Kriminal

Film kimi cinayət: evə kişi gətirən “Aysu” və quldur “çempion”un sərgüzəştləri - DOSYE

26-11-2016, 23:36
Film kimi cinayət: evə kişi gətirən “Aysu” və quldur “çempion”un sərgüzəştləri - DOSYE

Kişiləri tora salıb, onlara qarşı quldurluq etməkdə təqsirləndirilən Məmmədəli Hacıyev, onun sevgilisi Əfsanə Hüseynova və dostu Gülhüseyn Sadıqovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesə hakim Faiq Qəniyev sədrlik edib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Məmmədəli Hacıyev özünü qismən təqsirli bildiyini deyib. O, ifadəsində qeyd edib ki, Əfsanə Hüseynova ilə 3 il bundan qabaq tanış olub: "Biz qeyri-rəsmi ər-arvad münasibəti yaşamışıq. Bu münasibətdən bir uşaq dünyaya gəlib. Əfsanə ilə birlikdə 4-5 ay Zabratda kirayə qaldıq, sonra Rusiyaya getdik. Bir müddət sonra orda vəziyyətimiz yaxşı olmadı, mən Bakıya qayıtdım, Əfsanə isə atasının yanında, Çelyabinskdə qaldı.


7-8 ay sonra Əfsanə də Azərbaycana qayıtdı, Buzovnada kirayədə yaşamağa başladıq. Fəhləlik edib, evi dolandırırdım. Sonra işlər yaxşı getmədi. Həmin vaxtı Həbib kimi tanıdığım bir nəfərlə görüşdüm. Sonralar bildim ki, əsl adı Gülhüseyndir. Ona iş axtardığımı dedim, dolana bilmirdik. Gülhüseyn mənə quldurluqla məşğul olub pul qazanmağımı məsləhət gördü. Əvvəlcə razılaşmadım, çünki həbsə düşmək istəmirdim. O, mənə dedi ki, Əfsanə tanımadığı kişilərlə tanış olub onları evə gətirsin, guya sən də arvadını başqa bir kişi ilə tutmuş kimi rəftar edərsən, həmin şəxsin pulunu və ya mobil telefonunu alarsan, heç kim də səndən şikayət etməz. Razılaşdım. Əldə etdiyim pulların yarısını Gülhüseynə verəcəkdim”.

Təqsirləndirilən şəxs ifadəsində bildirir ki, Əfsanə də maddi vəziyyət pis olduğundan təkliflə razılaşıb: "Birinci dəfə Əfsanə metronun "Koroğlu” stansiyasında bir nəfər şəxslə tanış olub, evə gətirdi. Həmin vaxt mən də evə daxil oldum, guya arvadımı başqa bir kişi ilə tutmuş kimi rəftar elədim. Həmin şəxsdən cibində nəyi varsa verməsini tələb etdim. O, cibində olan 4 manatı və "Samsung Galaxy Prime” markalı mobil telefonunu mənə verib, canını qurtardı. Təxminən üç gün sonra Əfsanə dedi ki, bir nəfərlə tanış olub.  Nömrəsini verib. Dedim, çağır evə. Ertəsi gün saat təxminən 15 radələrində iş axtarmaq üçün evdən çıxdım, Buzovnadaydım, Əfsanə zəng elədi. Dedi, oğlan gəlir evə. Mən evə çatana qədər oğlan artıq evdəydi. Evə daxil olan kimi həmin şəxsin üzərinə hücum çəkdim. Kəllə, yumruq və təpiklə həmin şəxsi döyməyə başladım. Telefonu Əfsanəyə verib dedim ki, oğlanı döyməyimi videoya çək. Həmin şəxsi döydükdən sonra cibində nəyi varsa verməsini tələb etdim. O, cibində olan 6 manatı və "Samsung Galaxy S4” markalı mobil telefonunu verdi. Həmin puldan 1 manatını qaytardım ki, yolpulu olsun. Gülhüseyn bütün bu hadisələrdən məlumatlı idi, amma hələ ona heç nə verməmişdim”.

 

Məmmədəli Hacıyev qeyd edir ki, onların bu planının üstünü polis əməkdaşları açıb: "Polislər gəlib, Əfsanəni bölməyə apardılar. Sonra məni də tutdular. Pulunu və əmlakını ələ keçirdiyim şəxslərin heç birini əvvəlcədən tanımamışam. Heç kimə bıçaqla hədə-qorxu gəlib üzərinə hücum etməmişəm. Fiziki cəhətdən güclü və idmançı olduğumdan bıçaqdan istifadə etməyə ehtiyac qalmayıb. Əldə etdiyim pulları şəxsi tələbatlarıma xərcləmişəm. Fəhlə işlədiyim üçün, tikinti işlərində bıçaq lazım olduğundan üzərimdə bıçaq gəzdirmişəm. Döydüyüm şəxslərin videolarını Gülhüseynə göstərib, sonra silmişəm. Amma axırıncı videoçəkilişi Gülhüseynə göstərmədiyimdən telefonumda qalıb”.

