Yaşam

Bananda QİÇS xəstəliyi varmı...

3-12-2016, 17:20

 Bananda QİÇS xəstəliyi varmı...Eyyub Hüseynov: "Yayılan məlumatlar həqiqətə uyğun deyil”; Rövşən Ziya: "Bananda ləkələrin yaranması saxlanma şəraitinin düzgün olmamasıdır” 

 


Sosial şəbəkələrdə bananın xəstəlik yaydığına dair xəbərlər yayılıb. Bananda qeyri-adi qırmızı ləkələr meyvənin daxilinə yeridilmiş qan kimi qələmə verilir. Bu hallar insanlar arasında ciddi narahatlığa səbəb olub.

Cebhe.info-ya daxil olan şikayətə görə, ana övladına banan verdikdən sonra dəhşətli mənzərə ilə rastlaşıb: "Öncədən elə bildik ki, uşağın ağzı qanayıb. Sonra baxıb gördüm ki, bananın içində qan var”.

Uşağın yaxınlarının verdiyi məlumata görə, artıq analiz verilib, nəticə gözlənilir.

Bəs bu nə dərəcədə realdır? Doğrudan da banana QİÇS xəstəliyi yayan qan vurula bilərmi?

Bir neçə banan satılan yerə baş çəkib həm satıcıların, həm də alıcıların fikrini aldıq. Satıcılar yayılan məlumatlara elə də inanmadıqlarını bildirdilər. Satıcı Ənvər Quliyev banan alanlardan hələ ki bir şikayət eşitmədiklərini bildirdi: "Banan çox satılır. Alıcılardan gəlib hansısa deməyib ki, sizdən aldığım bananın içindən nəsə çıxıb”.

"Rahat” marketdə banan alıcısı Aynur Əliyeva da bananla bağlı çıxan söhbətləri internetdə oxuduğunu dedi: "Elə xəbərləri mən də oxudum. Əlbəttə ki, bu məni narahat etdi. Mənim uşaqlarım banan xoşlayır və mən həmişə  alıram. Artıq bu xəbərlərdən sonra almağa tərəddüd edirəm”.

Söhbətə qatılan digər alıcı isə bunun şayiə olduğunu bildirdi: "Mən inanmıram. Bu bir qrup işbazların uydurduğu bir nağıldır”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bunun dezoinformasiya olduğunu dedi: "Mənə bir banan göstərdilər. Xarab olub içi qırmızı rəngə çevrilib. Bu camaatda şübhə yaradıb. Ancaq yayılan bu məlumatlar həqiqətə uyğun deyil. Düzdür, mən bananın yetişdiyi Cənubi Afrikada olmuşam. Ticarət naziri çıxıb dedi ki, burada hər 4 adamdan biri SPİD-dir. Ancaq bananla SPİD xəstəliyinin yayılması həqiqətə uyğun deyil”.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin mətbuat katibi Rövşən Ziya ləkələrin yaranmasına səbəbin bananın düzgün saxlanmaması ilə əlaqədar olduğunu dedi: "AİDS/SPİD və qan xəstəliklərinin virusunun iynə vasitəsi ilə banan meyvəsinin tərkibinə yeridilməsi ilə bağlı səsləndirilən fikirlər həqiqəti əks etdirmir. Bu virusun müəyyən vasitələrlə meyvənin tərkibinə yeridilməsi faktı mövcud deyil. Məlum olduğu  kimi, QİÇS xəstəliyi İİV (İnsanda İmmunçatışmazlığı Virusu) infeksiyası fonunda inkişaf edən və CD4+ limfositlərinin (leykosit növü) azalması ilə xarakterizə olunan, mahiyyəti etibarilə İİV infeksiyasının son mərhələsidir. Bu virus qan yolu ilə, eləcə də HIV/AİDS-li adamın qan, qan məhsulları, toxuması və ya orqanlarının nəqli və s. vasitələrlə yayılır.   Banan meyvəsinin tərkibində ləkələrin yaranmasının əsas səbəbi, saxlanma şəraitinin düzgün olmaması ilə əlaqədardır. Belə ki,  banan və digər meyvələr istifadəyə yararsız və müasir texnoloji avadanlıqlarla təchiz olunmayan anbarlarda uzun müddət saxlanıldıqda, meyvənin tərkibində göbələk və s. xəstəliklərin təzahürləri meydana çıxır ki, bu da istehlakçılarda narahatçılığın yaranmasına səbəb olur”.

R.Ziya bununla bağlı müvafiq laboratoriyalarda analizlər aparıldığını bildirdi: "Qeyd edək ki, ölkəyə idxal olunan banan və digər meyvə məhsullarından götürülən nümunələr üzərində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin müvafiq laboratoriyalarında analizlər aparılır. Əgər analizlər zamanı meyvənin tərkibində karantin tətbiq olunan zərərvericilər aşkar olunmazsa, və ya kimyəvi maddələrin qalıq miqdarı normadan artıq olmazsa, idxalına icazə verilir. Əks halda, meyvənin ölkəyə daxil olmasının və istehlakçılara çatdırılmasının qarşısı alınır”.

Xatırladaq ki, banan əsasən tropik ölkələrdə  yetişir. Bananı yaşıl halda yığırlar, çatdırılma müddətində yetişir. Çox vaxt bananı kal halda satırlar və yetişməsi üçün otaq temperaturunda saxlanılır. Bananın 300-ə yaxın növü olsa da, istehlak baxımından iki növə ayrılır: şirin və nişastalı. Birinci çiy halda yeyilir, yetərincə bərk olan ikincisi isə tamına görə kartofu xatırladır. O qızardılır, pörtlədilir, balıq və ət xörəklərində istifadə edilir. Bir çox ölkələrdə banan yarpağından boşqab kimi istifadə olunur. Bananın tərkibində 14-22 faiz şəkər, 5-8 faiz nişasta, 1,5 faizədək protein olur. Bananın tərkibində çoxlu karbol olduğundan adamı tez doydurur.  Lətində orqanizmin müdafiə funksiyalarını möhkəmlədən, soyuqlamanın qarşısını alan xeyli miqdarda askorbin turşusu var. Banan C, A, B vitaminləri və maqneziumla zəngindir. Onlar maddələr mübadiləsini yaxşılaşdırır, bədəndəki şlak və mayeni xaric edir, qandakı xolesterinin səviyyəsini aşağı salır, immuniteti bərpa edir, əsəbləri sakitləşdirir.

Amerika Kimya Cəmiyyəti mütəxəssisləri hesab edirlər ki, banan qabığının suyundan ağır metallardan təmizləmədə istifadə etmək olar. Alimlərin təqdim etdiyi hesabatda deyilir ki, doğranılmış banan qabığı suyun təmizlənməsi üçün nəzərdə tutulan digər müasir materiallara nisbətən daha səmərəlidir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]