Yaşam

Sosial şəbəkələrdə həyata keçirilən “Kəlağayı günü” adlı internet-aksiya davam edir

1-12-2015, 14:28
Sosial şəbəkələrdə həyata keçirilən “Kəlağayı günü” adlı internet-aksiya davam edirHər bir xalqın geyim tərzində onun milli ruhu, dünyagörüşü, düşüncəsi tərənnüm olunur. Azərbaycan xalqının xanımlara məxsus baş örtüyü kəlağayı da belə geyimlərdəndir. Təmiz baramadan işlənmiş ipək kəlağayılar öz zərifliyi, incəliyi ilə göz oxşayır, diqqət çəkir. Tarixən qız-gəlinlərimizin, ana və nənələrimizin bəzəyinə çevrilən kəlağayılar əlvan rənglərdə toy-düyün, şənlik və bayram əhvali-ruhiyyəsindən xəbər verib.

Bu sözləri AZƏRTAC-ın müxbirinə Mədəniyyət və Turizm Nazirliyinin Elmi-Metodiki Mərkəzinin əməkdaşı Fərhad Abdulov deyib. O, vurğulayıb ki, bir çox muzeylərdə, şəxsi kolleksiyalarda saxlanılan kəlağayılar bu gün də Azərbaycan xalqının zərif ruhunu özündə təcəssüm etdirir, ilkinliyini, qədimliyini qoruyub saxlayır. Məhz buna görə də Elmi-Metodiki Mərkəz noyabrın 26-dən başlayaraq “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, “Sənətkar” jurnalının, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və “ASAN” Könüllülərinin dəstəyi ilə sosial şəbəkələrdə “Kəlağayı günü” adlı internet-aksiyası həyata keçirir. Bu aksiya Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilən kələğayımız haqqında gənc nəslə geniş bilgilər verəcək.

Fərhad Abdulov bildirilib ki, dekabrın 2-dək davam edəcək internet aksiya gənc qızlarımıza kəlağayıdan istifadə və onu təbliğ etməklə bu zərif, rahat, baş örtüyünün gələcək nəsillərə çatdırılmasına yardımçı olacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]