Siyasət

Siyasi məhbuslar üzrə İşçi Qrup geri çəkildi

18-04-2017, 00:28

Yenilənmiş siyahıya həbsdə olan əksər dindarlar əlavə olunub
Xeberman.com-un verdiyi məlumata görə, özünü “Azərbaycanda Siyasi Məhbusların Vahid Siyahısının hazırlanması üzrə İşçi Qrupu” adlandıran bir qrup hüquq müdafiəçisi və jurnalistlərin daxil olduğu Qrup siyasi məhbus siyahısını yenilədiyini açıqlayıb. Əvvəlki siyahıda 119 nəfər siyasi məhbusun adı salınmışdırsa son siyahıda bu rəqəm 147 nəfərə çatdırılıb. Siyahının artması əsasən həbsdə olan dindarlar hesabına baş verib. Halbuki, Qrup üzvləri həmin şəxslərin adını siyahıya əlavə etmək istəməyərək onlarla bağlı lazımi məlumatları, məhkəmə sənədlərini əldə edə bilmədiklərini qeyd edirdilər. Bildirirdilər ki, bu istiqamətdə “çalışırlar” və həmin şəxslərin işi monitorinq altındadır.
Maraqlıdır ki, başqa zamanlarda şəffaflıqdan və cəmiyyət açıqlıdan dəm vuran İşçi Qrup üzvləri yalnız açıqlanan siyahı ilə bağlı ümumi statistik məlumatları qeyd ediblər. Siyahıya əlavə olunan şəxslərin adlarını açıqlamayıblar.
147 nəfərlik siyasi məhbus siyahısında 2 məqam diqqəti cəlb edir; Siyahıya adları əlavə olunsa da məhbus Nardaran məhbusları ilə bağlı ətraflı məlumat yoxdur. Yəni iddiaların əksinə olaraq İşçi Qrup ötən 1 il, 5 ay ərzində onlarla bağlı hər hansı ciddi araşdırma aparmayıb. Siyahıda onların əksəriyyətinin foto şəkli, həbs olunma tarixi və saxlandığı yer, eləcə də siyasi motivlər göstərilməyib. Hiss olunur ki, İşçi Qrupun geri çəkilməsi ictimai təpki nəticəsində baş tutub. Sual oluna bilər; əgər il yarımdan sonra qanunsuz həbsdə olan Nardaran sakinlərinin də adları həmin siyahıya əlavə olunacaqdırsa hüquq müdafiəçiləri Leyla Yunus və Oqtay Gülalıyevin hazırladığı birgə siyahı ilə bağlı lazımsız müzakirələrə və vaxt itkisinə nə ehtiyac var idi?
Yeri gəlmişkən qeyd edək ki, İşçi Qrupun koordinatoru Rəsul Cəfərov özünün Facebook səhifəsində siyahının yenilənməsi ilə bağlı məlumat yayarkən qeyd edir ki, “Bu məhz hesabat xarakterli sənəddir, təkcə siyahı deyil və kor-koranə heç kimin adı daxil edilməyib, hər bir iş üzrə araşdırma aparılıb”. Amma siyahıya nəzər yetirərkən məlum olur ki, siyahıda 69- cu şəxsdən 91- ci şəxsə qədər olan işlər demək olar ki, bərbad və yarımçıq vəziyyətdədir. Necə deyərlər onların “keys”- ləri sözün gerçək mənasında kor-koranə hazırlanıb. Həmin şəxslərin fotoları yoxdur, saxlanma (həbs) tarixləri, işin siyasi motivləri, hazırda saxlanıldıqları cəza çəkmə müəssisəsinin, istintaq təcridxanasının yeri, adı və s. məlumatlar yerləşdirilməyib.
Siyahı ilə bağlı diqqət çəkən digər məqam ondan ibarətdir ki, hazırda həbsdə olan 2 AXCP üzvü- jurnalist Elçin İsmayıllı və ictimai fəal Elnur Fərəcovun adları siyahıya daxil edilməyib. Görünür bu məqam İşçi Qrupun fəal üzvlərindən olan jurnalist Xədicə İsmayılla AXCP sədri Əli Kərimli arasında son zamanlar hökm sürən soyuq münasibətin nəticəsidir.
İşçi Qrupunun siyahısına görə “97-si inanclı fəal, 11-i siyasi və ictimai fəal, 11-i sosial etirazlarla bağlı həbs olunan, 10-u Səid Dadaşbəylinin qrupuna daxil olan, 7-si jurnalist və blogger, 3-ü ömürlük həbs cəzasına məhkum olunan, 3-ü siyasi girov, 2-si şair və yazar, 2-si keçmiş məmur, 1-i hüquq müdafiəçisi olmaqla 147 nəfər siyasi məhbus var”.
Siyahida adı keçən siyasi məhbusların sayı “Siyasi Məhbusların Müdafiə Mərkəzi”nin təqdim etdiyi 162 nəfərlik siyahının tərkib hissəsi və ya oxşarıdırsa, ilk siyahı daha mükəmməl və əsaslandırılmış formada ictimaiyyətə təqdim edilibsə, necə olur ki, Rasul Cəfərovun və Xədicə İsmayılın siyahısı özlərinin nəzərində “vahid” siyahı olur? Sanki bu ölkədə Rasul və Xədicənin rəhbərlik etdiyi təşkilatdan başqa ortaya iş çıxaracaq digər müdafiə təşkilatı ola bilməz... Hansı ki, onları nə məhkəmələrdə nə də ki, siyasi məhbuslarla bağlı toplantılarda görmək mümkün deyil.
Maraqlı burasıdır ki, sözügedən İşçi Qrup SMMM-nin 162 nəfərlik siyahısında adları yer almış bir çox siyasi məhbusları o cümlədən siyasi motivlərlə həbs olunduqları heç kimdə şübhə doğurmayan İslam Partiyası Astara rayon şöbəsinin sədri Ruhulla Axundzadənin oğlu Məhəmmədəli Axundzadənin, dindar alim Hacı Elşən Mustafaoğlunun, blogger Mehman Qələndərovun və digər potensial siyasi məhbusların adlarını siyahıya salmayıblar.
Görünür bəziləri üçün siyasi məhbusları real müdafiə etməkdənsə, onlarla bağlı tərtib olunan siyahılar ətrafında oyunlar qurmaq daha önəmlidir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]