İqtisadiyyat

"Dotasiyalar hesabına yaşayan səhmdar cəmiyyətlər qiymətləri qaldıracaq" - Açıqlama

23-11-2016, 00:24
"Dotasiyalar hesabına yaşayan səhmdar cəmiyyətlər qiymətləri qaldıracaq" - Açıqlama

"Azəristiliktəchizat" ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev istilik xidmətlərinin qiymətinin artacağını söyləyib.

ASC rəsmisinin sözlərinə görə, bu addım istilik təhcizatının fəaliyyətinin sağlamlaşdırılmasına xidmət edəcək ki, idarə zərərlə işləməsin və tədricən gəlir gətirən təşkilata çevrilsin. 

Nəzərə alsaq ki, Azərbaycanda bir çox kommunal xidmətlər zərərlə işləyir və dövlət büdcəsindən asılıdır. Belə olan halda digər kommunal xidmətlərin qiymətlərində artım olacaqmı? Kommunal xidmətlərin dövlət büdcəsindən asılı olmaması üçün dövlət nə etməlidir?

İqtisadçı ekspert Qalib Toğrul Qaynarinfo.Az-a açıqlamasında bildirdi ki, varlıqlarını dövlətdən aldığı dotasiyaların hesabına sürdürən səhmdar cəmiyyətlər kommunal xidmətlərin qiymətini artıracaq:

"İndiki halda vəziyyətdən çıxış yollarından biri də həmin xidmətlərin qiymətlərinin artırılmasıdır. Çünki büdcədən maliyyələşmək üçün vəsait yoxdur. Ancaq təəssüf ki, bizdə islahatlar adı altında bəzi yalnış addımlar atılır. Bəzi xidmətlərdən imtina edilməlidir, özəl sektora verilməlidir, amma əksinə olur. Məsələn, sosial mənzilləri nümunə kimi göstərə bilərik. Yenidən ayrıca səhimdar cəmiyyət yaradıldı, onun tərkibində MMC yaradıldı. Bunların hamısı da dövlətə məxsusdur. Mən təklif edirəm ki, bütün kommunal xidmət göstərən müəssisələri özəl sektora verilsin. Dövlət tender elan edir, həmin sektora investisiya qoymağı öz öhdəsinə götürən şirkətlərə kommunal xidmətləri həvalə edir. Biz bunu Barmekin timsalında bir dəfə yaşamışıq. İndiki vəziyyətdə qiymətlərin artırılması çıxış yolu deyil". 

Ekspertin fikirincə, bu addım sosial gərginliyin artmasına gətirib çıxaracaq:"Çıxış yolu isə dövlətin tabeçiliyində olan kommunal xidmət göstərən müəssisələr, səhmdar cəmiyyətlər özəl sektorlara verilsin. Azərenerji, Azərsu – bunların hamısı dövlət büdcəsindən asılı, dotasiyadan asılı dövlət səhmdar cəmiyyətləridir. Bunların hamısı öz varlıqlarını dövlətdən aldığı datasiyaların hesabına sürdürüblər. Bu səhmdar cəmiyyətlərin idarə olunmasında nə koorperativ idarəetmə standartları tətbiq olunub, nə şəffaflıq var, nə də hesabatlılıq. 

Ona görə də, onların maliyyə vəziyyətləri necədir, nə qədər dotasiyadan asılıdırlar, bunu müəyyən etmək mümkün deyil. İndiki durumda isə büdcədən dotasiyaların verilməsi mümkün deyil, islahatlar istiqamətində uğurlu addım yoxdur. Yeganə yol qalır, qiymətlərin qaldırıması. Bu da son nəticədə istehlakçının vəziyyətini ağırlaşdıracaq, sosial gərginliyi artıracaq".

Pərvin Zeynal

Administratorla əlaqə

077 611-55-22

[email protected]