Gündəm

Putindən “dostluq” medalı alanlar niyə susur?

17-11-2016, 14:46

Rusiya Ermənistanı rəsmən himayəsinə götürür

Uzun illərdi Azərbaycan hakimiyyəti ölkədə və dünyada "ermənipərəst qüvvə” axtarışına çıxıb. Amma zaman göstərdi ki, hakimiyyətin bütün təbliğatı kimi "erməni” təbliğatı da imitasiyadır. Saxta vətənpərvərlik, saxta Qarabağ sevgisi arxasında gizlənməklə məşğul olublar. Reallıq budur ki, ən böyük ermənipərəst ölkə Rusiyadır və bunu açıq şəkildə ifadə edir. Ermənistan 20 faiz Azərbaycan ərazisini məhz Rusiyanın sayəsində əlində saxlayıb. Birmənalı şəkildə bu ölkəyə maddi, mənəvi, siyasi dəstək verib.

Azərbaycan hökuməti isə Rusiyanın bu addımlarını həmişə alqışla qarşılayıb. Ən yaxşı halda susmağa üstünlük veriblər, ya da Rusiyanın ermənipərəstliyini gizlətmək üçün Qərb əleyhinə kampaniya aparıblar.

İndi də məlum olur ki, Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyası və Ermənistan arasında Silahlı Qüvvələrin birləşdirilmş qrupunun yaradılması ilə bağlı sərəncam imzalayıb. Layihəyə əsasən, Rusiya və Ermənistan "Qafqaz regionunda tərəflərin təhlükəsizliyini təmin etmək məqsədilə” iki ölkənin Silahlı Qüvvələrinin silahlı hücuma adekvat cavab verə biləcək birgə qruplaşması yaradılmalıdır.

Bəli, növbəti dəfə Rusiya Ermənistanı öz himayəsinə götürür və bunu rəsmən öhdəlik halına gətirir. Bu həm də Azərbaycana mesajdır ki, müharibə başladığı təqdirdə, Rusiya Ermənistanı məcburi formada dəstəkləyəcək.

Əvvəla, onu qeyd edək ki, Rusiya ATƏT-in Minsk qrupunun üzvüdür. Yəni, münaqişənin həlli istiqamətində iş aparan qurumda təmsil olunur. Amma ATƏT-in Minsk qrupunun üzvü olan bu ölkə faktiki olaraq tərəf kimi çıxış edir. Bütün dünyaya göstərir ki, Ermənistanın müdafiəçisi, himayədarı mənəm.

Azərbaycan hökumətinin təmsilçiləri isə ard-arda Rusiyadan "Dostluq” ordeni qəbul edir. Hökumət komandasında çox az adam var ki, Putinni medalını sinəsinə taxmamış olsun. Belə çıxır ki, Rusiyanın Ermənistanı silahlandırması, orduları birləşdirmək cəhdi, qondarma erməni soyqırımını tanıması Azərbaycanla dostluğun əlamətidir. Deməli, Azərbaycan hökuməti Rusiyanın bu əməllərindən məmnundur ki, Rusiyanın aşırı erməni sevgisinə etiraz etmir.

Bir tərəfdən Azərbyacanın ərazibütövlüyünü dəstəkləyən  Avropanı, ABŞ-ı  düşmən elan ediblər, o biri tərəfdən dost hesab etdikləri ölkə düşmənə qucaq açıb. Bəli, 23 illik sülh diplomatiyası buxarlanıb. Hər gün bir daha aydın olur ki, sülh danışıqları, müxtəlif paytaxtlarda keçirilən görüşlər  görüntüdür, daxili auditoriyaya hesablanıb.

Əgər hökumətin böyük qardaşı Ermənistanla orduları birləşdirmək qərarına gəlirsə, bu, işğalçıya yeni imkanlar tanımaqdır.

Yenə də vətənşüvənlərin səsi çıxmır. Ermənipərəst axtarışına çıxan hökumət komandası susur. Rusiyanın bu addımına etiraz olaraq  "dostluq” ordenindən imtina edənlər gözə dəymir.  Eyni sərəncamı Merkel, Obama və digrələri  vermiş olsaydı, indi AzTv-lər, rejim mətbuatı həyəcan təbili çalırdı. Deputatlar Qarabağ deyib, milli maraqlar deyib şüvən qoparardılar.

Amma söhbət Rusiyadan gedəndə, milli maraqlar arxa plana keçir. Səbəb budur ki, hökumət üçün həqiqi ermənipərəstlər heç vaxt  düşmən siyahısında olmayıb. Erməni soyqırımını tanıyan ölkələrdə xeyriyyə işləri görülüb, ermənipərəst siyasətçilərlə xoş münasibətlər qurulub.

Bir sözlə, Rusiya növbəti dəfə ermənilərə əl uzadır və Qarabağ məsələsi növbəti dəfə quyunun dibinə düşür. Hökumət isə yalnız xalqın cibinə girməyin yollarını axtarmağa köklənib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]