Ölkə

Qaçqınkom körpələrə yemək pulunu da çox gördü: “Cənab prezident, aclıq başlanır” - Fakt

8-12-2016, 00:51
Azərbaycanda 2017-ci il yanvarın 1-dən etibarən doğulmuş məcburi köçkün uşaqlarına yemək xərci üçün aylıq müavinət verilməyəcək

Politika.Az xəbər verir ki, bununla bağlı "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”a dəyişikliyin müvafiq hissəsi bu ayın sonundan tətbiq olunacaq.

Dəyişikliklə bağlı sənədi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov imzalayıb. Sənədə əsasən, 2016-cı il 31 dekabr tarixindən sonra doğulmuş məcburi köçkün uşaqlarına yemək xərci üçün aylıq müavinət verilməyəcək. 

Politika.Az xəbər verir ki, bununla da komitə sədri köçkünlərin körpələrinə ayrılan yemək pulunu da kəsdi. Hökumət uşaq pulunu onsuz da vermirdi. Bu dəfə yurd-yuvasından didərgin düşən qaçqınların uşaqlarına yemək pulunu da çox gördü. 

Dövlət dəstəyi həmin ailələrə böyük bir kömək olacaqdı. Çünki uşağı olacaq ailələr arasında işsizi, aztəminatlısı, maaşı aşağı olanlar var. Üstəlik, həm kommunal, həm ərzaq bahalaşması gedir. Bundan əlavə, uşağın bezinin, qidalarının pulu dəhşətli dərəcədə bahadır. 

Belə vaxtda müavinətin dayandırılması heç də adekvat qərar deyil. Hər tərəfdən iqtisadi blokada və sanksiya ilə üzləşən əhalinin vəziyyəti çətinləşməkdədir. Ölkəyə idxal olunan uşaq yeməklərinin qiymətində artım qeydə alınıb. Məlumata görə, mağazalarda "Hipp”, "Heinse”, "Nutrlak”, "Nutrlon” qidaları bahalaşıb. 

Hər gün minlərlə ailənin istifadə etdiyi uşaq yeməkləri insanların ən yaralı yeridir. Əsasən də gənc ailələr bu qidaları almaqda maddi cəhətdən çətinlik çəkir. 

Politika.Az xatırladır ki, dəyişikliklə Azərbaycanın məhkəmə orqanlarına hakim təyin olunan, habelə kommersiya hüquqi şəxsi kimi dövlət qeydiyyatına alınmış sahibkarlıq fəaliyyəti ilə məşğul olan məcburi köçkünlərə, hüquq-mühafizə orqanlarında xidmət (qulluq) edən zabitlərə, dövlət təminatında olan məcburi köçkünlərə (həqiqi hərbi xidmətdə olan, məhkəmənin hökmü əsasında azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərə həmin müddət başa çatanadək), məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan 3 il müddətində əvvəlki yaşayış yerinə geri qayıtmış və ya qayıtmamış şəxslərə aylıq yemək xərci üçün verilən müavinət dayandırılıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]