Yazarlar

Şəffaflığın təmin edilməsi vergi orqanlarının ən vacib vəzifələrindəndir

22-06-2017, 02:43

Vergilər Nazirliyinin Vergi öhdəliklərinin icrasına nəzarət departamentinin baş direktoru, baş vergi xidməti müşaviri Zeynalabdin Məmmədzadə

Vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın artırılması, sahibkarlara daha əlverişli şərait yaradılması və vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Vergi Məcəlləsində bir sıra dəyişikliklər edilmiş, vergi orqanlarında ciddi islahatlar aparılmışdır.

Vergi əməliyyatlarında şəffaflığın təmin edilməsi, ilk növbədə, vergi ödəyiciləri tərəfindən ciddi hesabat blankları tətbiq edilməklə malların alınıb-satılmasından, vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun düzgün aparılmasından, yalnız əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsindən başlayır. Vergi Məcəlləsinə əlavə edilmiş 16.1.11-6-cı maddəyə əsasən, sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada qaimə-faktura və ya elektron qaimə-faktura vermək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. Qanunvericiliyə əsasən, vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən sənədlər (qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura), həmin mallar idxal edilmişdirsə - idxal gömrük bəyannaməsi, vergi ödəyicisinin özü tərəfindən istehsal edilmişdirsə - Vergi Məcəlləsinin 130.1-1-ci maddəsi ilə müəyyən olunmuş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmalıdır.

Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli fərmanı ilə ictimai iaşə fəaliyyəti və pərakəndə ticarət fəaliyyəti sahələrində, 2017-ci il 16 iyun tarixli fərmanı ilə istehsal fəaliyyəti və topdansatış ticarət fəaliyyəti sahələrində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları təsdiq olunmuşdur. Qaydaların hazırlanmasında məqsəd vergi ödəyicilərinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi ilə bağlı malların mədaxili və məxarici prosedurlarının müəyyən edilməsindən, eləcə də vergi ödəyicilərinə məxsus malların təsərrüfatdaxili hərəkətinin sənədləşdirilməsini, bu sahədə şəffaflığın, uçot və hesabatlılığın artırılmasını təmin etməkdən ibarətdir.

Vergi Məcəlləsində aparılmış sonuncu dəyişikliklər nəticəsində malların qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası əsasında alınmasına nəzarət edilməsi operativ vergi nəzarəti tədbirlərinin əhatə dairəsinə daxil edilmişdir. Aparılmış nəzarət tədbirləri zamanı malların alışını təsdiq edən Vergi Məcəlləsinin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlərdən ən azı biri olmadıqda - alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Əlavə olaraq, pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə - 1000 manatdan çox olan hissəsinin 5 faizi, il ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Azərbaycan Respublikası ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını, istehlakçıların hüquqlarının müdafiəsini, gəlirlərin və xərclərin uçotuna nəzarəti tam şəkildə təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmaq, bank sisteminin inkişafını sürətləndirmək məqsədilə «Nağdsız hesablaşmalar haqqında» Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli Qanunu təsdiq edilmişdir. Bu qanunun tələblərinin pozulmasına görə Vergi Məcəlləsinin 58.7-1-ci maddəsi ilə müəyyən edilmiş şəxslərə qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

«Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikasının Prezidenti tərəfindən 17 mart 2017-ci il tarixində sərəncam imzalanaraq, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası

Komissiyası yaradılmışdır. Həmin sərəncamla komissiyaya və aidiyyəti dövlət orqanlarına bir sıra ciddi tapşırıqlar verilmişdir. Bu istiqamətdə görülən işlərin davamı olaraq, dövlət başçısı tərəfindən «Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında» 28 aprel 2017-ci il tarixdə müvafiq fərman imzalanaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tərkibində Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi yaradılmış, həm Mərkəzə, həm də aidiyyəti dövlət orqanlarına, eləcə də Vergilər Nazirliyinə ciddi tapşırıqlar verilmişdir.

Vergi ödəyicilərinin məlumatlandırılması və maarifləndirilməsi məqsədilə qanunvericilikdə baş vermiş ən son yeniliklər barəsində vergi ödəyicilərinə mütəmadi olaraq bildiriş və SMS-lər göndərilir, edilmiş dəyişikliklərin mahiyyəti keçirilən görüşlərdə və eləcə də KİV-lərdə ətraflı şəkildə izah edilir. Bu tədbirlər öz nəticəsini vermədikdə və qanunvericiliyin pozulması halları davam etdikdə, həmin vergi ödəyiciləri vergidən yayınma nöqteyi-nəzərindən riskli vergi ödəyiciləri hesab edilərək, onlarda Vergi Məcəlləsinin 50-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri həyata keçirilir.

Pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına və malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası əsasında alınmasına nəzarət məqsədilə 2017-ci ilin yanvar-may ayları ərzində vergi nəzarəti tədbiri keçirilmiş 1042 obyektdən 942-də pozuntu faktları aşkar edilmiş, 32 milyon 936,1 min manat həcmində uçotdan gizlədilmiş pul vəsaiti, 41 milyon 99 min manat məbləğində uçotdan gizlədilmiş mallar aşkar edilərək həmin vergi ödəyicilərinə ümumilikdə 5 milyon 454,6 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.

Nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunması üzrə hesabat dövründə 55 obyektdə keçirilmiş vergi nəzarəti tədbirləri nəticəsində 31 obyektdə qanunvericiliyin tələblərinin pozulması faktları aşkar edilərək, pozuntuya yol vermiş vergi ödəyicilərinə 119,9 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.

Qeyri-rəsmi məşğulluq və vergidən yayınma hallarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması istiqamətində vergi orqanları tərəfindən cari ilin yanvar-may ayları ərzində 555 obyektdə aparılmış vergi nəzarəti tədbirləri nəticəsində 329 obyekt üzrə 1987 nəfər şəxsin müvafiq qaydada rəsmiləşdirilmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi aşkar olunmuşdur. Nəzarət tədbirlərinin nəticələrinə görə, qanun pozuntusuna yol vermiş şəxslər barəsində 1 milyon 735 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.

Vergi ödəyiciləri bilməlidirlər ki, vergi əməliyyatlarında şəffaflığın təmin edilməsi qısamüddətli bir kampaniya deyil, ölkə iqtisadiyyatının davamlı inkişafının əsas şərtlərindən biridir və bu məsələ daim vergi orqanlarının diqqət mərkəzində saxlanılacaq, uçotdan kənar əməliyyatların qarşısını almaq üçün ən ciddi tədbirlər görüləcəkdir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]