 

 

Hüseynova Əfsanə Fəxrəddin qızı isə  məhkəmədə özünü təqsirli bilməyib. O, qeyd edib ki, Məmmədəli ilə 3 il qabaq Cəlilabadda tanış olub: "Rəsmi olaraq Seyfullayev Elnur İbadət oğlu ilə nikahdayam, birgə nikahdan üç övladım var. Elnurla rəsmi nikahda olsaq da, ayrı yaşayırıq. Hər üç uşağım Elnurun himayəsindədir. Elnurdan sonra tanış olduğum Məmmədəli ilə artıq üç ildir ki, qeyri-rəsmi ər-arvad münasibətlərində yaşayırıq. Həmin münasibətdən bir uşağımız var. Məmmədəlidən olam uşağımı Rusiyada yaşayan valideynlərimin yanında qoyub gəlmişəm. Məmmədəli bir qayda olaraq fəhlə işləyərək pul qazanırdı. Maddi vəziyyətimiz pis olduğundan evin kirayə pulunu da vaxtlı-vaxtında ödəyə bilmirdik. Təxminən iki-üç ay fəhlə işlədikdən sonra Məmmədəli işdən çıxdı və gündüzləri əsasən evdə oldu. Hər gün axşam saat təxminən 18 radələrində evdən çıxırdı, gecə qayıdanda pulla gəlirdi. Məmmədəlinin gecə vaxtı həmin pulu haradan əldə etməsindən xəbərim olmayıb. Bir gün metrolardan birinin çıxışında bir nəfər tanımadığım, sonradan adının Ramin olduğu bildiyim şəxsə yaxınlaşdım. Azərbaycana təzə gəldiyimi, yolları tanımadığımı deyib ondan kömək istədim. Raminə özümün əsl adımı demədim, adımın Aytən olduğunu bildirdim. Onunla birlikdə Buzovnaya gəldik. Ramin məndən su istədi, həm də xəstəliyi ilə əlaqədar olaraq evə qayıda bilməyəcəyini dedi. Məndən bir gecəlik burda qalmaq üçün icazə istədi, mən də razılaşdım. Məmmədəli həmin gün Cəlilabada getməliydi. Axşam o evə gəldi. İçəri girən kimi Raminin üzərinə hücum edərək qışqırmağa başladı, telefonunu alıb Ramini evdən qovdu”.

 

Əfsanə Hüseynova ifadəsində deyir ki, metronun "Koroğlu” stansiyasında Tural adlı şəxs tanış olmaq üçün ona yaxınlaşıb: "Etiraz etmədim. Telefon nömrəmi ona verdim. Turala adımın Aysun olduğunu dedim. Məmmədəlinin bundan xəbəri oldu. Məni məcbur elədi ki, Turalı evə gətirim. Özü də söz verdi ki, Turalı döyməyəcək. Ertəsi gün Turalı evə çağırdım. Gəldi, üstündən 5 dəqiqə keçmişdi ki, Məmmədəli evə girdi, Turalın üzərinə hücum edib onu döyməyə başladı. Mən evi tərk etmək istədikdə Məmmədəli qoymadı, dedi ki, Turalı döyməyimi video çəkməlisən. Mən də Məmmədəlinin telefonu ilə Turalın necə döyülməsini videoya çəkdim. Çəkiliş zamanı dəfələrlə "döymə” dedim. Məmmədəlinin sir-sifəti qana bulaşmışdı. Turalın telefonunu alıb, onu evdən qovdu. Turalın döşəməyə yayılmış qanını zorla mənə sildirdi”.

 

Təqsirləndirilən şəxs Gülhüseyni Məmmədəlini həmkəndlisi kimi tanıdığını deyib: "Ramin və Turalla bağlı baş vermiş hadisələrdən bir müddət əvvəl biz həqiqətən üçümüz birlikdə, metronun "28 May” stansiyasında yerləşən kafelərdən birində iki dəfə görüşdük. Həmin görüşlər vaxtı biz ümumi söhbətlər etdik, pul əldə etmək üçün hər hansı basqınla bağlı söhbət aparmadıq”.

 

Qeyd edək ki, Əfsanə Hüseynova istintaqa verdiyi ifadədə Məmmədəlinin onu zorla bu əməllərə məcbur etdiyini söyləyib. Məhkəmədə verdiyi ifadə ilə istintaqa verdiyi ifadə arasında ziddiyyət olduğundan onun istintaqa verdiyi ifadələr elan olunub.

