Siyasət

Həbsdə olan siyasi məhbusların səhhətində həmişə ciddi problemlər olub.

18-04-2017, 23:13
Xeberman.com-un verdiyi məlumata görə, hüquq müdafiəçisi Oktay Gülaliyev öz Facebook səhifəsində yazaraq bildirib ki, daha çox müdafiə olunan, adları ictimai rəydə çox çəkilən məhbusların problemləri digərləri ilə müqayisədə qismən həll olunur. Amma səhhətində ciddi problemlər olan elə siyasi məhbuslar var ki, onlar az qala unudulmaq səviyyəsindədir. Vəziyyətləri kritik səviyyədə olan həmin məhbuslardan 2- sini qeyd etmək istəyirəm;
2 saylı CÇM- də saxlanılan, 9 il həbs cəzasına məhkum olunmuş blogger Rəşad Ramazanovun səhhətində xeyli vaxtdır ki, problemlər var. O daha çox mədə- bağırsaq xəstəliklərindən əziyyət çəkir. Ailə üzvlərindən aldığımız məlumata görə xeyli arıqlayıb və zəifləyib. Halsızlıq və güclü baş ağrıları var. Başqa bir ciddi problem odur ki, ailənin imkansızlığı ucbatından aylarla onun yanına gedib- gələ bilmirlər. Rəşadın müalicəyə və dəstəyə ehtiyacı var.
15 saylı CÇM- də saxlanılan İslam partiyası Astara rayon təşkilatının sədri Ruhulla Axundzadənin də durumu artıq xeyli vaxtdır ki, çox ağırdır. O həbsxanada olarkən infakt keçirib, ürəyinin arxa divarında 3 çat var, 2- ci qrup əlildir. Şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Ayaqlarına su yığılıb, sərbəst hərəkət edə bilmir. Çoxsaylı müraciətlərinə baxmayaraq müayinə və müalicə olunmur. Xatırladaq ki, Ruhulla Axundzadənin oğulu Məhəmmədəli Axundzadə də atası kimi həbs həyatı yaşayır.
Həbsdə olan siyasi məhbuslar Rəşad Ramazanovun və Ruhulla Axundzadənin ciddi şəkildə müalicəyə və dəstəyə ehtiyacı var. Hər hansı bir vəkil dostumuz onlarla görüşüb aidiyyatı qurumlar qarşısında onların müalicəsi məsələsini rəsmi şəkildə qaldırsa çox yaxşı olar. Çünki hər iki şəxsin həbsxanadan etdiyi müraciətlərə Penitensiar Xidmətin Baş Tibb İdarəsi cavab vermir.
Ədliyyə nazirliyi və Penitensiar Xidmətin rəhbərliyi unutmamalıdır ki, dustaqların səhhətinə və taleyinə görə məsuliyyət daşıyır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]