Media

'ANS ÇM'-in MTRŞ-ya qarşı məhkəmə iddiası təmin olunmayıb - FOTOLAR

9-09-2016, 20:28
Bu gün 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində "ANS ÇM Yayım və Media” Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı iddiası üzrə növbəti məhkəmə prosesi keçirilib.

Musavat.com-un məlumatına görə, hakim Museyib Bayramovun sədrliyi ilə keçirilən prosesdə "ANS TV"-nin baş direktoru Mirşahin Ağayev də iştirak edib. Hakim bildirib ki, iddia ərizəsi ilə tanış olub və harada mübahisəli məsələ varsa, onun üzərində dayanmaq lazımdır.

İddiaçı tərəfin nümayəndəsi isə bildirib ki, iş sıfırdan başlanılsın, çünki hakim dəyişib. Hakim isə bununla razılaşmayaraq bildirib ki, hazırlıq iclası keçirilib və iş icraata verilib. İddiaçı tərəfin nümayəndəsi isə bildirib ki, onlara qarşı tərəfin etirazı da təqdim olunmayıb. Bu səbəbdən məhkəmənin hazırlıq iclası mərhələsindən keçirilməsini tələb edib.

Daha sonra iddiaçı tərəfə etiraz ərizəsi təqdim olunub. Eyni zamanda MTRŞ-nın nümayəndəsi Nemət Cavadov bildirib ki, ANS bir ildə 26 dəfə qayda pozuntusuna yol verib və onlara sanksiya tətbiq edilib. MTRŞ-in nümayəndəsi çıxışına davam edərək bildirib ki, iddiaçı tərəf lisenziyanın verilməsindən danışır və bildirir ki, lisenziyanı İqtisadiyyat Nazirliyi verir. Halbuki, lisenziya müsabiqə əsasında verilir.

İddiaçı tərəf isə bildirib ki, etiraz ərizəsi ilə tanış olduqdan sonra cavab veriləcək: "Lakin biz onların arqumentlərinə daha öncə də qanunun maddələri ilə cavab vermişik. Bu, bir məhkəmədir. Möhtərəm hakim, məhkəmə uzana-uzana gedir. Halbuki, bizim müəssisənin maddi vəziyyəti günbəgün çətinləşir. Bu şirkətin 1000-dən çox işçisi var. Xahiş edirəm ki, bunları da nəzərə alasınız".

Hakim bildirib ki, tərəflərin hüquqi məsələlərini ortaya qoyub qərar vermək niyyətindədir. ANS-in nümayəndəsi isə bildirib ki, "Xahiş edirik konkret qərar verin ki, biz də işimizi bilək".

"ANS kommers" şirkətinin nümayəndəsi Sevda Məhərrəmova bildirib ki, bu şirkət lisenziyanın müddətini nəzərə alaraq, reklam müqavilələri imzalayıb: "Hazırda isə bizə də külli miqdarda zərər dəyib. Bu baxımdan vəsatət irəli sürmüşük ki, "ANS Kommers" şirkətini üçüncü şəxs qismində qəbul edəsiniz".

Qarşı tərəfin nümayəndəsi Nemət Cavadov bildirib ki, "ANS ÇM"-in xeyli sayda şirkətlə müqaviləsi ola bilər: "Onda belə çıxır ki, həmin şirkətlərin hamısını üçüncü şəxs kimi qəbul edəsiz. Xahiş edirəm, buna görə vəsatət təmin edilməsin".

Hakim isə deyib ki, "Biz "ANS ÇM"-in işinə baxırıq. Başqa bir işə baxmırıq".

Daha sonra ANS-in 26 dəfə qayda pozması məsələsi müzakirə olunub. ANS-in nümayəndəsi Raqif Mustafayev bildirib ki, "əgər belə idisə o zaman qərar verib lisenziyanı ləğv edərdilər. Nə üçün bunu etməyiblər?"

N. Cavadov isə bildirib ki, "ANS ÇM"-ə 6 illik lisenziya verilib: "Qanunda göstərilib ki, bir ildə 3 dəfə ciddi xəbərdarlıq edilərsə, müvafiq orqan lisenziyanı ləğv etməlidir. Müvafiq orqan da bizik".

İddiaçı tərəf isə bir daha bildirib ki, qanunda belə bir şey yoxdur. 

Daha sonra məhkəmə heyəti müşavirə zalına gedib. Fasilədən sonra hakim qərarı açıqlayaraq bildirib ki, iddia təmin edilmir.

Qeyd edək ki, MTRŞ-nin 18 iyulda keçirilmiş iclasında "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq, "ANS ÇM Yayım və Media” Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edilib. Yayım zamanı bir neçə dəfə qanunvericiliyin tələblərinin pozulması halları əsas götürülərək, ANS ÇM radiosunun xüsusi razılığı (lisenziya) ləğv olunub.

Əli Rais,
Musavat.com 

 



Administratorla əlaqə

077 611-55-22

[email protected]