Siyasət

Ermənistanda polis binasına hücum: General girov götürülüb, ölən var FOTO VİDEO Yenilənir

17-07-2016, 18:20
Ermənistanda polis binasına hücum: General girov götürülüb, ölən var FOTO VİDEO Yenilənir

Silahlı qrupun liderlərindən biri Pavel Manukyan silahdaşları ilə yenidən əlaqə yaradıb. O bildirib ki, əsas tələblərindən biri liderləri Jirayr Sefilyanın onlara verilməsidir.

Sefilyanın lider olduğu "Yeni Ermənistan hərəkatının üzvləri Karo Yexnkyan və Syuzan Simonyan isə insanları küçələrə çıxmağa çağırıblar.

Elə bu arada polislər Azadlıq meydanında jurnalist Artur Ayrapetyanı tutaraq döyüblər.

RİA Novosti isə bildirir ki, güc strukturları bu dəqiqələrdə girovların azad edilməsi üçün xüsusi əməliyyata hazırlaşırlar.

***

Yerevanın Erebuni rayonunda silahlılar tərəfindən ələ keçirilən polis binasına yaxınlaşan vətəndaşlar həbs olunurlar.

Erməni KİV-i xəbər verir ki, həbslər həmçinin Yerevanın digər rayonlarında, Gümri, Kirovakan və digər şəhərlərdə də aparılır. Bir sıra siyasi fəallar və müxalif qüvvələrin tərəfdarları tutulub.

Gümridə "Asparez” qəzetinin baş redaktoru, hüquq müdafiəçisi Levon Barseqyan, Kirovakanda isə "Yeni Ermənistan” təşkilatının üzvü Asmik Evoyan atası ilə birgə saxlanılıb.

Hakim partiyanın deputatı Levon Martirosyan bildirib ki, ölkə prezidenti Serj Sarkisyan terrorçulara güzəştə getməyəcək və istefa verməyəcək.

***

Son məlumatlara görə, polis alayına basqın edənlər 20 iyun tarixində həbs olunanmüxalifçi Jirayr Sefilyanın azad edilməsini tələb edirlər.

***

Ermənistan parlamentinin deputatı Nikol Paşinyan TASS agentliyinə açıqlamasında deyib ki, hazırda silahlı şəxslər Ermənistan Polisinin rəis müavini, general-mayor Vartan Eqizaryan daxil olmaqla, 7 polis əməkdaşını girov saxlayır.

***

Hücum edənlər sosial şəbəkələr vasitəsi ilə qiyam qalxdığı barədə məlumat yayırlar.

Ermənistan Milli Təhlükəsizlik Xidməti əhalini bu məlumatlara inanmamağa çağırıb. Məlumatda silahlı şəxslərin silahları dinc yolla təhvil verməsi üçün danışıqlar aparıldığı bildirilib.

***

Ermənistanın paytaxtı İrəvanda silahlı bir qrup polis qərargahına hücum edib. RT-nin xəbərinə görə, bir nəfər ölüb, bir neçə nəfər isə yaralanıb. Xəbərdə yerli polis rəisinin də girov götürüldüyü bildirilir.

Hazırda bina təhlükəsizlik qüvvələri tərəfindən əhatəyə alınıb.


Administratorla əlaqə

077 611-55-22

[email protected]