Siyasət

İqtidarın kadr islahatlarında müxalifət də yer ala bilər - şok iddialar

1-03-2017, 10:39
Müxalifətdən açıqlamalar; idarəçilikdə ənənəvi siyasətdən imtina etmək mümkünmü?


İqtidarda idarəçiliklə bağlı mümkün dəyişikliklər gündəminin əsas müzakirə mövzularından biridir. Birinci vitse-spiker təyinatından sonra struktur və kadr islahatlarına başlanılacağı anonsları eşidilkməkdədir. Əvvəlki illərdəki ənənəvi kadr islahatından imtina ediləcəyi, vəzifələrdə daha çox gənclərə, xaricdə təhsil alanlara, çoxlu dil bilənlərə, ən əsası isə ölkə daxilindəki mövcud situasiyanı düzgün qiymətləndirənlərə üstünlük veriləcəyi qeyd olunur. Bir növ iqtidarın köhnə komandadan uzaqlaşıb, yeni işlək komanda quracağı vurğulanır.


İqtidarın kadr islahatlarında əks düşərgənin, yəni müxalifətin də potensialından istifadə edə biləcəyi ilə bağlı iddialar var. Müxalifətçi gənclərdən də xaricdə təhsil alan, çoxlu dil bilən, ölkədəki mövcud durumu düzgün analiz edənlər kifayət qədər çoxdur. İqtidarın həm də bu addımla cəmiyyətə barış mesajı ünvanlanmaq niyyətində olduğu, bunun arxasında dünyaya da bəzi mesajların göndəriləcəyi barədə iddialar var.

İqbal Ağazadə


Ümid Partiyasının sədri İqbal Ağazadə hakimiyyətin gerçək kadr islahatları aparacağına inanmır: “Hökumət fərq qoymadan cəmiyyətə, millətə və dövlətə xeyir verə biləcək hər bir insandan doğru-dürüst istifadə etməlidir. Əslində problemlərin həlli kadrların düzgün yerləşdirilməsi və onlardan düzgün istifadəyə bağlıdır. Hesab edirəm ki, müxalifətdə təmsil olunmasalar belə, hakimiyyətə müxalif olan elə insanlar var ki, onlara görəv verilsə, sevə-sevə millətə, dövlətə xeyir verə bilərlər. Hökumət bunları nəzərə almalıdır. Açığı hələ ki, iqtidarın müxalifətin potensialından istifadə edə biləcəyini real görmürəm. Ölkəmizin problemləri çoxdur, amma hər birindən çıxış yolu var. Azərbaycan-Ermənistan cəbhəsindəki vəziyyətdən də çıxış yolu var. Sadəcə düzgün, ardıcıl siyasət aparmaq lazımdır. Əgər bu cür ağır problemdən çıxış yolu varsa, demək iqtisadi, sosial sahələrdən də çıxış yolları var. Sadəcə kadrları düzgün yerləşdirib, buna uyğun da siyasət aparmaq lazımdır”.

Qubad İbadoğlu


ADR hərəkatının rəhbəri, iqtisadçı ekspert Qubad İbadoğlu bu istiqamətdə fərziyyələrlə danışmağı düzgün saymır: “Hələ ki, bu istiqamətdə real iradə, istək, maraq gözə dəymir. Bu günləri Azərbaycan iqtisadiyyatının düzgün idarə edilməsi üçün ingilis dilini bilmək əsas kriteriya sayıla bilməz. Bu gün iqtisadiyyatın islah edilməsi üçün ilk növbədə, bu islahatları apara biləcək, daşıyacaq, ona rəhbərlik edə biləcək, bütövlükdə məsuliyyəti də öz üzərinə götürəcək şəxslərə ehtiyac var. Necə ki, vaxtı ilə Rusiya, Çexiya və Polşa kimi ölkələrdə bu işi görüblər. Xalqın özünün güvəndiyi, inandığı, etibarı olduğu, etimad göstərdiyi, Azərbaycan idarəçiliyində təcrübəli şəxslər bu işi görə bilərlər. Ortadan aşağı və yuxarı ranqlı kadrların dəyişməsinə ehtiyac görmürəm. Çünki Azərbaycan idarəçiliyində elə kadrlar kifayət qədər çoxdur. Problem ali idarəetmədəki idarəçilikdən doğur. Bunun üçün də kompleksli islahatlara böyük ehtiyac var. Bu da ilk növbədə, siyasi iradə tələb edir”.

Mehman Əliyev


“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev iqtidarın müxalifətin potensialından istifadəsinin mümkünsüz olduğunu qeyd etdi: “Hakimiyyətdə oliqarxlarla bağlı problemlər hələ ki, çoxdur. Müxalifətin ora girməsi hakimiyyətin problemlərini daha da artıracaq. Bunun üçün iqtidar bunu etməyəcək. Hakimiyyət əslində bunu çoxdan etməli idi. Hesab edirəm ki, Azərbaycanda sistemli böhranın yaranması vətəndaş cəmiyyətinin sıradan çıxarılmasından irəli gəlir. Yəni cəmiyyət bu proseslərdə iştirak etməyib. Ona görə də, bu vəziyyət yaranıb, kim nə istəyibsə, onu da edib. Əgər normal münasibətlər olsaydı, ortaya mədəni mübahisələr platforması ilə düzgün qərar çıxır. O zaman hər şey ölçüb-biçilir, cəmiyyətin xeyrinə olan qərarlar verilir. Bizdə isə hakimiyyət hamını kənarlaşdırdı ki, ona nəzarət etməsin, şəxsi maraqlarını rahat həyata keçirə bilsinlər. Bunun da adını dövlətçilik qoydular. İki ildir yaşadığımız böhran davam edir. Bu istiqamətdə təkliflər verilir, lakin hakimiyyət öz işindədir. Heç bir islahat aparmayıb, normal platforma ortaya qoymayıb. Bizlər isə gözləmə mövqeyindəyik. İslahatlar qaçılmazdır, çünki islahatdan çıxış yolu üçün bundan başqa variant yoxdur. Bəziləri deyir ki, neftin qiyməti artacaq və o zaman vəziyyət düzələcək. Ola bilər ki, neftin qiyməti qalxsın. Amma nəzərə almaq lazımdır ki, bu il və 2018-ci ildə neftin istehsalının Azərbaycanda həcmi iki dəfə aşağı düşəcək. Nəticədə neftin qiyməti qalxsa da, nəyəsə təsir etməyəcək. Qazdan da heç nə qazanmırıq. Çünki 50 milyarda yaxın investisiya lazımdır ki, onu da xarici dövlətlər qoyacaqlar. Bütün bunlara görə biz nəyə ümid etməliyik?”


Cavanşir ABBASLI

Administratorla əlaqə

077 611-55-22

[email protected]