Siyasət

Ziya Məmmədov nazir postundan uzaqlaşdırılır

12-10-2016, 23:01

Hakimiyyət "Donald Tramp gözləntisi”nin doğrulmayacağını düşünür

Hakimiyyət nəqliyyat naziri Ziya Məmmədovla vidalaşır. Artıq Ziya Məmmədovun əlində qalan cüzi səlahiyyətləri də əlindən alınır. Bir neçə gün əvvəl məlumat vermişdik ki, nazirin oğlu Anar Məmmədov rəhbərlik etdiyi Azərbaycan Qolf Federasiyasından uzaqlaşdırılır. Onun yerinə "Azərsun Holdinq”in prezidenti Abdubari Goozalın təyin olunacağı bildirilir. Goozal özü də bu məsələyə münasibət bildirib. "Azərbaycan Qolf Federasiyasına rəhbərlik edib-etməməyim dövlətin qərar verəcəyi məsələdir” deyən "Azərsun Holdinq”in prezidenti belə bir iddiada olmadığını bildirib. Bununla belə o, deyib: "Olsa, üstünlüyü xarici direktora verərdim ki, Azərbaycanda qolfu inkişaf etdirsin. O, bunu məndən daha yaxşı bilər”.
Dünən isə bəlli olub ki, Azərbaycan Voleybol Federasiyası Ziya Məmmədovdan alınıb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova Trend-ə bildirib ki, bu gun Milli Olimpiya Komitəsində Azərbaycan Voleybol Federasiyasına yeni prezidentin təyin olunması ilə bağlı iclas keçirilib.
İclasda qərara alınıb ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov federasiyanın yeni rəhbəri seçilsin.
İclasda gənclər və idman naziri Azad Rəhimov və digər rəsmilər iştirak ediblər.
Qeyd edək ki, federasiyanın bundan öncə prezidenti nəqliyyat naziri Ziya Məmmədov olub.
Ziya Məmmədovun səlahiyyətlərinin əlindən alınmasına baxmayaraq hələ də nazir vəzifəsində saxlanılması ABŞ-dakı prezident seçkiləri ilə izah edilirdi. Bu ölkənin prezidentliyə namizədlərindən biri Donald Trampla Ziya Məmmədov arasında dostluq əlaqələrinin olduğu deyilirdi. İddia olunurdu ki, hakimiyyət Donald Trampın prezident semiləcəyi təqdirdə Ziya Məmmədovun onunla dostluq münasibətlərindən yararlanmağı düşünüb. Lakin artıq Trampın prezident seçilməyəcəyi ilə bağlı rəy yaranıb. Onun son iki debatda mğlub olması da bu rəyi möhkəmləndirib. Ona görə də hakimiyyət Ziya Məmmədovla vidalaşmaq niyyətindədir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]