Siyasət / Kriminal

Yunis Səfərovun işini aparan müstəntiq məhkəməyə çıxarılır

11-06-2020, 21:42
 
Müstəntiq Orxan Hacıyevin yol verdiyi pozuntularla əlaqədar fakt üzrə cinayət işi başlanıb
Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevi güllələməkdə ittiham olunan Yunis Səfərovun işini araşdıran müstəntiq Orxan Hacıyev həbs edilib.
Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Orxan Hacıyev haqqında Cinayət Məcəlləsinin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
O.Hacıyevin dekabrda prokurorluq orqanlarından uzaqlaşdırıldığı bildirilir. Baş prokuror Zakir Qaralov bu barədə əmr imzalayıb. 
Orxan Hacıyevin Xaçmazda baş vermiş bir cinayət hadisəsilə əlaqədar cəzalandırıldığı iddia edilir.
Eyni zamanda Orxan Hacıyevin 2015-2018-ci illərdə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Kriminalistika şöbəsinin prokuroru vəzifəsini icra edərkən icraatında olan cinayət işinin istintaqı ilə əlaqədar vəzifə səlahiyyətlərindən sui-istifadə edərək zərərçəkmiş şəxsin qohumunu xidməti otağında qəbul edərək istintaqın aparılması və təqsirləndirilən şəxsin tutulması məqsədilə əməliyyat tədbirlərinin keçirilməsinin təşkili üçün xərclərin həmin şəxs tərəfindən ödənilməli olması adı ilə aldadaraq 5000 manat məbləğində pulunu ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib. 
İş üzrə Orxan Hacıyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin həmin maddələrində nəzərdə tutulmuş ittiham elan olunub. Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün iyunun 10-da Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]