Siyasət

Azərbaycanın ABŞ və Rusiya arasında balanslı siyasəti

8-06-2016, 00:50

Bəxtiyar Sadıqov: "Azərbaycan Rusiya ilə Qərb arasındakı siyasətini balanslaşdırır”; Qabil Hüseynli: "Qərb və Rusiyaya münasibətdə tarazlığı qorumaq...”

Son günlərdə Azərbaycanın Rusiya ilə Amerika arasında balanslı siyasət yeritdiyi bir daha üzə çıxdı. Ölkə iqtidarı hər vəchlə hər iki ölkə ilə münasibətləri son dərəcə müsbət yöndə saxlamağa çalışır.
 
Xüsusilə, bu hal günlər öncə ABŞ-ın Azərbaycanı enerji lideri və etibarlı vətəndaş elan etməsindən sonra bir daha özünü göstərdi. Təsadüfi deyil ki, Amerikadan gələn bu açıqlamanın ardından Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kitabından bir bölüm yayıldı. Həmin bölümdə ABŞ-ın siyasəti tənqid edilirdi. Maraqlıdır ki, bu mövqe hakimiyyətin mətbuat orqanı olan "Azərbaycan” qəzetinin ABŞ-ın ölkəmizə enerji lideri elan etməsi xəbərini manşetə daşıdıqdan sonra yayıldı. Bütün bunlar nəyin göstəricisidir?
"Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov Azərbaycanın hazırda həlledici dövr keçirdiyini qeyd etdi: "Taleyüklü bir məqamı yaşayırıq. Azərbaycan iqtisadiyyatında ciddi dəyişikliklər ərəfəsindəyik. 4 günlük müharibədən sonra Azərbaycan dünyaya ciddi bir mesaj verdi. Azərbaycanın siyasi və hərbi qüdrəti təsdiq olundu. Ölkəmizin öz mövqelərini hərbi güclə belə qorumaq iqtidarında olduğu açıq şəkildə göründü. Bütün proseslərdə cənab prezident dövlətin maraqlarını öndə tutur. Azərbaycanın atdığı addımlar dünya dövlətləri və liderləri tərəfindən qiymətləndirilirsə, şübhəsiz bu, "Azərbaycan" qəzetinin manşeti olmalıdır. Amma balanslı siyasətin mərkəzində də ölkəmizin maraqları durur. Azərbaycan öz maraqları naminə Rusiya ilə Qərb arasındakı siyasətini balanslaşdırır. Birinci növbədə ölkəmizin maraqları təmin olunmalıdır. Son dərəcə uzaqgörən addımlar atılır".
 
Politoloq Qabil Hüseynli Azərbaycanın həm Rusiya, həm də Qərblə aktiv siyasət apardığını qeyd etdi: "Qərbmeylli siyasətin aparılması və Azərbaycan siyasətinin əsas prinsipial məsələlərindən birinə çevrilməsi çox mühümdür. Çünki Qərb doğrudan da, Azərbaycanın  geosiyasi əhəmiyyətini sanki yenidən kəşf edib. Çox doğru olaraq, bu faktı özü üçün əmin edib ki, Azərbaycanı Rusiyanın ümidinə buraxmaq olmaz. Ölkəmizə yardım əli uzadılmasa, təkbaşına buraxılsaq, Rusiyanın pəncəsi altında qala bilərik. Bu baxımdan ABŞ-ın son zamanlarda Azərbaycan siyasətində ciddi dəyişikliklərin şahidi oluruq. Məsələn, Vyana görüşünün təşkilində əsas təşəbbüskar Amerika idi. İlk dəfə idi ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bu qədər səy göstərirdi. Rusiya Qarabağ məsələsinin bütün iplərini əlində saxlamaq istəyir. Con Kerrinin məhz səyləri nəticəsində Vyanada görüş baş tutdu. Birdəfəlik Rusiyaya meyl etmək bizə divident gətirməz. 
 
Qərb və Rusiyaya münasibətdə tarazlığı qorumaq düşmən ölkəyə təzyiq mexanizmlərini artırmağa imkan verir. Artıq açıq şəkildə demək olar ki, Qarabağ məsələsində bütün iplər Rusiyanın əlində deyil. Eyni zamanda, Rusiyanın buradakı insiharçı mövqeyinə son qoyulub. ABŞ və NATO ölkələrinin bir qismi iddialı şəkildə Qarabağ danışıqlara qoşulublar. Getdikcə də, mövqelərini möhkəmləndirirlər. Bu, Qarabağ münaqişəsinin həlli üçün gələcək baxımından böyük əhəmiyyətə malikdir. İndinin özündə onların verdikləri bəyanatlar onu göstərir ki, Qərb bu məsələnin həllində bütün nüansları başa düşüb, yaxud başa düşməkdədir. Beləliklə, məsələnin həlli üçün perspektivlər açılmaqdadır”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]