Siyasət

Biləsuvarda müdhiş korrupsiya faktları aşkarlandı

20-02-2017, 00:20
Mahir Quliyev nəyin güdazına gedir ?

İcra başçısının “mətbuat katibi” Ramil Həsənzadənin “qara piar” kompaniyası

Ötən gün prezidentin iki nazirliyi birləşdirməsi çoxdan haqqında bəhs edilən kadr islahatlarına start verilməsi kimi də qəbul edilə bilər. İndiki sosial-iqtisadi şərtlər altında bir çox məmurların hakim komandadan atılacağı gözlənilir. Təbii ki, bu siyahıda adı ilk sırada gələnlər yarıtmaz fəaliyyəti ilə rəhbərlik etdikləri ərazilərdə gərginlik yaradan, korrupsioner imici formalaşdıran məmurlardır.

Rubrika.az-a daxil olan məlumatda bildirilir ki, 2017-ci ilin birinci yarısında vəzifədən alınacaq məmurlar içərisində icra başçılarının da sayı yetərincədir. Prezident İlham Əliyevin Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda məmurların ünvanına səsləndirdiyi sərt fikirlər də bunun ilk siqnalı hesab edilə bilər.

Rubrika.az saytına verilən bilgiyə görə çətin duruma düşən, haqqında ciddi tədbirlər görüləcəyini bilən başçılardan biri də Biləsuvar rayonunun rəhbəri Mahir Quliyevdir. M.Quliyevin rəhbərliyi illərində ümumölkə inkişafından geri qalan, bir qrup məmurun maraqlarına tabe edilən Biləsuvarda yaranan böhranlı vəziyyət diqqət mərkəzinə gəlib.

Rubrika.az bildirir ki, hələ keçən il Hesablama Palatası tərəfindən həyata keçirilmiş audit nəticəsində Biləsuvar rayon İcra Hakimiyyətinin fəaliyyətində baş verən yeyinti faktlarının az qismi ictimailəşdirilmişdi. Keçirilmiş auditə əsasən, Biləsuvar rayon İcra Hakimiyyəti tərəfindən layihə təklifləri verilməzdən əvvəl investisiya layihələrinin əsaslandırılması, ilkin strukturu və qiymətləndirilməsini əks etdirən ilkin texniki-iqtisadi əsaslandırma və layihə sənədləri hazırlanmayıb. Həmçinin, məktəblərin tikintisi üçün layihə smeta sənədlərinin tərtibində “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin binalarla bağlı bəzi tələblərinə əməl edilməyib, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında (2009-2013-cü illər) nəzərdə tutulan 5 tədbir vaxtında başa çatdırılmayıb. Audit 9 tədbiri, o cümlədən 5 məktəb, 1 inzibati bina və 2 yolun tikintisi, həmçinin “Biləsuvar rayonu ərazisində abadlıq və quruculuq işlərinin yerinə yetirilməsi Layihəsi" üzrə ümumilikdə 31 363,8 min manat məbləğində vəsaiti əhatə edib. Tikintisi başa çatdırılmış məktəb binalarının istismara verilməsi üçün tərtib olunan dövlət qəbul komissiyasının aktlarından əvvəl işçi komissiyasının aktları tərtib olunmadığı, 4 obyekt üzrə son ödəmə texniki təminat müddəti nəzərə alınmadan həyata keçirildiyi qeyd olunub. Bir sıra hallarda sonradan üstü örtülən işlərin və məsul konstruksiyalarının qəbulu, su, istilik, qaz təchizatı və kanalizasiya sistemlərinin və s. sınaqları barədə müvafiq aktlar tərtib edilmyib, yerinə yetirilməyən bəzi tikinti-quraşdırma işləri qəbul aktlarına daxil edilib, bir sıra hallarda müxtəlif mebel və inventarların podratçı təşkilat tərəfindən məktəblərə təhvil verilməsi tam təmin olunmayıb.

