Siyasət

Cəbhəçi gəncin həbsi haqda məhkəmə qərarındakı saxtakarlıq ifşa olundu

23-02-2017, 15:19
Cəbhəçi gəncin həbsi haqda məhkəmə qərarındakı saxtakarlıq ifşa olunduVəkil Əsabəli Mustafayev: “Amilə qeyri-rəsmi deyiblər ki, həbsinin əsas səbəbi müxalif siyasi fəaliyyəti və “facebook”da tənqidi statuslar paylaşmasıdı”

Həbsdə olan cəbhəçi gənclər – Fuad Əhmədli və Amil Məmmədzadənin hüquqlarını müdafiə edən vəkil Əsabəli Mustafayev onlarla görüşüb. Bu haqda “Azadlıq”a məlumat verən vəkil bildirib ki, fevralın 20-də Suraxanı Rayon Məhkəməsinin qərarıyla polisə müqavimət ittihamı ilə 30 sutka azadlıqdan məhrum edilən almış Amil Məmmədzadə ilə görüş Binəqədidə inzibati həbs cəzası alanların saxlanıldığı təcridxanada baş tutub.
Əsabəli Mustafayev deyir ki, bu dəfə polislər şablon ittihama (küçə ilə gedərkən telefonla bərkdən danışmaq, söyüş söymək və s.) bir qədər yenilik gətirmək istəyiblər. Ancaq hakimlə birlikdə işləri daha da korlayıblar:
“Rəsmi versiyaya görə, güya Amil Məmmədzadənin adına olan avtomaşın radara düşüb. Polis əməliyyatçıları da bu məsələni aydınlaşdırmaq üçün onu küçədə saxlayaraq, bölməyə aparmaq istəyiblər, Amil onların bu tələbinə tabe olmayıb.Hakim qərarda yazıb ki, Amilin radara düşməsi sübut olunub, bu məsələni aydınlaşdırmaq üçün bölməyə getməməsi inzabati xətadır.Birincisi, Amilin adına birbaşa və ya etibarnamə ilə avtomaşın ümumiyyətlə yoxdur. Bu faktı hakim bilməmiş deyil. İkincisi, hətta həqiqətən də Amil radara düşübsə bu məsələni nə üçün polis əməliyyatçıları araşdırmalıdır? Qayda belədir ki, radara düşmə faktını əks etdirən sənəd və cərimə barədə qərar sürücünün ünvanına göndərilir.
Bir sıra digər faktları da sadalamaq olar ki, radar məsələsinin Amilin həbs olunmasında bəhanə kimi istifadə olunduğunu təsdiqləyir. Ən əsası isə polis əməkdaşları Amilə hansı səbəbdən tutulduğunu qeyri-rəsmi şəkildə bildiriblər. Məlum olub ki, səbəb müxalif siyasi fəaliyyəti və “facebook”da statuslar yazması, paylaşmasıdı. Amilin son günlərdə Orduxan Teymurxanın müdafiəsinə yönəlik statuslar paylaşması polisləri xüsusilə qəzəbləndirib”.

İstintaq Fuad Əhmədlini unudub

Daha sonra Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında Fuad Əhmədli ilə görüşən Əsabəli Mustafayev deyir ki, bu gənc fəalın da əhval-ruhiyyəsi yüksəkdir. Vəkilin sözlərinə görə, Fuad Əhmədlinin bircə istintaqdan incikliyi var: “İstintaq onu unudub sanki…”
Əsabəli Mustafayev onu da bildirib ki, hər iki cəbhəçi gənc müdafiəçiləri vasitəsilə bütün dostlarına və yaxınlarına salamlarını çatdırıb.
Xatırladaq ki, Fuad Əhmədli keçən ilin avqustunda həbs olunur. Cəbhəçi gənc Fətullah Gülən şəbəkəsilə əlaqələrdə ittiham olunur. Fuad Əhmədli isə bu ittihamın tamamilə absurd olduğunu bildirir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]