Siyasət

Putin erməni müdafiə nazirini Moskvaya çağırdı – motiv...

23-11-2016, 13:21

"Ermənistana "İsgəndər”lər ona görə verilib ki...” - Qərb nəşrindən sensasion iddia 

 

Rusiya Güney Qafqazdakı yeganə forpostu Ermənistanı dirçəltməkdə davam edir. Xüsusən də aprel döyüşlərində üzləşdiyi acınacaqlı məğlubiyyətdən sonra Kremlin öz müttəfiqinə yeni və müasir silahlar, o sırada "İsgəndər” operativ-taktiki raket sistemləri və "Smerç”lər verməsi diqqət çəkməyə bilməz. 

Az öncə isə Rusiya prezidenti Vladimir Putinin işğalçı ölkə ilə ortaq hərbi qruplaşma (ordu) yaratmaq barədə sərəncam imzalayıb. Rəsmi məlumatlara görə, bir neçə gündən sonra Ermənistanın müdafiə naziri Viqen Sərkisyan məhz ortaq ordu ilə bağlı sənədi imzalamaq üçün Moskvaya gedəcək. Böyük ehtimalla, onun həmkarı Sergey Şoyqu ilə, Putinin iştirakı ilə nümayişkaranə şəkildə imzalanma mərasimi olacaq.  

Beləcə, faktiki iki işğalçı dövlət - Rusiya və Ermənistan arasında hərbi-əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə adlamaq üzrədir - hansı ki, haqlı olaraq ən əvvəl Azərbaycanda narahatlıq doğurmaya bilməz. Çünki əksər yerli və xarici analitiklərə görə, proseslərin bu məcrada inkişafı bölgə və Qarabağ məsələsi üçün yaxşı heç nə vəd eləmir. O səbəbə ki, arxasında Rusiyanın güclü siyasi-hərbi dəstəyini hiss edən İrəvan Qarabağ məsələsində daha güzəştsiz mövqeyə, bütövlükdə regionda isə radikal davranışa köklənəcək - hansı ki, artıq müşahidə olunur. 

Image result for Putin Sarkisyan

Halbuki aprel döyüşlərindən sonra öz qarşısında sanballı hərbi güc görmüş Ermənistanın, nəhayət, konstruktiv mövqe tutacağı ehtimalı xeyli artmışdı. Yetərdi ki, Moskva ona azacıq təzyiq eləsin. Ancaq bu qəbildən heç bir təzyiq-təhdid olmadı. Belə qənaət hasil olur ki, Moskva İrəvanın konstruktivliyində son anda maraqlı olmayıb. Tək səbəb də bu ola bilər ki, Kremlin Azərbaycandan istədiyi güzəştlərə rəsmi Bakı razı olmayıb. 

*****
Bu arada ABŞ-dakı nüfuzlu "The National İnterst” nəşri Ermənistana "İsgəndər M” raket komplekslərinin verilməsi ilə bağlı sensasion sayılacaq iddia ilə çıxış edib. Nəşr yazıb ki, işğalçı ölkə ərazisində peyda olan "İsgəndər M”lər nüvə silahıdır və bu fakt belə bir ehtimala əsas yaradır ki, Ermənistan bundan istifadə edib atom silahı əldə eləmək imkanlarını artıra bilər.

Image result for İsgəndər Ermənistan

Məqalə müəllifi - Corctaun Universitetinin konfliktlərin həlli sahəsi üzrə magistrı Sebastyan Roblin bu xüsusda yazır: "Nüvə başlıları da daşıya biləcək ”İsgəndər" raket komplekslərinin Ermənistana tədarükü faktı, ilk baxışda nə qədər absurd görünsə də, belə düşünməyə əsas verir ki, üç milyonluq əhalisi olan ölkənin nüvə silahı yaratmaq imkanları arta bilər. Bu isə narahatlıq üçün ciddi əsaslar yaradır. Həm də o səbəbə ki, Ermənistanda artıq Metsamor AES-i fəaliyyət göstərir. Bu AES-in personalı müvafiq sahə üzrə hazırlıq keçib. Bundan əlavə, son illər ölkədən qaçaqmalçılıq yolu ilə uran çıxarmağa çalışan böyük sayda erməninin həbsi də narahatlıq yaradır".

