Siyasət

Donald Tramp 100 günlük planı açıqladı - yeni prezident lobbiçilərə müharibə elan etdi (VİDEO)

23-11-2016, 00:37
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp prezidentliyinin ilk 100 günündə həyata keçirəcəyi planı açıqlayıb.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, planda hələ ki, Trampın planında Meksika ilə sərhəddə divar hörülməsi kimi əvvəllər söylədiyi skandal vədlər yer almayıb. 
Bununla bərabər, Tramp gözlənilmədən Rusiyadan gələn haker təhdidlərinə işarə vurub, lobbistləri isə həbslə hədələyib.

Hər halda Trampın bəyanatından ABŞ-ın indidən böyük dəyişikliklər astanasında olduğunu söyləmək mümkündür.

Donald Tramp öz planını youtube-da yerləşdirilən 2 dəqiqəlik video ilə izah edib:


Trampın sözlərinə görə, onun müşavirləri  plan üzərində çalışarkən "Amerika hər  şeydən öncə gəlir” prinsipini rəhbər tutublar.

"Metal əldə olunması, avtomobillərin istehsalı, xəstəliklərin müalicə edilməsi- mən innovasiyaların növbəti nəslinin məhz burada, bizim böyük vətənimizdə, Amerikada inkişaf etməsini istəyirəm”, yeni prezident bəyan edib.

Trampın bəyanından göründüyü kimi, respublikaçı prezident Barak Obamanın siyasətini ciddi surətdə təftiş etmək niyyətindədir.

Qalib prezidentin açıqladığı ilk addım ABŞ-ın Trans Sakit Okean üzrə danışıqlardan çəkilməsi ilə bağlı olacaq. Bu müqavilə ABŞ-ın Uzaq Şərq ölkələri ilə birlikdə, Çinin regionda təsirinə qarşı özünə məxsus iqtisadi cəbhə yaratması məqsədini güdürdü.
Tramp dəfələrlə ABŞ şirkətlərinin xaricə, əsasən də Cənub-Şərqi Asiya ölkələrinə üz tutmasının ölkə daxili işsizlik üçün əsas problem olduğunu ifadə edib.

Qeyd olunur ki,  Obama administrasiyası Trampı Trans Sakit Okean müqaviləsindən imtina etməməsi üçün dilə tutmağa çalışır. Lakin yeni prezident daxili istehsalı qorumaq üçün Çinlə iqtisadi rəqbət aparmaqdan imtina edir.

Картинки по запросу donald trump

Bunun yerinə yeni administrasiya ABŞ-ın partnyorlarına iki tərəfli müzakirələrin intensivliyinin artırılmasını təklif edir.

Ekspertlərin rəyincə Trampın bu tip izolyasiya siyasəti əslində həm Çinə, həm də Rusiyaya sərf edir. Çünki ABŞ-ın beynəlxalq təşkilatlardan məhz hər iki ölkəyə təzyiq vasitəsi kimi istifadə etdiyi heç kimə sirr deyil.

Lakin digər tərəfdən Rusiya ABŞ-la bir çox məsələləri müzakirə edilməsində istifadə olunan əlaqə bağlarını da itirə bilər. Siyasi analitiklərin fikrincə, bu ABŞ-a bir çox məsələlərdə razılaşdırılmayan addımlar atmaqda böyük sərbəstlik verir.

Tramp ABŞ-da iş yerlərinin qorunması ilə bağlı bir sıra təkliflərini də açıqlayıb.
Bunlar, Obama dövründə tətbiq olunan, kömür mədənlərində ekoloji məhduddiyyətlər, habelə texniki reqlamentlərin aradan qaldırılması ilə bağlıdır.

Tramp ölkədə infrastrukturun yaxşılaşdırılması üçün böyük vəsaitlər ayrılacağını bəyan edib.

Yeni prezident əsas kreditlərin  infrastruktur layihələr üzrə çalışan tikinti şirkətlərinə veriləcəyini bildirib. 

Trampın bu sözlərinə ən sərt tənqid demokrat senator, prezident seçkilərində Hillari Klintonun partiyadaxili rəqibi olmuş senator Berni Sandersdən gəlib. O, seçilmiş prezidentin yalnız iri korporasiyaların əlinə oynadığını söyləyib.

Lakin nə qədər qəribə gəlsə də, Trampın vədlərindən biri Amerikanın sosialist senatorunun tələblərindən biri ilə üst-üstə düşür.

Tramp korporasiyaların keçmiş işçilərinin lobbiçi kimi fəaliyyət göstərməsinin, gələcəkdə isə onların ümumiyyətlə xarici təşkilatlarda çalışmasının qarşısını almağı düşünür.
Donald Tramp özünün ən böyük vədlərindən birinə, miqrasiya məsələsinə də toxunub. O, Meksika ilə divar hörüləcəyindən danışmasa da bu problemlə bağlı Əmək nazirliyinə müvafiq göstərişlər verəcəyini söyləyib.

Картинки по запросу Obamacare

Yeni prezident seçkiqabağı platformalarda ləğv etməyə söz verdiyi ABŞ-da "Obamacare” olaraq tanınan tibbi sığorta sisteminin taleyi barədə də susmağa üstünlük verib. 

Trampın ilk yüz gündə üzərində çalışacağı mövzulardan biri də ABŞ-ın kiber hücumlardan qorunması ilə bağlı olub. Nə qədər qəribə olsa da,  yeni prezident seçkidə əsas rəqibi Hillari Klintonun bu problemlə bağlı qayğı və narahatlığını bölüşüb.

Donald Tramp bununla bağlı xüsusi proqram işlənib hazırlanacağını bəyan edib. Onun sözlərinə görə bu proqram ABŞ Müdafiə nazirliyi tərəfindən tərtib olunacaq.
Ekspertlərin rəyinə görə Trampın açıqladığı tədbirlər planı olduqca real əsaslara söykənib. Onlara görə Tramp populist deyil, əsl prezident olduğunu göstərmək istəyir.
Lakin qalib prezident öz proqramını qanunverici orqanla, yəni Nümayəndələr Palatası və Senatla  da uzlaşdırmaq məcburiyyətindədir.

Doğrudur son seçkilərin nəticəsi olaraq respublikaçılar hər iki palatada üstünlük təşkil edirlər.

Lakin Trampa qarşı həm Nümayəndələr Palatasında , həm də Senatda  onsuz da rəsmi müxalifət mövqeyində olan Demokrat partiyasından əlavə, onu sevməyən bir çox respublikaçı qanunverici də  var.

Vaqif Hüseyn, 

Administratorla əlaqə

077 611-55-22

[email protected]