Siyasət

Trampın komandasında Rusiyaya qarşı olanlar çoxluqda

21-11-2016, 02:39
Elxan Şahinoğlu: "O, çox mürəkkəb bir komanda formalaşdırır və doğru edir”

ABŞ-ın yeni seçilmiş 45-ci prezidenti Donald Tramp hakimiyyət komandasını formalaşdırmağa başlayıb. Həmin komanda ilə bağlı tam konkretlik olmasa da, ehtimallar səslənsə də, artıq bəzi məqamlar dəqiq bəllidir. 

Belə ki, 70 yaşlı milyarder prezidentin administrasiyasında Nyut Qinqriç, Bob Korker, Con Bolton, Ceff Seşns, Stiven Hedli, Maykl Flinn, Rudolf Culiani, Kris Kristi, Uilbur Ross, Mit Romni və Ben Karsoun yer alacaqları artıq şübhə doğurmur. Məlumata görə, Trampın katibi və müşaviri vəzifələrinə namizədlər əsasən onun yaxın ətrafındakı şəxslərdir. Bunlar Alabama ştatının senatoru, siyasi məsələlər üzrə müşavir Cef Sessions, biznesmen Stiven Muçin, Nyu-Yorkun keçmiş meri Rudolf Culian, Nyu-Yorkun qubernatoru Kris Kristi və Nümayəndələr Palatasının keçmiş spikeri Nyut Qinqriç və digərləridir.

D.Tramp dövlət katibi vəzifəsinə isə 2012-ci ildə prezidentliyə respublikaçıların namizədi olub seçkini uduzan Mitt Romnini təyin edəcək. İki gün əvvəl Tramp Rominini qəbul edib və müzakirə aparıb. Romni Rusiyaya qarşı sərt mövqedən çıxış edir. O, Rusiyanı ABŞ-ın "geopolitik düşəməni” adlandırır. Maraqlıdır ki, Trampın komandasında müdafiə naziri olacağı deyilən Ceff Seşns də Rusiyaya qarşı sərt mövqeyi ilə tanınan fiqurdur. 

Картинки по запросу elxan şahinoğlu

Politoloq Elxan Şahinoğlu "Yeni Müsavat”a şərhində bildirdi ki, Tramp çox mürəkkəb bir komanda formalaşdırır: "Amerika kimi dövlətdə vahid mövqeli komanda müəyyənləşdirmək çox çətindir. İstənilən prezidentlərin dönəmində komandalarda hər zaman fikir ayrılıqları olub. Bu, Reyqanın da, Corc Buşun da dövründə olub. Corc Buşun zamanında hətta komanda iki hissəyə bölünmüşdü. Bir hissə deyib ki, İraqda əməliyyatlar lazımdır, bir hissə isə buna qarşı çıxıb. Belə vəziyyətlərdə prezident üçün qərar vermək də çətin olur. Eləcə də indi Trampın komandasına diqqət etdikdə fərqli mövqedə olan insanlardan ibarət olduğu görünür. Heyətə baxıram, mili təhlükəsizlik üzrə müşavir olacaq şəxs Rusiya ilə münasibətlərin normallaşması tərəfdarı kimi çıxış edir. Amma Pentaqona, Mərkəzi Kəşfiyyat İdarəsinə rəhbər, digər müşavir postlarına daha çox mühafizəkarlar gətirilir. Onlar Rusiyaya qarşı siyasətin ümumiyyətlə sərtləşdirilməsini tələb edirlər. Belə halda prezident Trampa qərar vermək çox çətin olacaq. Özü çox da ki, Putinlə dostlaşacağını deyib, komandanın mövqeyini də nəzərə almalı olacaq. Komandada mühafizəkarlar çoxluq təşkil edəcəksə, Trampın onların mövqeyini gözardı etməsi çox çətin olacaq. Çünki göz ardı edərsə, komanda dağıla bilər. Mühafizəkarların dinləyib milli təhlükəsizlik üzrə müşavirinin mövqeyini diqqətə almayanda isə müşavir istefaya gedə bilər ki, bu piramidanın dağılmasına yol aça bilər. Ona görə də Trampın kabineti bu şəkildə formalaşdırması maraq doğurmaya bilmir. Tramp belə bir kabineti formalaşdırmaqla ciddi çətinliklərlə üzləşə bilər. Amma başqa çarəsi də yoxdur, çünki komandanı eyni tip adamlardan formalaşdırmaq mümkün deyil”.

