Siyasət

2016-cı ildə Qarabağ problemi həll oluna bilərmi?

3-01-2016, 01:19
Son gününü yaşayan 2015-ci il dünya və ölkəmiz baxımından bir sıra məsələlərlə tarixə keçir. Bu il Azərbaycan üçün müsbət və mənfi hadisələrlə yadda qaldı. Bəzi problemlərimiz həll yolunu tapdı, həll olunmayan problemlərimiz qaldı. Eləcə də, bir sıra problemlər yarandı...

Amma xalqımız üçün ağrılı olan Dağlıq Qarabağ problemi bu il də həll olunmadı. Qarşıdan gələn 2016-cı illə bağlı əsas suallardan biri Ermənistan-Azərbaycan münaqişəsinin həll olunub-olunmaması ilə bağlıdır. Doğrudur, indiyə qədər bu istiqamətdə müəyyən müsbət addımlar atılıb. Amma görünən odur ki, 20% torpağımız hələ də düşmən tapdağı altındadır, bir milyondan çox məcburi köçkünümüz var. Bəzi ekspertlər hesab edirlər ki, bu ilin sonlarında Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi fonunda Dağlıq Qarabağ probleminin həlli yolu arxa plana keçdi. Onlar fikirlərini bu problemin həllində aparıcı rolu oynayan Rusiya amili ilə əsaslandırırlar. Azərbaycanın Türkiyə-Rusiya münasibətlərində qardaş ölkənin yanında olduğunu bəyan etməsi bu məsələyə də birbaşa təsir edən faktorlardan biridir. 

Politoloq Qabil Hüseynli Dağlıq Qarabağ probleminin həllinin dünyada gedən proseslərə birbaşa bağlı olduğunu hesab edir:"Bu məsələnin həlli regional bir problem olmasa da, amma dünyada gedən qlobal proseslərlə sıx bağlıdır. Əvvəllər bunu regional  problem kimi qəbul etmək olardı. Amma indi qloballaşmış bir problemə çevrilib. Söhbət Rusiya-Türkiyə münasibətlərinin necə olacağından xeyli dərəcədə asılıdır. Hər iki ölkə arasında münasibətlər yumşalarsa, Qarabağ probleminin həllinə də müsbət təsir edə bilər. Ukrayna məsələsini də bu problemin həllində diqqətə almaq lazımdır. Çünki Ukrayna probleminin obyektiv həlli Qarabağ üçün nümunə ola bilər. Ən azından pozitiv təsir göstərər. Bundan başqa Yaxın Şərqdə qaynar nöqtələr var. Burada Rusiya fəal şəkildə iştirak edir. Şimal qonşumuz məğlub olarsa, Qarabağ məsələsində işlərin rəvan getməsinə səbəb ola bilər. İndiyə qədər Rusiya-Azərbaycan münasibətlərinin yaxın olduğu vaxtlarda, şimal qonşumuz Qarabağın hüdudlarından kənarda 7 rayonun qaytarılmasına razılıq vermişdi. Bu barədə onların politoloqları, mətbuatları geniş təbliğat aparırdılar. Amma son zamanlar biz bunun əksini görürük. Rusiya NATO-su deyilən Kollektiv Təhlükəsizlik Təşkilatının baş katibi Bərguzə Qarabağda müharibənin alovlanacağı ehtimallarından danışır. Guya ürəyinin yanmasını göstərərək, bunun qarşısının alınmasının zəruriliyini vurğulayıb. Bern görüşündə, göründüyü kimi, nəticə alınmadı. Bunun alınmamasının başlıca səbəbi ermənilərin hərəkətləri, görüşün yarımçıq başa vurulması oldu. Ermənilərin bu cür hərəkətləri Rusiyanın planı üzrə baş verirdi. Bunu sübut edəcək amil Sarkisyanın Berndən birbaşa Rusiyaya getməsidir. Ermənistan Rusiyanın bir quberniyası olmaqda davam edəcək. Son zamanlar Rusiya özünün əlaltısını ciddi sürətdə silahlandırır, xeyli sayda silah ötürür. Ermənistan hazırda silahla doldurulmuş, təchiz olunmuş bir bölgəyə çevrilib. Qonşu ölkələrlə iqtisadi əlaqələrin sürətləndirilməsi  problemin həllinə təkan verə bilər. Qarabağ probleminin açarı tamamilə Rusiyanın əlindədir”.

Politoloq ordumuzun Qarabağ problemini həll etmək gücündə olduğunu da qeyd etdi: "Rusiya öz strateji maraqları naminə problemə "hə” deməsə, məsələnin həlli qalır Azərbaycan ordusunun üzərində. İnsanı ürəkləndirən səbəb ondan ibarətdir ki, Azərbaycanın müdafiə naziri, general polkovnik, cənab Zakir Həsənovun "Qarabağı işğal etmiş ermənilərin ayaqlarının altındakı torpaq od tutub yanacaq” sözləri ordumuzun əzmini, düşmənləri məğlub edəcəyini göstərir. Siyasi vasitələr tükənərsə, dövrəyə hərbi vasitələr daxil ola bilər”.(musavat.com)

Administratorla əlaqə

077 611-55-22

[email protected]