Yaşam / Foto Fakt

STP-də obyekt mülki müdafiə təlimi keçirilib (FOTO)

4-05-2017, 23:33

Bu gün “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin və Sumqayıt regional fövqəladə hallar və mülki müdafiə şöbəsinin illik mülki müdafiə tədbirlər planı”na əsasən müəssisənin ərazisində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrin idarə olunmasının təşkili” mövzüsunda obyekt mülki müdafiə təlimi keçirilib.

Təlimdə STP-nin hərbiləşdirilməmiş mülki müdafiə qüvvələri, obyekt fövqəladə hallar komissiyası, mülki müdafiə qərargahı ilə bərabər müəssisənin mühafizə və poliklinikasının tibbi yardım qrupları, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin şəxsi heyəti, respublika Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin üzvləri iştirak edib.

Təlim zamanı şərti olaraq episentri Xəzər dənizində olmaqla Abşeron yarımadasının cənub-şərq hissəsində, Sumqayıt şəhərindən 65 km aralıda 7,0 bal gücündə baş vermiş zəlzələ nəticəsində “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin inzibati binasında dağıntılar baş vermiş, çoxlu sayda insan xəsarət almış, müəssisənin mis əritmə sexində qaz xətlərində sızmalar olmuş və partlayış-yanğın baş vermiş, “Azərkimiya” İB-nin Etilen-polietilen zavodundan 15 ton maye xlor ətrafa dağılmış və texnopark zəhərlənmə zonasına düşüb.

Şərti fövqəladə hadisənin qarşısının alınması və işçilərin maksimum mühafizə olunması məqsədi daşıyan təlimdə həyəcan siqnalının verilməsi ilə STP-nin mülki müdafiə qüvvələri, Sumqayıt Regional Mərkəzinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub.

İlkin olaraq mühəndis kəşfiyyat qrupu tərəfindən yanğın baş vermiş ərazidəki vəziyyət barədə məlumat toplanıldıqdan, həmçinin radiasiya-kəşfiyyat qrupu tərəfindən ərazinin nə dərəcədə zəhərli və radiasiya təhlükəli olması ilə bağlı Mülki Müdafiə Qərargahına məlumat verildikdən sonra xilasetmə manqaları tərəfindən xəsarət alanların xilas edilməsi, təhlükəsiz əraziyə çıxarılması, ilkin tibbi yardım göstərmək üçün sanitar posta təhvil verilməsi və ağır vəziyyətdə olanların təcili yardım maşınlarında şəhərin müalicə müəssisələrinə göndərilməsi əməliyyatı yerinə yetirilib.

Təlim boyunca kimya müşahidə nəzarəti labararoriya şəbəkəsi tərəfindən ərazidə davamlı müşahidələr aparılmış, götürülmüş nümunələrin nəticəsi ilə qərargah məlumatdırılıb. Yanğından Mühafizə İdarəsinin şəxsi heyətinin operafiv müdaxiləsi ilə mis əritmə sexində baş vermiş yanğın, digər sexlərə keçməsinin qarşısı alınmaqla söndürülüb.

Həm radiasiya-kəşfiyyat, həm yanğınsöndürmə, həm də xilasetmə və sanitar dəstələri tədbirin davam etdiyi müddət ərzində əlbir şəkildə hərəkət etmiş, pərakəndəliyə, çaşqınlığa yol verməmişlər. Müvafiq təhlükəsizlik təlimatlarına uyğun olaraq keçirilən, iştirakçıların kifayət qədər yüksək peşəkarlıq nümayiş etdirməsi ilə müşayiət olunan təlim uğurla başa çatmış və qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]