Yazarlar

"İkiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlər..." - Baş direktor

7-04-2017, 00:06
Xeberman.com xəbər verir ki, bunu Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin baş direktoru Zaur Fətizadə deyib.

Hər bir ölkənin investorları üçün gələcək fəaliyyətlərinin vergi nəticələri ilə bağlı aydınlıq və əminliyin mühüm atributlarından biri ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərdir. İnvestorlar hər hansı bir dövlətə sərmayə qoyuluşları həyata keçirməzdən əvvəl, ilk növbədə, həmin dövlətin investisiya mühitinin əlverişlilik səviyyəsini araşdırırlar. Bu zaman bir çox başqa amillərlə yanaşı, investisiyalar üçün əlavə hüquqi təminatların mövcudluğu, o cümlədən ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlər mühüm rol onayır.

İqtisadiyyatın sürətli templə inkişaf etməsində xarici investisiyaların rolu çox əhəmiyyətlidir. Azərbaycan iqtisadiyyatında müqayisəli üstünlüklərin mövcudluğu, qeyri-neft sektorunun rolunun davamlı şəkildə genişlənməsi və istehlakın artması əcnəbi investorların nəzərindən qaçmır. Bu baxımdan, ikiqat vergitutma ilə bağlı sazişlərin imzalanması sözügedən prosesə mühüm bir təkandır.

İkiqat vergitutmanın aradan qaldırılmasına dair sazişlərin ölkələr arasında hüquqi-iqtisadi müstəvidə də əhəmiyyəti olduqca böyükdür. Belə sazişlər ölkələr arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verməklə və sazişi imzalamış ölkənin şirkətləri və iş adamları üçün geniş imkanlar açmaqla yanaşı, ölkələrin hüquqi prinsiplərə və investisiyaların müdafiəsinə sadiqliyini nümayiş etdirən böyük siyasi əhəmiyyətə də malikdir. Ümummilli lider Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyev daim sözügedən sazişlərin siyasi və iqtisadi əhəmiyyətini, bu sazişlərin xarici investisiyaların müdafiəsinə və təşviqinə verdiyi önəmi qeyd etmişlər.

İkiqat vergitutma bir şəxsin eyni gəlirinin birdən artıq dövlət tərəfindən eyni növlü vergiyə cəlb edilməsidir. Bu, dövlətlərarası mal və xidmət ticarətinə, kapitalın, texnologiyanın və şəxslərin sərbəst hərəkətinə mənfi təsir etməklə, dövlətlərarası iqtisadi əlaqələrin inkişafına maneə törədir. Təbii ki, sərmayədarlar digər dövlətdə investisiya qoyaraq kommersiya, sənaye, maliyyə və ya digər fəaliyyətlərlə məşğul olmağa başlamazdan və ya digər dövlətin hüquqi və fiziki şəxsləri ilə təsərrüfat əqdləri və əməliyyatlarına daxil olmazdan əvvəl eyni gəlirinin bu dövlətlərin hər ikisində vergiyə cəlb edilməyəcəyindən, onun üzərinə əlavə vergi yükünün düşməyəcəyindən və bütün bunların bazardakı mövqeyi və rəqabət qabiliyyətinə mənfi təsir etməyəcəyindən əmin olmağa çalışırlar. Buna görə də ikiqat vergitutmanın aradan qaldırılması haqqında saziş iki dövlət arasında iqtisadi əlaqələrin təməlini təşkil edən əsas beynəlxalq sənədlərdəndir və investorların diqqət yetirdiyi mühüm hüquqi elementdir. Bu cür sazişlər olmadığı halda isə hətta böyük həcmli investisiya güzəştləri, stimullaşdırma tədbirlərinin əhəmiyyəti azalır. Çünki xarici investisiyalar üçün maksimum dərəcədə əlverişli şərait təmin edilsə belə, investor əldə etdiyi gəliri mənbə dövlətindən çıxararkən əlavə vergi ödəməli, öz ölkəsində isə təkrarən eyni gəlirdən vergi ödəməli olur. Buna görə də ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlər xarici investisiyaların cəlb edilməsi üçün mühüm əhəmiyyət daşıyır.

İkiqat vergitutmanın əsas yaranma səbəbləri eyni bir şəxsin hər iki dövlətdə rezident hesab edilərək onun bütün gəlirlərinin vergiyə cəlb edilməsi, yaxud həmin gəlirin yarandığı dövlətdə ödəmə mənbəyində vergiyə cəlb olunduqdan sonra rezidentlik dövlətində həmin gəlirdən bir daha vergi ödənilməsidir. İkiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərin mahiyyəti bir şəxs digər dövlətdən gəlir əldə edən zaman həmin gəlir üzrə vergitutma hüquqlarının iki dövlət arasında bölüşdürülməsi ilə eyni gəlirin iki dəfə vergiyə cəlb edilməsinin qarşısının alınmasıdır.

