İslam

Həyat yoldaşının sayəsində behiştə yol tapan səhabə

16-10-2016, 00:58
Həyat yoldaşının sayəsində behiştə yol tapan səhabə   Aşura günü zöhr namazı qılındıqdan sonra İmam Hüseynin (ə) silahdaşlarından Züheyr ibn Qeyn Bəcəli döyüş meydanına çıxdı. Züheyr vaxtilə İslam fəthlərində fəal iştirak etmiş, Azərbaycan uğrunda gedən Bələncər döyüşündə (Dərbənd yaxınlığında) böyük şücaət göstərmişdi. Züheyr əvvəllər Əhli-beytə mənfi münasibət bəsləyirdi. Hətta hicrətin 60-cı ilində həcc ziyarətindən Kufəyə – öz evinə qayıdarkən, İmam Hüseynin (ə) karvanı ilə paralel yol getməli olsa da, ona yaxınlaşmır, İmamın mənzil saldığı yerdə köç salmırdı. Züheyr Hüseynlə (ə) düşmən münasibətdə olduğuna görə, yol boyunca Onunla görüşməkdən qaçırdı. Nəhayət, mənzillərin birində o da İmamın çadırlarının yanında köç salıb qalmağa məcbur oldu. Həmin gün İmam adam göndərib, Züheyri öz yanına söhbətə çağırdı. Züheyr əvvəlcə getmək istəmirdi. Amma həyat yoldaşı israr edib onu qınadı ki, niyə Peyğəmbərin nəvəsinin dəvətini yerə salırsan? Qadın Züheyrin "zəif damarından” tutub dedi ki, əgər dəvəti qəbul etməsən, hamı deyəcək ki, Hüseyndən (ə) qorxursan. Züheyr İmam Hüseynin (ə) çadırına gəlib, o həzrətlə görüşdü. İmamla söhbət Züheyrə elə dərin təsir etdi ki, əvvəlki fikirlərindən birdəfəlik əl çəkib, aşura karvanına qoşuldu. İmam Hüseyn (ə) aşura günündə Züheyri öz qoşununun sağ cinahına komandan təyin etmişdi. Züheyr döyüşdən əvvəl düşmənə nəsihət etdi, amma yola gətirə bilmədi. Zöhr namazından sonra meydana girib, qarşı tərəfin 120 əsgərini cəhənnəmə göndərdi. Axırda onu da xəyanətlə vurub şəhid etdilər. İmam Hüseyn (ə) Züheyrin nəşi üstünə gəlib ona rəhmət oxudu, qatillərinə lənət və bəla istədi. Bəzi rəvayətlərə görə, Züheyrin əmisi oğlu Salman da Kərbəlada şəhid olmuşdur. Qolları sındırılan səhabə Nafe ibn Hilal Məzhici Kufədə yaşayırdı. Ustad qare, etibarlı hədis rəvayətçisi və şücaətli döyüşçü kimi tanınırdı. Nafe Həzrət Əlinin (ə) səhabəsi olmuş, onun hər üç müharibəsində iştirak etmişdi. Müslimin şəhadətindən də əvvəl Nafe Kufədən çıxıb, piyada halda özünü İmam Hüseynə (ə) yetirdi, atını isə nökəri Kamil gətirdi. Aşuradan əvvəlki susuz günlərin birində Həzrət Abbasla birlikdə Fürat çayından su gətirməyə getmiş dəstədə Nafe də var idi. Həmin hadisədə Nafe igidlik göstərərək, bir neçə tuluq suyun düşərgəyə gətirilmə¬sinə yardım etdi. Aşura günündə Nafe əvvəlcə düşməni öz iti oxları ilə həlak edirdi. Oxların ucuna zəhər sürtmüş, üstünə öz adını yazmışdı. Ox qabı boşalandan sonra qılıncını sıyırıb döyüş meydanına girdi, igidliklə döyüşüb düşməni pərən-pərən saldı. Axırda Nafenin hər iki qolunu sındırıb əsir tutdular. Onu Şimr şəhid etdi. Qoşa döyüşüb qoşa ölən qardaşlar İmam Hüseynin (ə) silahdaşlarının sayı azalanda Bəni-Ğifar qəbiləsindən Ürvənin iki oğlu Əbdürrəhman və Abdullah savaş meydanına yollandı. Onların babası Hərraq İmam Əlinin (ə) səhabəsi olmuş, Cəməl, Süffeyn və Nəhrivan müharibələrində iştirak