Avto

"CHEVROLET" ALICILARINI BELƏ ALDADIR

1-03-2016, 23:21
"CHEVROLET" ALICILARINI BELƏ ALDADIRÖlkədə avtomobillərin satışını həyata keçirən şirkətlər reklam fırıldağına əl atıb. 

Televiziyalarda, sosial şəbəkələrdə daha cəlbedici şərtlərlə avtomobil krediti təklif olunur. Lakin real alıcılar avtomobil salonlarına yaxınlaşanda başqa mənzərə ilə qarşılaşır. Əməkdaşımız "Şevrolet” firmasının Bakı filialı ilə əlaqə saxlayıb. Şirkətin saytında "Kruz” modeli (Sedan LTZ) 22 min manat göstərilsə də, sözügedən avtomobilin 25,170 manata satıldığı deyilib. "Saytda təklif olunan qiymətlər yenilənməyib. Hazırda saytda iş gedir. Yeni qiymətlərlə bağlı saytda düzəliş ediləcək”, - şirkət nümayəndəsi qeyd edib. Digər misal: "Şevrolet”in rəsmi səhifəsində "Aveo” modeli bu gün də 15,150 manata təklif olunur. Lakin Feysbuk səhifəsində sözügedən model 300 manat baha - 15,425 manata, filiala yaxınlaşdıqda isə 18,585 manata satıldığı deyilir. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov açıqlamasında son aylarda istehlakçı hüquqlarının pozulması faktlarının artdığını deyib: "Təəssüflə qeyd etməliyik ki, son 3 ayda istehlakçı hüquqlarının pozulması ilə bağlı faktlar artmaqdadır. Müxtəlif reklamlar vasitəsi ilə müştəriləri aldadaraq cəlb edən işbazlara qarşı heç bir hüquqi tədbir də görülmür. Avtomobil qiymətlərində süni artımla bağlı bizə telefon vasitəsi ilə xeyli müraciət olub”. Ölkədə son devalvasiyadan sonra xaricdən gətirilən avtomobillərin qiymətində artım nə qədər başadüşülən olsa da, bir modelin qiymətində 4 min manat dəyişiklik istehlak bazarının inkişafına xidmət etmir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev son çıxışlarında bu məsələyə toxunaraq süni qiymət artımı ilə bağlı ciddi xəbərdarlıq edib: "Mənə məlumat da gəlir ki, məzənnə məsələsindən istifadə etmək istəyən natəmiz insanlar, işbazlar sui-istifadə etmək istəyirlər. Süni bahalaşmaya son qoyulmalıdır və burada çox ciddi cəza tədbirləri görülməlidir. Sadəcə olaraq biz cərimələrlə kifayətlənməməliyik, prokurorluq orqanları bu işlə çox ciddi məşğul olsun və bu vəziyyətdən öz şəxsi maraqları üçün istifadə etmək istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görülməlidir, bu, mətbuatda da işıqlandırılmalıdır ki, buna son qoyulsun”./Axar.az \

Administratorla əlaqə

077 611-55-22

[email protected]