 

Təqsirləndirilən Sadıqov Gülhüseyn Sakit oğlu özünü təqsirli bilməyərək göstərib ki, Bakıda fəhlə işləyir: "Papanin” adlanan yerdə kirayədə qalırdım. Məmmədəlini uşaqlıqdan tanıyıram, aramızda həmişə yaxşı münasibətlər olub. Görüşüb çay içirdik. Bir gün rayona getmək istəyirdim. Vağzala getdim bilet almağa. Məmmədəli zəng elədi ki, mən də gedəcəm, bileti qaytar, sabah birlikdə gedək. Qaytardım. Gəldim "28 may”a. Həmin vaxt Məmmədəlinin yanında Əfsanə adlı qız vardı. "Səməd Vurğun” bağının həndəvərində yerləşən kafelərdən birində oturub çay içdik, ümumi söhbət elədik və hərə öz evinə getdi. Növbəti gün saat 7 radələrində avtovağzalda Məmmədəli ilə görüşdük və birlikdə Cəlilabada getdik. Məmmədəlinin kimlərəsə zor tətbiq etməklə quldurluq edib əmlaklarını ələ keçirməsi barədə heç bir məlumatım yoxdur. Lakin Məmmədəli ilə söhbət edən zaman demişdi ki, Əfsanənin arxası ilə bir oğlan düşmüşdü, onu döyüb telefonu alıb. Sonra o mənə dedi ki, şəxsiyyət vəsiqəm yoxdur, gedək səninki ilə telefonu sataq. Razılaşmadım. Məmmədəliyə quldurluqla məşğul olub pul qazanmağı təklif etməmişəm”.

 

Zərərçəkmiş şəxs qismində dindirilən Yarməmmədov Ramin Əli oğlu bildirib ki, II qrup əlildir: "Metronun "Xalqlar dostluğu” stansiyasında olan zaman bir qız yaxınlaşıb, özünü Aytən kimi təqdim etdi. Rusiyadan gəldiyini, Buzovnaya getmək üçün yolu bilmədiyini dedi. O, mənə Buzovnaya qədər onu aparmağımı xahiş etdi. Razılaşdım. Onu evinə qədər apardım. Ora çatanda artıq gec idi. Onlarda qalmaq üçün Aytəndən icazə istədim. O da razılaşdı. Elə həmin vaxt bir nəfər oğlan – adını sonradan bildiyim Hacıyev Məmmədəli Ədalət oğlu evə daxil olaraq, cibindən bir ədəd düyməciklə açılıb-bağlanan bıçaq çıxarıb üzərimə hücum etdi. Məmmədəli Aytənin əri olduğunu dedi və mənim hansı səbəbdən onun evinə gəldiyini soruşdu. Daha sonra isə yumruqla sol ayağımdan bir dəfə vuraraq cibimdə nə varsa verməyimi tələb etdi. Cibimdəki 30 manatı və "Samsung Galaxy Prime” markalı mobil telefonu Məmmədəliyə verdim və canımı oradan qurtardım. Gəlib başıma gələnlərlə bağlı polisə məlumat verdim. Məmmədəlin 30 manat pulumu və 189 manat dəyərində olan telefonumu aldığını dedim. Polis onları yaxaladıqdan sonra telefonumu geri qaytardılar. Heç bir şikayətim yoxdur”.

 

Digər zərərçəkən Tural Paşayev ifadəsində bildirib ki, metronun "Koroğlu” stansiyasında olan zaman bir nəfər qız ona göz işarəsi edərək gülümsəyib: "Həmin qıza yaxınlaşdım. Adının Aysu olduğunu, məndən xoşu gəldiyini dedi. Nömrəsini aldım. Həmin gün axşamüstü Aysu ilə zəngləşib danışdım. Onunla görüşmək istəyirdim. Mən ona "Sahil” metrosu yaxınlığında görüşmək istədiyimi dedim, o isə məni Buzovnaya çağırdı. Səhəri gün Buzovnaya gəldim. Təxminən bir saat parkda onu gözlədim. Sonra mənə zəng elədi ki, yolun kənarındayam, bura gəl. Evinə getməyi təklif elədi. Razılaşdım. O, bir qədər məndən qabaqda gedirdi ki, kimə şübhələnməsin. Evə çatdıq. Üstündən 5 dəqiqə sonra bir nəfər oğlan həmin evə daxil oldu, cibindən bıçaq çıxardaraq üstümə hücum çəkdi. Həmin oğlan Aysunun əri olduğunu dedi. Mən ona Aysunun özünün razılığı ilə bura gəldiyimi desəm də, məni döyməyə başladı. Zərbələrin gücündən huşumu itirmişdim. Daha sonra həmin oğlan mənə "mən Olimpiya çempionu Elnur Məmmədliyəm, polisdə işləyirəm, cibində nə varsa ver. Bu barədə polisə məlumat versən, səni öldürərəm” - dedi.  Telefonumu ona verdim və evdən çıxdım.  Evə gələndə atamla birlikdə  xəstəxanaya getdim. Polisə məlumat verdik. Məmmədəli məndən 500 manat dəyərində telefon almışdı. İstintaq zamanı telefonumu qaytardılar. Heç bir maddi tələbim yoxdur”.

 

Hakimlər kollegiyasının hökmü ilə Məmmədəli Hacıyev 10 il 6 ay, Gülhüseyn Sadıqov 9 il 6 ay, Əfsanə Hüseynova isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]