Yazarlar

Ölkədə polis özbaşınalığından heç bir vətəndaşımız sığortalanmayıb.

19-02-2017, 14:44

Təəsüflə qeyd erməliyik ki, vətənimiz Azərbaycanda polis özbaşınalığı və zorakılığı pik həddədir. Vətəndaşın cibinə narkotik atıb şərləmək, polis idarələrindəki işgəncələr, qanunsuz olaraq evlərə və iş yerlərinə daxil olub axtarış aparmalar və digər neqativ hallar adi bir vəziyyətə gəlib çıxmışdır. Bu hallar 21-ci əsrdə böyük rəzalət və biyabırçılıqdır. Sizi inandırıram ki, əgər ölkədə bu qanunsuzluq və özbaşınalıqlarla mübarizə aparan şərəfli, vicdanlı insanlarımız olmasa, bu polislər insanların evinə girər və deyər ki, namusunu ver. Çünki gündüz-gecə fərq etmədən vətəndaşın evinə basqın edən, ailə-uşağını qorxudan, evə silah qoyan polisdən hər şey gözləniləndir. Əlbəttə ki, bu qanunsuzluqlardan heç bir vətəndaş sığortalı deyil. Kimsə özünü bu özbaşınalıqlardan uzaq bilir və deyir ki, mən hara polis hara. O böyük səhv edir. Bilsin ki, bir gün ona da şər atıb ən axırda bölməyə çağırıb rüşvət alıb buraxacaqlar. Bu ən yaxşı halda belə olacaqdır. Çünki polis öz vəzifəsinə əməl etmir.
Polis peşəsi çox şərəfli və dəyərli peşədir. Polis əslində asayiş keşikçisidir. Əfsus ki, bizdə belə deyil. Bizdə polis özü asayişi pozur, dinc vətəndaşı şərləyir və onu cinayətə meylləndirir. Bakı İstintaq Təcridxanasında çoxsaylı həbs olunan vətəndaşlarımızla ünsiyyətdə oluram. Əksəriyyəti də 20-35 yaş kateqoriyalı gənclərdir. İnanın Allaha adamın ürəyi ağrayır. Fikirləşirəm ki, niyə bu cavanlar cinayətkardır? Bunlar niyə cinayətə meyllidir? Araşdıranda, soruşanda görürsən ki, həbs olunanların ən azı 50%-i etdiyi xırda cinayətin şişirdilərək, yüklənərək böyüdülməsi nəticəsində bura gəlib çıxmışdır. Yəni xırda məsələn, kiməsə söyüş söymək, yaxud yumruq atmaq, yaxud sərbəst fikrini çatdırmaq, yaxud marketdən bir diş pastası oğurlamaq, yaxud aldığı borcu 10 gün gec qaytarmaq, yaxud qonşuyla dalaşmaq və digər inzibati sutkalıq həbslərlə həll olunası məsələlər polis bölmələrində vətəndaşlara işgəncələr verilərək böyüdülür və beləliklə cinayət işinin açılmasına səbəb olur. Bir sözlə polis idarələrində müstəntiqlər cinayətin yaxud yalnız əməlin mahiyyətini araşdırır. Ağlında bir şey var. Cinayət işi açıb həbsə göndərmək. Vəssalam. Çünki belə olan halda rüşvət və gəlir mənbələri açılır. Həbs olunan şəxslərdən çoxlu pullar alırlar və beləliklə haram pullarla bahalı avtomobillər, villalar alırlar. Vətəndaşları isə bədbəxt və əsl cinayətkarlar edirlər. Çünki həbsxana öz-özlüyündə iradəsi zəif olan insanlara mənfi təsir göstərir və özləri üçün bu həyatı adiləşdirirlər. Həbsdən çıxandan sonra bu dəfə həqiqi cinayət edərək rahat bir şəkildə həbsə qayıdır. Bir sözlə polisin özbaşınalığı və zorakılığı vətəndaşların həyat tərzini pozur və cinayətə meylləndirir. Polis özbaşınalığının qarşısı necə alınmalıdır? Əlbəttə, bu olduqca böyük bir problemdir. Bizim övladlarımız vardır. Gələcək nəsilə bunun hesabını verə bilmərik. Ona görə bütün xalq və vətəndaşlar hamısı bir yerdə yumruq halında ölkədə polis zorakılığına qarşı dirənməli və mübarizə aparmalıdır. Əks halda vəziyyət indikindən də pis olacaqdır. Polis özbaşınalığıyla bağlı aksiyalar, çağırışlar, maarifləndirici tədbirlər, yazılar, verilişlər gündəmə çıxmalı, həmçinin hadisə yerinə video çəkilişlər aparılaraq bu özbaşınalıqlar ifşa olunmalıdır. Xülasə hər bir vətəndaş bu qanunsuzluqla mübarizəyə qalxmalıdır. Çünki bu cəmiyyətin problemidir.

Vüsal Nadiroğlu "Müsəlman Birliyi Hərəkatı" İdarə heyətinin üzvü. Bakı Ağır Cinayətlər Məhkəməsi 10/02/2017

Administratorla əlaqə

077 611-55-22

[email protected]