Nəşr daha sonra Ermənistanın sabiq baş naziri Qrant Baqratyanın aprel döyüşlərinsən az sonra - aprelin 29-da verdiyi açıqlamasını yada salaraq yazır: "Həmin açıqlamadan belə qənaət hasil olur ki, Ermənistan ya artıq nüvə silahına, ya da onun yaradılması imkanlarına malikdir. Ola bilsin, bunlar elə hədə olaraq qalsın. Lakin atom bombası hazırlamaq üçün real səyləri də nəzərdə tuta bilər - baxmayaraq ki, Ermənistan nüvə silahının yayılması haqda müqavilənin iştirakçısıdır. Ən uzağı, Ermənistanın radioaktiv ”çirkli bomba" yaratması mümkün görünür - xüsusən də əgər o, bu cür bombanın tətbiqi üçün "İsgəndər”lərdən istifadə eləmək fikrinə düşərsə".

Amerikalı ekspert hesab edir ki, bu kimi planlar Dağlıq Qarabağ probleminin gələcəkdə nizamlanması üçün yaxşı heç nə vəd eləmir: "Ötən ay ”The World Past"un dərc elədiyi məqaləyə əsasən, Gürcüstana radioaktiv material keçirmək istəyən, lakin həbs olunan ermənilərin sayı son iki ildə artıb. Bu isə nüvə silahının yayılmaması və təhlükəsizlik sahəsi üzrə ABŞ və başqa ölkələrdəki ekspertlərdə həyəcan doğurub. Məsələ həm də ondadır ki, dənizə çıxışı olmayan ermənilər Gürcüstandan Qara dəniz limanlarına çıxış üçün istifadə edirlər - ki, nüvə materiallarını Yaxın Şərqə və ya hansısa başqa yerə aparsınlar. 2014-cü ildən etibarən "The World Past” bu kimi fəaliyyətlə məşğul olan 8 erməninin həbsi barədə məlumat verib. 2016-cı ilin yanvarında isə "Sezium-137" radioaktiv maddəsini sərhəddən çıxarmaq cəhdinə görə 3 erməni tutulub. 2014-cü ilin avqustunda eyni səbəbdən 2 erməni həbs edilmişdi”.

Image result for Metsamor AES

Məqalədə Metsamor AES haqda da qeydlər var: "Bu AES 1970-ci illərdə tikilməyə başlayıb. 1988-ci ildə Spitakdakı dağıdıcı zəlzələdən sonra o qapadılıb. Ancaq 1995-ci ildə beynəlxalq etirazlara rəğmən, fəaliyyəti yenidən bərpa edilib və üstəlik, ikinci reaktor istifadəyə verilib. Regionun bütün ekoloqları və alimlərinin fikrincə isə, bölgənin yüksək seysmik aktivliyi Metsamor AES-in istismarını olduqca təhlükəli edir - hətta yeni tip reaktor tikilsə belə...”

***** 

Bütün hallarda Azərbaycan əlbəttə ki, düşmən ölkədən qaynaqlanan bu və başqa yeni təhdidləri ciddiyə alır və alacaq. Yaxşı ki, onları neytrallaşdırmaq üçün ölkəmizin imkanları, cavab xarakterli addımlar atmaq potensialı məhdud deyil. Hərbi və siyasi təhlilçilərə görə, bundan ötrü Azərbaycan ilk növbədə nüvə silahı olan yeganə müttəfiqi Pakistanla, habelə İsrail və Türkiyə ilə hərbi və hərbi texniki əməkdaşlığı ən yüksək səviyyəyə qaldırmalı, işğal zonasına yaxın ərazilərdə genişmiqyaslı təlimləri çoxaltmalıdır. 

"Əgər kimsə Rusiyada düşünürsə ki, ermənilərə nümayişkaranə şəkildə hərbi dəstək verməklə Bakını İrəvan və Moskvanın istəyinə uyğun güzəştlərə məcbur eləmək olar, o zaman o, dərindən yanılır”, - deyə azərbaycanlı tanınmış politoloqlardan biri Rusiya-Ermənistan hərbi əlaqələrinin mövcud durumunu şərh edərkən bildirib... 

Analitik xidmət 

Administratorla əlaqə

077 611-55-22

[email protected]