etmişdi. Qardaşlar çiyin-çiyinə vuruşmağa başladılar. Döyüş zamanı bir-birinə kömək edirdilər. Hətta rəcəzin (döyüş zamanı oxunan şerin) birinci misrasını qardaşlardan biri deyir, növbəti misranı o biri qardaş tamamlayırdı. Onlar birlikdə döyüşüb, birlikdə də şəhid oldular. ** İmam Hüseynin (ə) şeirləri Tarixdən məlumdur ki, məsum imamlar öz həyatları boyunca bəzi şeir parçaları söyləmişlər. Bu şeirlərin bir qismi başqa müəlliflərə aid olmuşdur, yəni imamlar yeri gəldikcə mövzuya uyğun olaraq keçmiş və müasir şairlərin ədəbi irsindən iqtibas etmişlər. Bununla yanaşı imamların özləri də şeir qoşmuşlar. Qurani-kərimdə şairlik (o zamankı ərəb mühitinin şəraitinə uyğun olaraq) həssas peşə kimi xatırlanır, bir hissəsi istisna olmaqla şairlərin azğın və günahkar olduqları vurğulanır. Həzrət Mühəmməd Peyğəmbər (s) şeir deməmişdir, çünki bu halda müşriklər Qurani-kərimi onun təbinin məhsulu hesab edə bilərdilər. Yasin surəsində də buna işarə edilib: "Biz ona (Muhəmməd əleyhissəlama) şer öyrətmədik və bu ona heç yaraşmaz da. Ona vəhy olunan ancaq öyüd-nəsihət və (haqla batili ayırd edən) açıq-aşkar Qurandır” (Yasin, 69). Lakin məsum imamlar vəhy sahibi olmadıqları üçün, onların şairlikdə ittiham edilmələri təhlükəli deyildi. İmam Əlinin (ə) şeirləri həcmcə daha çox və daha məşhurdur. Hətta o həzrətə aid olan şeir parçalarını "Divani-Əmirəlmöminin” adı altında toplamış və nəşr etmişlər. Doğrudur, həmin kitabdakı şeirlərin bir qisminin İmam Əliyə (ə) aid olması barədə şübhələr vardır. Amma o həzrətin şeir söyləməsi, ən azından, əzizlərini itirərkən mərsiyə deməsi və döyüş meydanında rəcəz (hərbə-zorba şeri) oxuması inkaredilməz həqiqətdir. Ədəbiyyat böyük təsir gücünə malik faydalı təbliğat üsulu sayılır, ona görə də imamlarımız bunu diqqətdən kənar buraxmamışlar. Dini mənbələrdə bütün imamların dilindən şeir parçaları qeyd edilmişdir. Ən böyük hədis məcmuəsi sayılan "Biharül-ənvar”da bu qəbildən xeyli material mövcuddur. "Biharül-ənvar”dakı məsumlara aid edilən şeirləri toplayaraq ayrıca kitab halına salmışlar. Həmin kitabda Həzrət Fatimə (ə) və 12 imam da daxil olmaqla məsumların 2700 beytdən artıq şeri cəmlənmişdir. Məsumların ədəbi irsində İmam Hüseynin (ə) şeirləri xüsusi yer tutur. Qeyd edək ki, adıçəkilən kitabda İmam Hüseynin (ə) üst-üstə 221 beyt şeri yer alır. Onları oxuduqca həm İmamın düşüncələrini, fövqəlbəşər zəkasını, gözəl əxlaqını, həm də izlədiyi əqidə yolunu duymaq mümkündür. Xüsusilə, İmamın Kufə yolunda və Kərbəlada söylədiyi şeirlər o həzrətin xütbə və hədislərini mükəmməl şəkildə tamamlayır. Bu məqalədə İmam Hüseynin (ə) şeirlərindən iki nümunə verməklə kifayətlənirik. Tarix kitablarında qeyd edilib ki, İmam Hüseynin (ə) karvanı Kufəyə sarı gedərkən, yolüstü Sifah adlı mənzildə Kufədən gələn şair Fərəzdəqlə qarşılaşdılar. Fərəzdəq məşhur ərəb şairlərindən idi, özü də Əhli-beytə məhəbbət bəsləyirdi. Bu məhəbbəti Kərbəla faciəsindən sonra da qəlbindən silməmiş, İmam Zeynülabidini (ə) mədh