Hüquqların bölüşdürülməsi iki yoldan biri ilə:

· ya hər hansı bir gəlir növünün vergiyə cəlb olunması üzrə müstəsna hüququn yalnız rezidentlik dövlətinə verilməsi;

· ya da gəlirin əldə edildiyi dövlətdə vergiyə cəlb edilməsi və sonradan həmin verginin rezidentlik dövlətində çıxılma və ya azadolma vasitəsilə nəzərə alınması yolu ilə həyata keçirilir.

Azərbaycan Respublikası tərəfindən digər dövlətlərlə imzalanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərdə xaricdə ödənilmiş verginin nəzərə alınması metodu Vergi Məcəlləsinin 127-ci maddəsində nəzərdə tutulmuş çıxılma metoduna əsaslanır. Məsələn, cari ilin fevral ayında Danimarka Krallığı ilə imzalanmış sonuncu ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiyaya nəzər salaq. Bu saziş, ilk növbədə, Azərbaycan rezidentlərinin Danimarkada, Danimarka rezidentlərinin isə Azərbaycanda iqtisadi fəaliyyətləri zamanı əldə etdikləri gəlirlərdən eyni verginin iki dəfə ödənilməsinin qarşısını almağa xidmət edir. Bunun üçün müəyyən gəlir növləri üzrə müstəsna vergitutma hüququ mənbə dövlətinə verilir, müəyyən gəlir növləri isə onların əldə edildiyi dövlətdə vergiyə cəlb olunaraq, sonradan rezidentlik dövlətində nəzərə alınır.

Bundan əlavə, Konvensiya hər iki dövlətin vergi orqanları arasında vergidən yayınma ilə mübarizə sahəsində əməkdaşlıqla bağlı müddəaları nəzərdə tutur, xüsusilə səlahiyyətli orqanlar arasında sorğu əsasında məlumat mübadiləsinin prinsiplərini tənzimləyir. Yəni dövlətlərdən hər hansı birinin vergi orqanı vergidən yayınma ilə bağlı konkret hallarla bağlı araşdırma apararkən, yaxud adi fəaliyyəti zamanı (məsələn, vergi yoxlaması çərçivəsində bu cür şübhəli hallarla rastlaşarsa) aidiyyəti məsələlərlə bağlı digər dövlətin vergi orqanına sorğu göndərməklə məlumat əldə edə bilər.

Bununla yanaşı, ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı sazişlər həm də diqqətdə saxlanılaraq imzalanmadan sonrakı illərdə zərurət yarandığı hallarda təkmilləşdirilir. Məsələn, bu günlərdə Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin ölkəmizə rəsmi səfəri zamanı Azərbaycan və Qazaxıstan arasında ikiqat vergiyə cəlb edilməyə yol verilməməsi, gəlir və əmlak vergilərinin ödənilməsindən yayınma hallarının qarşısının alınması haqqında sazişə əlavə və dəyişikliklər edilməsi barədə protokol imzalandı. Qazaxıstanla müvafiq saziş hələ 1996-cı ildə imzalanmışdı. Həmin vaxtdan keçən dövr ərzində həm hər iki dövlətin vergi qanunvericiliklərində, həm də beynəlxalq vergitutmanın ümumi qəbul edilmiş prinsiplərində əhəmiyyətli dəyişikliklər baş vermişdir. Buna görə də sözügedən sazişin müddəalarının aktuallaşdırılması və yeni tələblərə uyğunlaşdırılması zərurəti yarandığından, ona əlavə və dəyişikliklər edilməsini nəzərdə tutan protokol hazırlanaraq imzalandı. Bu protokola əsasən, sazişin tətbiq olunduğu vergilərin siyahısı hər iki dövlətin tətbiq etdiyi vergilərlə uyğunlaşdırılmalı, saziş üzrə səlahiyyətli orqanlar yenidən dəqiqləşdirilməli, vergidən yayınmanın qarşısının alınması məqsədilə əlavə müddəalar artırılmalı, iki ölkə arasında məlumat mübadiləsinin daha çevik və müasir beynəlxalq standartlara uyğun həyata keçirilməsi məqsədilə təkmilləşdirilməli, OECD-nin şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forumunun tələblərinə uyğunlaşdırılmalı və s. tədbirlər həyata keçirilməlidir.

Hazırda Azərbaycan Respublikası ikiqat vergitutmanın aradan qaldırılması haqqında 53 dövlətlə saziş imzalamışdır: onlardan 49-u qüvvəyə minmişdir və tətbiq edilməkdədir. Bu sazişlər ölkəmizin bütün əsas iqtisadi və ticarət tərəfdaşlarını, o cümlədən Azərbaycanda əhəmiyyətli investisiyalara malik olan dövlətləri əhatə edir. Bundan əlavə, 5 dövlətlə (Sinqapur, İrlandiya, Slovakiya, Malayziya və Mərakeş) müvafiq sazişlər imzalanmaya hazırdır, 8 dövlətlə (Albaniya, Qırğızıstan, Banqladeş, Hindistan, Suriya, Türkmənistan, Portuqaliya və Oman) müzakirələr davam etdirilir, 10-dan artıq dövlətə isə layihə təqdim edilib və danışıqların başlanması gözlənilir

Administratorla əlaqə

077 611-55-22

[email protected]