Gündəm

Hacıbala Abutalıbov niyə yoxa çıxıb?

17-12-2016, 19:47
Fərəc Quliyev: "Onun yerinə mən olsaydım...”

Hər ilin payız-qış fəsillərində, yağışlı, qarlı günlərdə sosial şəbəkələrin və mətbuatın əsas vazkeçilməz isimlərindən biri Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov olur. Hava şəraiti dəyişən kimi Bakı meri "qəhrəman” olur və onun "qəhrəmanlığı” yaz aylarına qədər davam edir. 

Bütün bunlara səbəb də qış fəslində hava şəraitinin insanlara yaratdığı çətinliklərdir. İctimaiyyət problemlərin kökündə 16 ildir paytaxt meri olan H.Abutalıbovu görür. Hətta iş o yerə çatıb ki, nəqliyyat, qaz və işıq kimi problemlər BŞİH—nə aidiyyəti olmasa da, bu problemlər də hər kəs Bakı merinin izlərini axtarır. 

Virtual aləmdə çoxları onun gülməli fotolarını paylaşır, onu tənqid edir, lakin BŞİH rəhbəri bunların qarşılığında bir dəfə də olsun münasibət bildirmir. Son iki ildə isə demək olar ki, mer qeybə çəkilib. 

Əvvəllər insanların gözü tez-tez H.Abutalıbovu paytaxtın müxtəlif yerlərində görməyə alışmışdı, hətta bəzi hallarda BŞİH rəhbəri əlində bel işgüzar mer obrazı yaradır, bu zaman mətbuata açıqlamalar belə verirdi. Lakin birdən-birə o yoxa çıxdı ki, hələ də onun axtarışında olanlar nəticə qazana bilməyiblər.

H.Abutalıbovun fonunda icra hakimiyyətlərinin seçki yolu ilə formalaşması da gündəmə gəlib. Belə fikirlər var ki, əgər paytaxt meri başda olmaqla, icra hakimiyyətləri seçki yolu ilə müəyyən edilsə, daha effektli olar. 

Əsas tənqid hədəfə olmasına baxmayaraq, paytaxt merini bəzi hallarda müdafiə edənlər də tapılır. Onlar hesab edirlər ki, bütün problemlərdə bir şəxsi hədəf almaq doğru deyil. 

Fərəc Quliyev ile ilgili görsel sonucu

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev bildirdi ki, Hacıbala Abutalıbov əslində, ziyalı, işgüzar bir şəxsdir: "Hacıbala müəllim Bakı meri olandan şəhərdə bir çox dəyişikliklər etdi. İnsanlarla yaxın təmasda oldu, bunu müxtəlif cür dəyərləndirənlər ola bilər. Amma düşünürəm ki, bu doğru deyil. Bakıda bir problem olan zaman hər kəs birinci şəxsi axtarır və düşünür ki, bu problemləri Hacıbala müəllim etməlidir. Əlbəttə təsərrüfatları idarə etmək Bakı merinin işidir. Amma ayrı-ayrı təsərrüfatlar var ki, onun başında duranlar müəyyən nazirliklərə bağlıdırlar. Onlar işləmirlər. Mən dəfələrlə, elə son büdcə müzakirələrində də bildirdim ki, kommunal sektor, əsasən, qaz, işıq, su ilə bağlı olan problemlər mülkiyyət dövlətdə qalmaq şərti ilə özəlləşdirilib ki, bu məsələlər aradan qaldırılsın. Vəsait ayrılır, amma iş görülmür. Prezident sərəncam verdi ki, kanalizasiya sistemi ilə bağlı yenidən bir baxış olsun, müəyyən dəyişikliklər aparılsın. Bu çətinlikləri Hacıbala müəllimin üzərinə yıxmaq da doğru deyil. Bəzi məsələləri yoluna qoymaqda problemlər varsa, bunu gündəmə gətirmək yerinə düşür. İnsanların Bakı merini bu qədər hədəf seçmələrində hansı sahələrin hansı qurumlara aid olmasını bilməmələri də var. Amma insanların nəhayət Bakı meri şəhərdəki bu problemlərə əl qoysun kimi istəkləri də var. Bəzi strukturlar var ki, müəyyən nazirliklərə tabedir və problemlərin bəzilərində onlar məsuliyyət daşıyırlar”.

Deputat Bakı merinin mətbuatdan uzaq olması ilə bağlı sualımıza belə cavab verdi: "Bunu artıq Hacıbala müəllimin özündən soruşmaq lazımdır. Amma onun yerinə mən olsaydım, mətbuatla yaxın təmasda olardım. Çatışmamazlıqları deyərəm, hansı problemləri aradan qaldırmağın mümkün olub-olmamasını deyərdim. Cəmiyyət bunları daha çox sevir. Məsələn, deyə bilərəm ki, bu problemlər var, amma həll edə bilmirəm. Deputat kimi mənə belə müraciətlər çox olur. Görürəm ki, bir problemi həll edə bilmərəm, yaxud buna gücüm çatmır, o zaman digər hansısa problemi həll edə biləcəyimi deyirəm, amma onların dediklərini həll edə bilməyəcəyimi də açıq şəkildə söyləyirəm. İnsanlar bunu sevirlər, nəinki yalan danışmağı. İnsanlar problemlərindən qaçanları sevmirlər. Jurnalistlərə qucaq açmaq, onların suallarını cavablandırmaq, onlardan çəkinməkdən daha effektlidir”.

Partiya sədri Bakı merinin seçkilərlə müəyyənləşməsinin vacibliyini də vurğuladı: "İdarəetmə ilə bağlı dəfələrlə parlamentdə məsələ qaldırmışam ki, ümumiyyətlə, bələdiyyələrin statusları artırılmalı, bu indiki icra hakimiyyətlərinin səlahiyyətlərinin və hüquqlarının azaldılması hesabına olmalıdır. Tədricən icra hakimiyyətləri ləğv olunmalı, səlahiyyətlər bələdiyyələrə keçməlidir. Yerli idarəetmə bələdiyyələrdə olarsa, həm hüquq, həm də vəzifə bölgüsü olacaq. Seçkilərlə olanda insanlar hesablaşmaq məcburiyyətində qalırlar, amma təyinatla olanda hesablaşmırlar. Qonşu dövlətlərin təcrübəsində var ki, böyük şəhərlərdə merlər formalaşanda daha effektli işlər görə bilirlər. Bunu istənilən halda daha effektli sayıram. Düşünürəm ki, tədricən icra hakimiyyətlərinin ləğv olunub, seçkili orqanların səlahiyyətlərinin artırılması daha effektli olar”.


Cavanşir ABBASLI

Administratorla əlaqə

077 611-55-22

[email protected]