edən gözəl bir qəsidə söyləmiş, bunun üstündə xəlifə tərəfindən həbsə atılmışdı. İmam Hüseyn (ə) Kufədəki vəziyyət barədə Fərəzdəqdən soruşanda şair heç nəyi gizlətmədən ona cavab verdi: "Kufəlilərin ürəkləri səninlə, qılıncları Bəni-Üməyyə ilədir”. İmam bu sözləri eşidəndə buyurdu: "İxtiyar Allahın əlindədir, istədiyini edər. Rəbbimizin hər an üçün bir iradəsi var. İlahi qəza istəyimizə uyğun olanda Allahın verdiyi nemətlərə görə həmd edər, Onun şükrünü yerinə yetirmək üçün Ondan yardım istəyərik. İlahi qəza istəyimizdən uzaq olanda (göstərərik ki) niyyəti təmiz və haqq yolunda möhkəm olanlar Allahın mərhəmətindən uzaq düşməzlər”. (Bəzi tarixçilər bu hadisənin başqa mənzildə baş verdiyini və xəbər gətirən şəxsin Fərəzdəq olmadığını da yazırlar). Daha sonra İmam Hüseyn (ə) bu şeri söylədi (şeirlərin sətri tərcüməsini veririk): Əgər dünya nəfis və qiymətli sayılırsa, Allahın mükafatı (cənnət) ondan daha qiymətlidir. Əgər sərvət toplamağın sonu (öləndə) onu tərk etməkdirsə, Azad insan buraxıb-gedəcəyi sərvətdən ötrü niyə simiclik etsin? Əgər ruzilər qabaqcadan təyin edilib bölünübsə, Bundan ötrü az əlləşib-vuruşmaq daha yaxşıdır. Əgər bədənlər bir gün ölməkdən ötrü yaradılıbsa, Allah yolunda qılıncla öldürülmək daha üstündür. Ey Əhmədin ailə üzvləri, sizə salam olsun! Hiss edirəm ki, yaxın zamanda mən də sizin səmtə köçəcəyəm! Rəvayət edirlər ki, aşura gecəsində İmam Hüseyn (ə) qılıncları itiləməklə məşğul olan qaradərili qulam Covnün yanında oturub bu şeri oxumuşdu: Ey ruzigar, uf sənin kimi dostun əlindən! Neçə-neçə sübh və şam vaxtlarında Yoldaşlar və haqq tələb edənlər qətlə yetirildilər. Ruzigar əvəzlə qane olmaz! Hər işin sonu cəlal sahibinə (Allaha) doğru qayıdır. Hər bir canlı mənim getdiyim yolla gedəcək... Allahın salamı olsun İmam Hüseynə (ə) və onun vəfalı silahdaşlarına... ** Şəhadət meydanında qılınan namaz Kərbəla çölündə gərgin döyüş bir neçə saat idi ki, davam edirdi. İmam Hüseynin (ə) silahdaşlarından təqribən 50 nəfəri düşmənin ilk həmləsini dəf edərkən şəhid olmuşdu. Qalanlar da bir-bir döyüş meydanına çıxıb savaşır və şəhidlik şərbətini nuş edirdilər. İmamın ətrafında Əhli-beyt üzvlərindən savayı, bir ovuc adam qalmışdı. Zöhr namazının vaxtı çatdı. İmam Hüseynin (ə) silahdaşlarından biri – Əbu Sümamə Əmr ibn Abdullah Seydavi adlı səhabə üzünü o həzrətə tutub söylədi: "Ey Peyğəmbərin övladı! Səni öldür¬mək arzusunda olan bu düşmənlər öz məqsədlərinə doğru yaxınlaşırlar. Mən öz qanıma qəltan olub ölməyincə buna imkan verməyəcəyəm. Amma çox istərdim ki, bu son zöhr namazımı Sənin imam¬lığınla qılım”. İmam Hüseyn (ə) vaxtı öyrənmək üçün səmaya baxdı, zöhr vaxtının çatdığını dəqiqləşdirib Əbu Sümaməyə buyurdu: "Namazı yadıma saldın. Allah səni namaz qılanların və Onu (yəni Allahı) zikr edənlərin cərgəsində qərar versin!”. Sonra İmam Hüseyn (ə) namaz qılmaq üçün düşməndən möhlət almağı tapşırdı. Onun istəyini qarşı tərəfə elan etdilər. Ömər ibn Sədin qoşununda sayılıb-seçilən cəngavərlərdən sayılan Husayn ibn Təmim namaz təklifini eşidəndə bağırdı: "Ey Hüseyn, sənin namazın Allah dərgahında qəbul olmayacaq!”