Siyasət

Azərbaycan Rusiya ilə Türkiyə arasında

3-02-2016, 15:25

Yunanıstanın xarici işlər naziri Nikos Kotziasin Azərbaycana rəsmi səfəri başlayıb. O fevralın 2-də president İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.

Görüşlərdə ikitərəfli siyasi, iqtisadi, mədəni, ticarət əlaqələrinin inkişafı, o cümlədən enerji, təhlükəsizlik, miqrant məsələləri, Avropada gedən proseslər, təhsil sahəsində və beynəlxalq təşkilatlarda əməkdaşlıq diqqət mərkəzində olub.

"Azərbaycan artıq rəsmi şəkildə Avropa İttifaqına strateji əməkdaşlıq layihəsini təqdim edib. Biz fevralın sonunadək Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Komissarı Federika Moqherinin Azərbaycana rəsmi səfərini gözləyirik.Biz layihə üzərində işlərə başlayacağıq. Azərbaycan bu danışıqlara hazırdır”, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov görüşünün yekunları ilə bağlı birgə mətbuat konfransında deyib.

"Biz Azərbaycanla tərəfdaşlığı son illərdə önəmli şəkildə inkişaf etdirmişik. Biz Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərini genişləndirməsinin tərəfdarıyıq”, o qeyd edib.

Yunanıstan xarici işlər naziri ölkəsinin miqrant problemindən əziyyət çəkdiyini, son illərdə ölkəsinə 1 milyonadək qaçqının gəldiyini bildirib.

"Yunanıstan bütün münaqişələrin beynəlxalq hüquq çərçivəsində həllini dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini dəstəkləyir”.

O Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Yunanıstanın həmçinin ATƏT-in Minsk qrupunun səylərini dəstəklədiyini bildirib.

N.Kotzias energetika sahəsində əməkdaşlıq məsələsindən danışarkən deyib ki, TAP layihəsinin reallaşdırılması Azərbaycan qazının Avropaya çatdırılmasında mühüm addımlardan biridir.

Nazirlər jurnalistlərin suallarına cavabda Rusiya-Türkiyə münasibətlərindəki gərginliyin regiona, o cümlədən Azərbaycana təsirlərinə toxunub.

"Azərbaycan Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsindən narahatdır”, Məmmədyarov qeyd edib.

Nazir deyib ki, Azərbaycan hər iki ölkə rəsmiləri ilə bu barədə müzakirələr aparır.

"İnanırıq ki, bu məsələ tezliklə həllini tapacaq. Ümid edirik ki, problem ölkələrə mənfi təsir göstərməyəcək. Bizim türklərlə strateji müttəfiqliyimiz, Rusiya ilə strateji tərəfdaşlığımız var”.

O hər iki ölkənin Azərbaycanınən böyük ticarət tərəfdaşı olduğunu xatırladıb.

"Ölkələrimiz arasında münasibətlər yüksək səviyyədədir. Təbii ki, Azərbaycan səylər göstərir ki, böhrandan çıxış yolu tapılsın və əməkdaşlıq yenidən öz mövqeyinə qayıtsın”.

Nazir Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışılar prosesi barədə suala cavabda Azərbaycanın ATƏT-in Minsk qrupunun işindən narazı olduğunu bəyan edib. Azərbaycan Minsk qrupunun fəaliyyətini gücləndirməsini tələb edir.

"Minsk qrupu bü neçə illər ərzində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş əldə edə bilməyib. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçünün təmsil olunduğu Minsk qrupunun həmsədrləri Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını təmin etməlidir”, o qeyd edib

Elmar Məmmədyarov Minsk qrupunun həmsədrlərinin Avropa Şurasının Parlament Assambleyasının Dağlıq Qarabağla bağlı sənəd qəbul etməməsi çağırışına çox tənqidi yanaşıb.

O bununla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici siyasət idarələrinə etiraz məktubu göndərdiyini diqqətə çatdırıb.

"Minsk qrupunun həmsədrlərinin bəyanatı gülüncdür. Bununla əlaqədar olaraq Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya, Fransa xarici işlər nazirləri Sergey Lavrova, Loran Fabiusa və ABŞ dövlət katibi Con Kerriyə məktub göndərib. Biz yazmışıq ki, Azərbaycan beynəlxalq platformalarda istənilən məsələni qaldıra bilər və heç kim onun suveren işinə müdaxilə edə bilməz. Bu yolverilməzdir, əlbəttə onlar deputatları təzyiq altına sala bilməzlər. Onların bəyanatı tam məntiqsizdir və qanunsuzdur. Təhlükəsizlik Şurasının 5 daimi üzvündən üçü həmsədr ölkələrdir. Onlar tələb etməlidir ki,BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı 4 qətnaməsi yerinə yetirilsin. Qətnamələrdə birmənalı şəkildə Azərbaycanın ərazilərinin azad edilməsi əksini tapır. Əgər onlar 1947, 1948-ci illər qətnamələrinə istinad edirlərsə, Dağlıq Qarabağla bağlı qətnamələrə də istinad etməlidirlər. Mən əminəm ki, gec-tez biz ərazi bütövlüyümüzə nail olacağıq”.

Məmmədyarov yaxın zamanda Minsk qrupunun həmsədrləri ilə görüşün baş tutacağına inanmır.

"Açığını deyim ki, mənə hələ Minsk qrupu ilə görüş təklifi olmayıb. Mətbuata bunu deyə bilərəm. Bu şəkildəki bunlar Strasburqda Azərbaycana qarşı belə bir hərəkət ediblər, inanmıram ki, indi onlarla görüşmək üçün vaxtımız var. Əlbəttə, gərək hər şey öz yerini tapsın. Mən həmsədrlər tərəfindən hansı mövqeyin səsləndirilməsini gözləyirəm” , nazir narazılığını bildirib.

Yunanıstan xarici işlər naziri fevralın 3-də Azərbaycan-Yunanıstan parlamentlərarası dostluq qrupunun üzvləri və energetika naziri Natiq Əliyevlə görüşlər keçirəcək.

N.Kotzias Bakıdan Amsterdama gedəcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]