''Nardaran işi''nin şahidi saxlanılıb
DİN mətbuat xidməti: Nardaran sakininin gizlətdiyi silah-sursat tapılıb
Daxili İşlər Nazirliyindən verilən məlumatda qeyd olunur ki, 30 gün müddətində inzibati həbs olunmuş Sabunçu rayonunun Nardaran qəsəbə sakini Fail Şahbazovun qəsəbə ərazisində 1 ədəd nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 1 ədəd "F-1" qumbarası basdırdığı müəyyən edilib. Əməliyyat Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşları tərəfindən aparılıb.
"Həmin silah-sursat basdırıldığı yerdən çıxarılaraq götürülüb", - məlumatda deyilir.
Fail Şahbazov noyabrın 23-də İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi (polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmama) ilə ittiham olunaraq həbs olunmuşdu. O, polis tərəfindən saxlanılarkən vəkil Yalçın İmanov belə demişdi: "Fail Atabala oğlu Şahbazov da daim bu məhkəmə prosesinə ("Nardaran işi"nə) gəlirdi. Bu baxımdan, istisna olunmur ki, o da məhkəməyə gələnlərə qarşı təzyiqlər kontekstində cəzalandırılıb".