. İmam Hüseynin (ə) qocaman silahdaşı Həbib ibn Müzahir qəzəbli halda: "Allah Rəsulunun övladının namazı qəbul olmayacaq, amma sənin namazın qəbul olacaq?!” - deyə, onun üzərinə şığıdı. Həbibin zərbəsi ilə atdan yıxılan Husaynı silahdaşları aradan çıxartdılar. Həbib isə hücumu davam etdirib, düşmən səflərinin içinə daxil oldu. 75 yaşlı Həbib aşura günündə düşmənin 60-dan artıq döyüşçüsünü məhv edib, Bədil Təmimi adlı bir xəyanətkarın zərbəsi ilə şəhid oldu. Həbib elə şücaətli idi ki, qatili onun başını kəsib, öz atının boynundan asmışdı və bununla fəxr edirdi. İmam Hüseyn (ə) sağ qalan səhabələrini iki hissəyə ayırdı. Əvvəlcə birinci hissə o həzrətin imamlığı ilə zöhr namazını (xovf namazı şəklində) qıldı. Bu zaman ikinci dəstə düşmənin hücumunu dəf etmək üçün hazır vəziyyətdə durmuşdu. Sonra eyni qayda ilə ikinci dəstə namaz qıldı. Namaz gedişində iki səhabə – Səid ibn Abdullah Hənəfi və Züheyr ibn Qəyn Bəcəli İmam Hüseyni (ə) oxlardan və nizələrdən qoruyurdu. Səid ibn Abdullah Hənəfi Kufədəkt Əhli-beyt tərəfdarlarının öncüllərindən sayılırdı. O, kufəlilərin dəvət məktublarından birini İmama çatdırmış, sonralar Müslimə beyət edərək, onun məktubunu Məkkəyə gətirib İmama təqdim etmişdi. Elə həmin vaxtdan Səid Məkkədə İmam Hüseynin (ə) hüzurunda qaldı, Kərbəlaya kimi onu müşayiət etdi. Aşura gecəsində İmam Hüseyn (ə) öz səhabələrinin boynundan beyətini götürüb, onları dağılışmağa dəvət edəndə Səid qətiyyətlə bildirdi ki, heç yerə gedən deyil və son nəfəsinə kimi İmamın uğrunda döyüşməyə hazırdır. Səid namaz zamanı özünü İmamın qarşısında sipər edib, atılan oxların qabağını bədəni ilə alırdı. Namaz bitər-bitməz Səid ölümcül yaralı halda yerə yıxıldı. Son nəfəsində gözlərini açıb: "Ey Peyğəmbə¬rin nəvəsi, əhdimə vəfa etdimmi?” - deyə soruşdu. İmam ona belə cavab verdi: "Bəli, sən məndən də əvvəl cənnətə gedirsən”. Yazırlar ki, Səid ibn Abdullahın bədənində saysız-hesabsız nizə yarası vardı, bütün bunlardan əlavə, bədəninə 13 ox dəymişdi. İmam Hüseynə (ə) namaz vaxtının girdiyini xatırlatmış və o həzrətin xeyir-duasını almış Əbu Sümamə Əmr ibn Abdüllah Seydavi (və ya Saidi) isə döyüş meydanına yollanan axırıncı səhabələrdən oldu. Əbu Sümamə Kufədə Müslimin yaxın adam¬larından idi, onun üçün silah tədarükü görürdü. Müslim ibn Əqil şəhid olduqdan sonra Əbu Sümamə də şəhərdən qaçıb, özünü İmam Hüseynə (ə) yetirdi. Bəzi tarixçilər onun aşura günü təkbətək döyüşlərdə başından ağır yaralanıb huşunu itir¬diyini, qohumları tərəfindən müalicə olunduğunu və bir ildən sonra vəfat etdiyini yazıblar. Lakin daha dəqiq məlumatlara görə, Əbu Sümamə təkbətək döyüşlərin son mərhələsində meydana çıxıb, şücaətlə vuruşdu və öz əmisi oğlu Qeys ibn Abdullah tərəfindən şəhid edildi (onunla əmisi oğlu arasında çoxdan ədavət var idi).
 

Administratorla əlaqə

077 611-55-22

[email protected]