Yazarlar

Mütləq “dayday” olmalıdır ki, adamı işə götürsünlər

30-05-2019, 11:16
Kubra Məhərrəmova yazır...

Sizə kimdən deyim, santexnik ustalarından. Deməli, adi su kranını quraşdırmaq lazım idi. Əvvəl tanış-bilişlərdə olan ustalara müraciət etdik. Hərəsi bir bəhanə gətirdi ki, bəs indi vaxtım yoxdur, qalsın sabaha və s. Qeyd edim ki, su kranını təcili quraşdırmaq tələb olunurdu. Nə isə, tanış-bilişlərdən əlimizi üzüb üz tutduq usta təqdim edən şirkətlərə. Pəh, əvvəl zəng edirsən, müştəri xidmətləri cavab verir. Bildiyimiz çağrı mərkəzinə. Bəli, xanım, baş üstə, indi sizinlə əlaqə saxlayacaqlar. Yarım saat, bir saat keçir, heç kim zəng etmir. Təzədən zəng edirsən çağrı mərkəzinə ki, bəs, ay bacı, ay qardaş, evi su basdı, bir santexnik nə oldu?

Deyir ki, xanım, heç narahat olmayın, indi sizə geri dönüş edirik. İyirmi dəqiqə sonra bir bəy zəng edir ki, bəs buyurun, xanım, problem nədədir? Burada “Kərəmi ağlamaq tutur”. Amma etik qaydalara sığınaraq yumşaq tonla cavab verirəm ki, mənə usta lazımdır. Gəlsin, su kranını düzəltsin. Xəttin o başından cavab verirlər ki, narahat olmayın, indi nömrənizi veririk ustaya, sizinlə əlaqə saxlayacaq. Deməli, bir santexnik ustasına çıxana qədər çağrı mərkəzi ilə iki dəfə, menecerlə bir dəfə danışmalı oldum. Məlumat üçün bildirim ki, bir sanballı şirkətin rəhbəri ilə daha tez əlaqə qurmaq olur.

Nə isə, daha yarım saat keçir, usta zəng edir ki, bəs, xanım, indi vaxtım yoxdur, axşam səkkiz üçün gələ bilərəm. Deyirəm ki, bəs evi su apardı, amma eybi yox, təki siz gəlin. Paralel olaraq internetdən nömrəsini tapdığım digər şirkətlərə də zəng edirəm ki, bəlkə, santexnik ustaları daha əlçatan oldu. Nə fayda, tapılmır ki, tapılmır. Nə başınızı ağrıdım, saat 19:00 üçün bir də usta əfəndiyə zəng edirəm ki, birdən yadından çıxar, gəlməz. Səhərə ev “Mingəçevir su kanalı” olar.

Usta da zənglərə cavab vermir. Şirkətlər də deyir ki, bəs bağışlayın, saat 18:00-dan sonra qapılarımız bağlıdı. Üzrlü sayın. Usta üçün çağırış edə bilməzsiniz, qalsın sabaha. Anladım ki, Azərbaycanda kadr çatışmazlığı yaşanan yeganə sahə elə bu imiş. A kişi, santexnik ustası yoxdur. Tapılmır! Siz də deyirsiniz uşaqlara təhsil verin, ay İELTS belə, SAT elə. Sonra da getsin ali təhsil alsın. Mən nə bilim, iş üçün müsahibələrə getsin. Elə bu barədə fikirləşirdim ki, bir də gördüm zəng gəldi. İndi elə sevinirəm, elə sevinirəm ki, gəl görəsən. Ustadır zəng edən. Elə telefonu götürmüşdüm ki, “xanım, üzrlü sayın, amma artıq gecdir, siz “obşi”dən suyu bağlayın. Mən gələsi olmadım”. Vəssalam, bütün günü telefondan asılı qal, interneti ələk-vələk elə, tanış-bilişin başını apar, axırda da usta desin ki, suyu “obşi”dən bağlayın. Amma gedib o ustanı dindirsən, deyəcək ki, bəs qazanc yox, pul yox, iş yox. Acından ölürəm, adamın olmasa, yaşamaq mümkün deyil. Mütləq “dayday” olmalıdır ki, adamı işə götürsünlər.

Daha demirlər ki, biz hazıra nazir olmaq istəyirik. İstəyirik ki, əziyyət çəkmədən cibimiz pulla dolu olsun. Heç kim bizə zəng edib narahat etməsin ki, evi su basıb, a usta, gəl, su kranını düzəlt.

Administratorla əlaqə

077 611-55-22

[email protected]