Siyasət

Ağdamda keçmiş müsavatçı YAP-ın başına gətirildi

13-08-2016, 22:23
Yerli mənbələrdən "Azadlıq”a gələn xəbərə görə, Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədovun göstərişi ilə aparatın ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ağa Qəzənfər oğlu Zeynalov YAP Ağdam rayon təşkilatının sədri vəzifəsinin icrasına başlayıb.
İctimaiyyət arasında yayılan xəbərlərdə A.Zeynalovun artıq sözügedən vəzifəyə təyin edildiyi də bildirilir. Qeyd edək ki, Ağa Zeynalov uzun müddət Qaradağlı kənd orta məktəbinin direktoru vəzifəsində işləyib. O, həmin vaxt Müsavat partiyasının fəallarından olub və nə qədər təzyiq göstərilsə də YAP-a keçməyib. 2009-cu ildə Ağdam rayonuna icra başçısı təyin edilən Nizami Sadıqov onu icra hakimiyyətində indiki vəzifəsinə gətirib. Məhz elə həmin gündən o, YAP-a üzv olub.
Məlumat üçün bildirək ki, YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev avqustun 12-də səhər saatlarında qəfil ürək tutmasından vəfat edib. Onun torpağa tapşırılmasından cəmi bir gün ötməsinə baxmayaraq, Ağdamda boş qalan YAP postu uğrunda gərgin mübarizə başlayıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]