin Mirzəbəyli

Politoloq bu cür fikirlərin arxasında qonşu dövlətimizə mesajların olduğunu da istisna etmir: "Hər hansı bir fikirdə müəyyən mesaj ola bilər. Azərbaycan Rusiya ilə münasibətlərin normal olmasını arzulayır. Bizim əsas məqsədimiz Dağlıq Qarabağ problemində bu ölkənin ədalətli mövqe nümayiş etdirməsidir. Azərbaycan beynəlxalq hüquq normaları ilə ədalətin bərqərar olmasını arzulayır. Daha geniş aspektdən yanaşanda bu Rusiyanın da mənafeyinə uyğundur. Ermənistanın Rusiyaya verə biləcəklərini, Azərbaycanın bütövlükdə regionda təhlükəsizlik məsələsində oynaya biləcəyi rolu tərəzinin gözünə qoysaq, şübhəsiz ki, Azərbaycan qat-qat üstə gəlir. Yaqub Eyyubov deyir ki, Rusiya regionda təhlükəsizliyin qarantıdır. Prinsip etibarı ilə məsələyə müxtəlif aspektlərdən yanaşmaq olar. Əgər sabitliyin pozulması məsələlərində Rusiya konkret mövqe tutsa, regionda bir münaqişənin alovlanmasını arzulasa, bu istiqamətdə müxtəlif addımlar atsa, o zaman bəzi problemlər yarana bilər. Rusiyanın burada sabitlik mövqeyini sərgiləməsi onu  təhlükəsizliyin qarantı olması anlamına gələ bilər. Amma bu uzunmüddətli və davamlı təhlükəsizlik anlamına gəlmir. Davamlı təhlükəsizlik üçün ilk növbədə, münaqişələrin həllinə ehtiyac var. Düşünürəm ki, bu mesajın içərisində bu amili axtarmaq lazımdır. Yəni Rusiya regionda davamlı sülhü təmin edə bilər. Əgər münaqişəni ədalətli həll etsə, Ermənistanın işğalçılıq siyasətinə son qoyulacaq”.

Cavanşir ABBASLI

Administratorla əlaqə

077 611-55-22

[email protected]