Gündəm

Rayon maşınları üçün dayanacaqdan REPORTAJ: Yuxulu sürücülər, qapısı bağlı otaqlar, qazanan kafelər... - VİDEO, FOTOLAR

12-10-2015, 02:49
Qış rejimi qrafikinə əsasən, oktyabrın 1-dən mayın 1-dək səhər saat 07:00-dan axşam saat 21:00-dək yük və rayon qeydiyyatında olan minik avtomobilləri paytaxta buraxılmayacaq, axşam saat 21:00-dan səhər saat 7:00-a qədər şəhərə daxil ola biləcəklər.

Qeyd edək ki, rayon qeydiyyatında olan avtomobillərin paytaxta daxil olması sentyabr ayının 15-dən etibarən rəsmi qaydada qadağan olunub. Regionlardan gələn vətəndaşlar avtomobillərini Bakı-Ələt yolunun 14-cü km-də, Lökbatan dairəsinin yaxınlığında və şimal girişindəki Bakı-Quba yolunun 16-cı km-də xüsusi dayanacaqlarda saxlayaraq, alternativ marşrutlarla şəhərə daxil olurlar.

Lakin son günlər bölgələrdən Bakıya gələnlərlə müvafiq dayanacaqlarda xidmət göstərən polis əməkdaşları arasında yaranan narazılıqların sayı artmaqdadır. Hətta bəzi vətəndaşlar dayanacaqlarda avtomobil saxlamaq üçün onlardan pul alındığını da deyirlər.

Hazırda şəhərin girişindəki dayanacaqlarda vəziyyətin necə olmasını öyrənmək üçün musavat.com-un müxbiri Bakı-Sumqayıt yolunda yaradılan dayanacaqlarda olub və orada baş verənləri işıqlandırıb.


Şəhərin girişində yaradılan əsas postda DYP əməkdaşları tərəfindən yolayırıclar qurulub.

DYP əməkdaşları rayon və şəhər qeydiyyatı olan avtomobillərin istiqamətini bu yolayırıcılar vasitəsilə dəyişirlər. Şəhərə yalnız 90, 10 və 99 seriyalı avtomobillər buraxılır.

İkinci post köməkçi funksiyasını yerinə yetirir. Postlardan keçən rayon qeydiyyatında olan avtomobillər “VAZ”ın dairəsi adı ilə tanınan əraziyə gəlir və Xırdalan dairəsi istiqamətində gedirlər.

Dayanacaqda xidmət göstərən DYP əməkdaşları bildirdilər ki, rayon qeydiyyatında olan avtomobillər Xırdalan dairəsi istiqamətində gedirlər: “Həmin istiqamətdə də postlar yaradılıb və şəhərə buraxılmırlar. Lakin biz sürücülərə yaxınlıqda rayon qeydiyyatında olan avtomobillər üçün nəzərdə tutulmuş dayanacaqlarda gözləməyi təklif edirik”.

Müşahidə apardığımız zaman rayondan gələn sürücülərin bəziləri DYP əməkdaşları ilə mübahisə edir, bəziləri isə xahiş minnət edib, şəhərə girməyə çalışırdılar. Lakin DYP əməkdaşları verilən tapşırığı yerinə yetirirdilər.

Musavat.com-un əməkdaşı rayon qeydiyyatı olan avtomobillərin dayanacağına baş çəkib və dayanacaqla tanış olub. Qeyd edək ki, avtomobil dayanacağı, sentyabrın 15-dən istifadəyə verilib. Yaradılan dayanacaqda gözləmə otağı, kafe, qadınlar üçün xüsusi otaq, həkim otağı var, lakin demək olar ki, fəaliyyət göstərmir.

Dayanacağa nəzarət edən şəxs bildirdi ki, dayanacağın həyətində 645 avtomobil üçün yer var. Rayondan gələnlər burada gözləyə bilərlər.

Yük maşınları və avtomobillər üçün dayanacaqlar ayrıdır. Burada fəaliyyət göstərən kafe gecə yarısına kimi xidmət göstərir. Bundan əlavə, rayondan gələn sürücülər yaradılmış dayanacaqlarda avtomobillərini saxladıqdan sonra buradan 199 nömrəli marşrutla şəhərə daxil ola bilərlər.

Dayanacaqlarda bir qədər irəlilədikcə, yol kənarında dayanan yük maşınlarına rast gəlirik. Axşam saat 9-u gözləyən sürücülərin üzündən yorğunluq və narazılıq yağır.

Zaqatala rayonundan gələn yük maşını sürücüsü 3 saata yaxındır ki, burada gözlədiyini deyir: “Zaqataladan Bakıya yük daşıyıram. Hər dəfə bu zülmü çəkirəm. Yaxınlıqda zavod var, un yüklətməliyəm. Postda dedilər ki, saat 8-də açılacaq. İndi bu vaxt şəhərə daxil olub, zavoddan yükü vurub, çıxana kimi xeyli vaxt lazımdır. Mən rayona nə vaxta gedib çıxacağam, Allah bilir”.

Diqqətçəkən məqamlardan biri də dayanacaqda yaradılan gözləmə otağının bağlı olması idi. Sürücülər bildirdilər ki, gözləmə otağını bağlayıblar, oturub gözləməyə yer tapmırıq: “Burada da bir varianta əl atıblar. Gözləmə otağınəı bağlayıblar deyə məcbur olub, oturmaq üçün yaxınlıqdakı kafeyə keçirik. Kafedə gözləmək üçün də gərək nəsə alasan, ən azından 3-5 manat xərcin çıxsın. Yəqin ki, kafe onların özlərinindir. Qazanc əldə etmək üçün bu vasitəyə belə atırlar”.

Adının çəkilməsini istəməyən başqa sürücü bildirdi ki, burada gələnlərdən pul almaq üçün hər varianta əl atırlar: “Kafedə nəsə almadan oturub, gözləmək olmaz. Biz də bir çaynik çayı maksimum yarım saata içirik. Lakin müştəri olan kimi məcbur kafeni tərk edirik. Dayanacaqların pulsuz olacağını demişdilər. Ancaq indi bizdən bir gün üçün 2 manat alırlar. Ancaq mətbuatda belə yazılmamışdı, pulsuz olmalı idi”.

Dayanacaqların pullu olub-olmamasını öyrənməyə çalışsaq da, ərazidə məsul şəxsə rast gələ bilmədik.

Dayanacaqda olarkən onu da öyrəndik ki, rayon maşınlarının şəhərə giriş vaxtı 21:00-da olsa da, saat 19:35-dən etibarən avtomobillər şəhərə buraxılır.

Qeyd edək ki, ərazidə müşahidə apararkən DYP əməkdaşları musavat.com-un əməkdaşının çəkiliş aparmasına mane olub. Əməkdaşımızın jurnalist vəsiqəsini və kamerasını baxmaq adı ilə əlindən alaraq, uzaqlaşıb və kamerada olan materialları silməyə cəhd ediblər.



Rayon maşınları üçün dayanacaqdan REPORTAJ: Yuxulu sürücülər, qapısı bağlı otaqlar, qazanan kafelər... - VİDEO, FOTOLAR

Administratorla əlaqə

077 611-55-22

[email protected]