Siyasət

Nazim İbrahimovun pulu Elat bayramına qadağa qoydurdu

27-07-2016, 15:47
Zəlimxan Məmmədli: "İndiki hakimiyyətin platformasında soydaşlarımızın bir araya gəlməsini yasaqlayan düşüncə var”

Hər il iyul ayının 26-da Borçalı İctimai Cəmiyyəti soydaşlarımızın Gürcüstandakı ata-baba yurdu olan Borçalı mahalında "Elat” Mədəniyyəti Gününü təntənəli şəkildə qeyd edir. Artıq 8 ildir ki, Azərbaycandan, Türkiyədən, Güney Azərbaycandan ictimai-siyasi simalar, sənət adamları, minlərlə soydaşımız "Borçalı” Cəmiyyətinin səsinə səs verərək bu tədbirə qatılır, birlik mesajları verirlər. "Elat” Mədəniyyəti Günü birlik və görüş məkanına çevrilməkdən əlavə Azərbaycan- Gürcüstan əlaqələrinə, eləcə də Cənubi Qafqazda barışa böyük töhfə verməkdədir. Amma bu dəfəki Elat bayramında Azərbaycana qarşı hörmətsizlik edilib. Belə ki, "Borçalı” Cəmiyyətinin Gürcüstanda keçirəcəyi Elat bayramının təxirə salınması ilə bağlı yeni məqamlar ortaya çıxıb.

Elat bayramı ilə bağlı Dmanisi rəhbərliyi verdiyi sözü tutmayıb. Türkiyədən, Azərbaycandan, Qazaxıstandan və digər ölkələrdən 8-ci Elat bayramına qatılanların gözləri qarşısında "Borçalı” və "Elat” sözlərinə qadağa qoyulub. Səhnənin üstünə sancılan Azərbaycan və Türkiyə bayraqları endirilib. Halbuki, bu haqda razılıq əldə olunmuşdu. Bir sözlə Azərbaycan xalqı diskriminasiyaya məruz qalıb. 

Məsələ ilə bağlı cebhe.info-ya fikirlərini bölüşən "Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli deyib ki, hər il "Borçalı” Cəmiyyəti tənqid olunsa da, barış, sülh, dinc yaşamağı təbliğ edir: "Elat bayramı və həyata keçirdiyimiz digər layihələrin əksəriyyəti mədəni mədəniyyətin nümayişi, təbliğindən ibarət olub. Hər hansı siyasi məsələdə olmamışıq, heç bir siyasi proseslərə qarışmamışıq. O cümlədən Azərbaycanda və başqa yerlərdə fəaliyyət göstərən siyasi blok və partiyaların əlavəsi olmamışıq. Cəmiyyətimizin vətəndaşlarının əksəriyyətinin siyasi hüquqlarına da sayğı ilə yanaşmışıq. 8-ci Elat tədbiri azərbaycanlıların, o cümlədən borçalıların mədəniyyətidir. Görünür ki, bu tədbir artıq ənənə halını aldığına görə, əksər bölgələrdən, dünyanın müxtəlif yerlərindən , Borçalı kökənli olmayan ziyalılar, alimlər, iş adamlarının, yəni minlərlə insanın bir yerə toplanmasından narahatdırlar. Gürcüstanın indiki hakimiyyətinin platformasında soydaşlarımızın bir araya gəlməsini qeyri-rəsmi yasaqlayan düşüncə var. Elat bayramının yasaqlanmasının kökündə də bu məsələ durur. Xüsusilə bu ölkənin indiki hakimiyyəti gələndən sonra təqib kampaniyasını üzərimizdə hiss etmişəm. Eyni zamanda mənim də Gürcüstana gedişimin yasaqlanmasının kökündə məhz bu durur. Son hadisələrdən bəlli oldu ki, mənə qarşı Gürcüstana giriş yasağının tətbiq olunmasının heç bir hüquqi əsası yoxdur”.

"Avropada mədəni tədbirlər yasaq etmirlər”

Zəlimxan Məmmədli hesab edir ki, o, sırf siyasi məqsədlə, həmçinin Azərbaycan türklərinə qarşı diskriminasiya düşüncəsi ilə Gürcüstana buraxılmayıb: "Məhz mənin Gürcüstana daxil olmamağım üçün bu addımı atıblar. Məlum olub ki, orada olmamağımla bağlı fəaliyyətimin məhdudlaşdırılmasına da malikdirlər. Çox təəssüflər olsun ki, belə qadağalar qoyuldu. Avropa ölkələrində, ümumiyyətlə normal sivil cəmiyyətlərdə mədəni tədbirlərin yasaq olunması ənənəsi yoxdur. Ona görə ki, burada siyasi çağırış yoxdur, Gürcüstanın ərazi bütövlüyü, demokratiyanın qorunması dövlətlərimizin əməkdaşlığına tam ictimai dəstək varsa, bunun özünün yasaqlanmağının adı yoxdur. Bu eqoist və aqressiv yanaşmadır. Eyni zamanda hakimiyyətin müəyyən radikal düşüncəsinin və siyasi uzaqgörənliyinin olmamasının məhsuludur. O baxımdan biz operativ mövqeyimizi nümayiş etdirmişik. Bu gün, sabah təşkilatımızın nümayəndə heyəti Gürcüstandan dönəcəklər. Ondan sonra yekun dəyərləndirmələrimiz olacaq. Hər halda biz heç bir gərginliyin tərəfdarı deyilik. Bu məsələdən sui-istifadə hallarına imkan verilməyəcək. Yenə də Gürcüstanın ərazi bütövlüyü çərçivəsində soydaşlarımızın vətəndaş hüququnun təmin edilməsi düşüncəsinə sadiq qalacağıq. Əlavə bundan sui-istifadə etmək cəhdlərinin də qarşısını almaq bizim görəvimiz olacaq. Regionun təhlükəsizliyi qarşısında Türkiyə türkləri və Borçalı türkləri məsuliyyət daşıyırlar. Belə xırda düşüncəli məmur yanaşmasına aqressiv olanlar yolundan dönən deyillər. Mən bu məsələnin belə hal almasına səbəb kimi Azərbaycanın müvafiq qurumlarının, konkret olaraq Azərbaycan Dövlət Diaspora Komitəsinin rəhbərliyinin fəaliyyətinin yarıtmazlığının nəticəsi olaraq görürəm. Bizə qarşı qadağanın tətbiq olunmasında Nazim İbrahimovun maliyyə dəstəyinin və Gürcüstan Konqresi Cəmiyyətinin sədri Əlibala Əsgərovun əməyi var. Soydaşlarımızdan saxta imzalar toplanır və digər addımlar atılır. Gürcüstanın indiki hakimiyyətinin resursları rəqib bildikləri mənzərəni neytrallaşdırmaq və zərərsizləşdirmək üçün dəstəkləri var. Bu vaxta qədər mənim və "Borçalı” Cəmiyyətinin əleyhinə soydaşlarımızdan istifadə etməklə Gürcüstanın telekanallarında qara piyarlıq kampaniyaları yayımlanır. Bütün hallarda biz aydın olan yolumuzu davam etdirəcəyik. Müvafiq qurumlara müraciətlərimiz olacaq. Mədəni bir tədbirin qadağan olunmasına görə Gürcüstan hökuməti ittiham olunacaq”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]