Ekspertin sözlərinə görə, ABŞ-da demokratiya o səviyyədədir ki, bir partiyanın özündə belə, bəzən vahid xətt olmur: "Amerikada üzvü prezidentdirsə belə, partiya həmin prezidentin mövqeyinin əleyhinə olan bir qanuna, səs verə bilir. Respublikaçılar Partiyası prezidentlik institutunu ələ keçirməklə yanaşı Konqresdə də üstünlük qazanıblarsa, bu, o demək deyil ki, Trampın bütün qərarları çox asanlıqla Konqresdən keçəcək. Orada hətta bəzən demokratlarla respublikaçılar vahid mövqedən çıxış edirlər. Bu da prezidentlərin işini çətinləşdirir. Prezident düşünmür ki, mənim partiyadaşların Konqresdə üstünlükdədirlərsə, mən istədiyim qərarı oradan keçirə bilərəm. Ona görə də prezidentə fəaliyyət göstərmək çətinləşir. Hər şey Trampın özündən, verəcəyi qərarlardan asılıdır, amma yenə də müşavirlərin, Mərkəzi Kəşfiyyat İdarəsinin, Pentaqonun, Dövlət Departamentinin rəhbərinin də fikirlərini gözardı edə bilməz. Komandanın siyahısında qatı mühafizəkarlar da, sadəcə, mühafizəkarlar da, bir qədər liberal görüşlü insanlar da var. İndi bu üç istiqamət arasında prezident ortaq məxrəc tapmalıdır”.

"Tramp bunu bilə-bilə nədən belə bir komanda formalaşdırır?” sualına E.Şahinoğlu bu cür cavab verdi:"Bunun özü də ABŞ demokratiyasının ənənəsindən irəli gəlir. Komandanı yalnız mühafizəkarlardan və ya yalnız liberallardan təşkil etmək ənənəsi yoxdur, balans olmalıdır. Müxtəlif fikirlər olmalıdır ki, müzakirələr getsin və doğrunun nə olduğunu prezident özü görə bilsin. Amerikada prezidentlər müşavirləri ilə, dövlət institutunun rəhbərləri ilə məsləhətləşərək qərarlar verirlər. Tramp ağıllı bir iş adamı kimi adamları bir-bir seçib və çox da güclü fiqurlar seçib. Amma baxışlarında fərqlər var. Mit Romninin dövlət katibi gətirilməsi bir qədər suallar yaradır. Çünki Romni seçki kampaniyası zamanı Trampa qarşı çox kəskin çıxışlar etmişdi. Tramp isə onu güclü fiqur hesab etdiyi üçün Romnini dövlət katibi vəzifəsinə gətirmək istəyir”.

"Müdafiə naziri postuna Rusiyaya qarşı sərt mövqeyi ilə tanınan şəxsin namizədliyinin verilməsi onu deməyə əsas verirmi Trampın dövründə də Rusiya münasibətlərdə sərt xətt yürüdülməsi planı mövcuddur” sualını isə politoloq belə cavablandırdı: "Müdafiə naziri bütün hallarda mühafizəkar görüşlü adam olmalıdır. Bu, bütün ölkələrdə belədir. Müdafiə naziri sülhpərvər ola bilməz. İkincisi, Tramp özü də başa düşür ki, Rusiya ilə dost olmaq siyasəti ABŞ-ın milli və təhlükəsizlik maraqlarına zidd ola, ABŞ-ın zəiflədə bilər. Tramp da bilir ki, gücü olmasa dünyada heç kim ABŞ-la hesablaşmayacaq. Ona görə də hesab edir ki, özü Rusiya ilə dostluqdan çıxış edirsə, heç olmasa müdafiə naziri Rusiya ilə əleyhinə köklənmiş biri olsun, sabah qərar verəndə əsaslandırmaq mümkün olsun. Tramp doğru qərar verib”. 

Etibar SEYİDAĞA

Administratorla əlaqə

077 611-55-22

[email protected]