Siyasət

2 nazirlik və 3 dövlət komitəsi ləğv edilir - siyahı

28-08-2016, 00:40
2 nazirlik və 3 dövlət komitəsi ləğv edilir - siyahı
Sentyabrın 26-da keçiriləcək  olan Konstitusiyaya dəyişikliklərlə bağlı referendum bitdikdən sonra hökumətin tərkib və struktunda ciddi dəyişikliklər gözlənilir. Bir sıra nazirlik və dövlət komitələrinin ləğvi, yenidən təşkili və yenidən qurulması nəzərdə tutulur. Bu barədə istiqlal.az-a hökumətdəki mənbələrdən məlumat daxil olub.

Mənbənin məlumatına görə, struktur islahatı nəticəsində bir neçə nazirlik və dövlət komitəsi ləğv ediləcək: Nəqliyyat Nazirliyi ləğv edilməsi, səlahiyyətlərinin İqtisadiyyat Nazirliyinə verilməsi nəzərdə tutulur. Eyni zamanda Kənd Təsərrüfatı Nazirliyinin ləğv edilməsi, səlahiyyətlərinin İqtisadiyyat və Sənaye Nazirliyi ilə Ekologiya vəTəbii Sərvətlər Nazirliyi arasında bölüşdürülməsi gözlənilir. Bundan başqa Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğvi, funksiyalarının İqtisadiyyat Nazirliyinə verilməsi, Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsi və Statistika Komitəsinin ləğvi, səlahiyyətlərinin Maliyyə Nazirliyinə verilməsi nəzərdə tutulur. 

Mənbənin məlumatına görə, hazırda işçi qrup başqa struktur dəyişiklikləri üzərində işləyir: Başqa nazirlik və dövlət komitələrinin ləğvi, birləşdirilməsi və yenidən təşkili versiyaları üzərində işlənilir. 

İstiqlal.az bir qədər öncə hökumətdəki mənbələrə istinadən məlumat yaymışdı ki, sentyabrın 26-da keçiriləcək  olan Konstitusiyaya dəyişikliklərlə bağlı referendum bitdikdən sonra prezident Nazirlər Kabinetinin indiki tərkibini istefaya göndərəcək. Baş nazirin 6 müavini postu ləğv ediləcək. 

Mənbənin bildirdiyinə görə, referndumdan sonra vitse-prezidentlik institutunun yaradılması gözlənilir: Vitse-prezidentlik təsisatı yaradıldıqdan sonra Nazirlər Kabinetinin indiki statusu da dəyişdiriləcək. Bu formatda baş nazirin müavini postları ləğv ediləcək, onların funksiyaları vitse-prezidentlərə ötürüləcək. Yalnız baş nazir və onun köməkçiləri ştatları saxlanılacaq. Nazirlər Kabinetindən fərqli olaraq vitse-prezidentlik təsisatı işlək institut olacaq və cari idarəetmə ilə məşğul olacaq. Bundan başqa, bir neçə nazirlik və dövlət komitəsinin yenidən təşkili və birləşdirilməsi nəzərdə tutulur. Bununla bağlı layihə artıq hazırdır və refendumdan sonra ictimaiyyətə açıqlanacaq.

İstiqlal.az-a məlumat verən mənbə bildirir ki, həm Nazirlər Kabinetinin istefaya göndərilməsi, həm də bir sıra nazirlik və dövlət komitələrinin ləğvi, yenidən təşkili və yenidən qurulması nəzərdə tutulan struktur islahatlarının tərkib hissəsidir: Bunun ardınca iqtisadi islahatlara start veriləcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]