Xeberman.com
Yazarlar

Siyasətsiz Media ...Media Siyasəti...

3-06-2017, 08:33
Zahir Əzəmət



İllər əvvəl qəzetlər vardı. Siyasi partiya orqanları. "Yeni Müsavat", "Azadlıq", "İstiqlal", "Millət"...

Qəzetlərin ən oxunaqlı yazıları ölkənin daxili siyasəti ilə bağlı idi. İqtidar-müxalifət münasibətləri, partiyalararası gərginliklər, söz atışmaları, polemikalar, dəyirmi masalar...

40-50 minlik tirajla satılan qəzetlərimiz vardı... Kim idi həmin oxucular? 88-ci ildən başlayan və müstəqillik illərində yüzdən yuxarı partiyaya parçalanan, getdikcə öləziyən siyasi proseslərin iştirakçıları... 30 il geridə qaldı. Onların çoxu artıq ya həyatda yoxdur, ya da siyasətlə maraqlanmayacaq qədər qocalıblar.

Qəzetlər yavaş-yavaş oxucularını itirdi. Yeni nəsil və yeni düşüncəni özünə cəlb etmək üçün bir şey edə bilmədilər. Hökümətin də qəzetlərlə bağlı atdığı sistemli addımlar da öz mənfi təsirini göstərdi. Qəzet bazarında müxalif yönlü nəşrlərin dominantlıq etməsi təbii ki, höküməti narahat etməyə bilməzdi. Nəticədə əvvəl əl yayımı yoxa çıxdı, sonra da qəzet köşkləri...

İndi Azərbaycanda qəzet köşklərinin sayı ciddiyə alınmayacaq qədər azdır.

KİVDF kimi qurumlar isə qəzetlər üçün süni nəfəslik rolunu oynadı. Nəyə hesablamışdılarsa, o nəticəni də aldılar.

Ortada bir-iki qəzet qalıb. Tiraj da ölü...

Ən önəmlisi, ildən-ilə qəzetlərdə siyasi mövzular azal-azala yox dərəcəsinə qədər endi...

Yəni rəsmi media siyasətinin məqsədi siyasətsiz mediaya nail olmaq idi. Oldular...

Bir müddət bu boşluğu internet mediası doldurdu. Yeni nəsil artıq qəzetlərə yox, internet mediasına can atdı. Texnologiyanın inkişafı internet mediasını yüz minlərlə oxucu üçün əlaçatan etdi. Sosial şəbəkələrin üzvlərinin sayı artıq 1 milyonu keçməyə başladı. İnternetsiz ev, mobil telefonsuz vətəndaş qalmadı. Bu da qəzet köşkü deyil ki yığışdırasan? Odur ki, bu dəfə iqtidar proseslərə daha aktiv qoşulmağa çalışdı. Pul kisələrinin ağzını açdı, çoxsaylı internet resursları yaratdı, onların maddi bazasını gücləndirdi, müxalifət qəzetlərinin fəal yazarlarını bu internet resurslarına topladı. Məqsəd aydın idi - bu dəfə dominantlığı əldən vermək olmazdı... Demək olar ki, bacardı da. Alternativ medialar resurssuz, reklamsız qaldı, ədalətsiz rəqabətə davam gətirə bilmədi... Amma hər zaman olduğu kimi, internet mediasının ümumi ansamblında "xaric oxuyanlar" da tapıldı. Hər halda hələ də çox cüzi resurslarla sayt və ya bloq açmaq mümkündür. Hətta bunlarsız ötüşüb, sosial şəbəkələrdə hesab və ya səhifə açıb da çoxsaylı auditoriyaya çıxmaq olar. Bir çox bloggerin timsalında bu nümunələrlə rastlaşdıq da.

Amma... detallara varmadan demək olar ki, iqtidar bu mərhələni də arxada qoydu.

Artıq "xaric oxuyanlar" yoxdur, varsa da ölkə üçün əlçatan deyil.

Əlimizdə qalanlara baxaq: bir-iki ölü tirajlı qəzet, xor oxuyan saytlar....

... Sakitlikdir.

Bəs sonra?...

... Sonra da iqtidar balaca bir ölkədə minlərlə xəbər saytının mövcudluğundan narahat olmağa başlayacaq. Nə olsun ki, indi hamı eyni mahnını oxuyur. Sayları ki, çoxdur...

Sosial şəbəkələrmi?

Axı onlar bizim ölkədən reklamlar vasitəsi ilə il ərzində böyük məbləğdə pullar qazanır, amma vergi ödəmir. Niyə də onlara giriş məhdudlaşdırılmasın? Əvəzində bir neçə yüz milyon vəsait xərcləyib milli şəbəkələr qurmaq, düşüncələri filtrləmək, tendensiyaları təyin etmək və yönəltmək olar...

Hələ ağıllı menecer olsa, bundan pul qazanmaq da mümkündür...

Ölü televizya, ölü media, ölü sükut...

Bizə yaraşanı da budur!

Administratorla əlaqə

070- 965-99- 49

yazar313@mail.ru

Dəstək: Nizam Group

loading...
loading...