Həmçinin rayon sahibkarlarına divan tutlması, onların normal fəaliyyətinə imkan verilməməsi, görülən əksər işlərin zorla sahibbkarların maliyyəsi hesabına aparılması ciddi narazılıq yaradıb. Sahibkarlığa dövlət səviyyəsində qayğının günbəgün artırıldığı bir zamanda M. Quliyevdən artan şikayətlər onun karyera çöküşündə mühüm rol oynayıb.

Biləsuvarda torpaqların kütləvi şəkildə satışa çıxarılması haqqında Rubrika.az saytına ilginc məlumatlar daxil olub. Bildirilir ki, Mahir Quliyev 25 min hektara yaxın əkin və otlaq sahələrini biləsuvarlıların əlindən alıb. Prezidentin verdiyi göstərişə əsasən növbəti əkin ili üçün 12000 hektar pambıq, 3000 hektar çuğundur əkilməsi məqsədi ilə boş olan sahələr ayrılıb. Buna baxmayaraq, biləsuvarlıların əkin və heyvandarlıq məqsədi ilə istifadə etdiyi əkin və otlaq sahələri Mahir Quliyev tərəfindən işğal olunub. Bu torpaqlardan 800 hektar sahədə Mahir Quliyev artıq özü üçün taxıl əkdirib.

Rayondakı saytımıza daxil olan məlumata görə, Biləsuvarın icra başçısı rayon mərkəzini də satışa çıxarıb. Xəbərdə iddia edilir ki, Mahir Quliyev icra hakimiyyətinin binasının da yerləşdiyi parkdakı işıq idarəsinin binasını icarəyə verir. Artıq işıq idarəsinin dəbdəbəli binasını almaq niyyətində olan bir neçə adam da var: “Parkın ərazisində digər bir hissə isə icra başçısı tərəfindən verilən sərəncamla iş adamına satılıb. Həmin yerdə tikinti işləri də aparılır”. Sakinlər bildirir ki, Biləsuvarın mərkəzi qarış-qarış satılır. Mahir Quliyev rayon üçün hər hansı bir layihə həyata keçirməyib. Rayonun istər mərkəzi küçələri, istərsə ara yolları fəlakət içindədir. Biləsuvarlılar qeyd edirlər ki, rayonda gözqamaşdıran, yaraşıqlı təkcə RİH-in binasıdır. Rayonun sosial problemlərinin həlli üçün iş görülməsi əvəzinə M.Quliyev öz şəxsi biznesini inkişaf etdirir.

Bütün bu hallar zaman-zaman Mahir Quliyevi medianın əsas “qəhrəmanlarından” biri edib. Tənqid hədəfinə çevrilən başçının gündəmin əsas simalarından birinə çevrilməsində M.Quliyevin “mətbuat katibi” hesab olunan informasiya təminatı və təhlili sektorunda aparıcı məsləhətçi işləyən Ramil Həsənzadənin də böyük rolu vardır. Əsas işi mətbuatda icra başçısının müsbət imicini formalaşdırmaq olan R. Həsənzadə nədənsə cidd-cəhdlə bunun əksinə çalışır. Rubrika.az-a daxil olan məlumatda bildirilir ki, M.Quliyevin fəaliyyətinin bu qədər geniş tənqidi rezonans doğurmasında R. Həsənzadənin rolu danılmazdır. İndi aparıcı məsləhətçi bunu bilərəkdən, ya bilməyərəkdən edir, bu onun öz işidir. Əsas odur ki, M.Quliyevin “mətbuat katibi” onun “qara piarı”ını əməlli-başlı təşkil edə bilib.

Yuxarıda sadaladığımız və sadalamadığımız faktlar artıq icra başçısına edilən güzəşt limitinin bitdiyinin göstəricisidir. Verilən məlumatlara görə M.Quliyevdən bir çox həyata keçirilməsi ləngidilən layihələrin tezliklə başa mçatdırılması tələb edilib. Bu layihələrin başa çatması elə başçının karyerasının da başa çatması ilə nəticələnəcək.

Nicat Mahmudov

Administratorla əlaqə

077 611-55-22

[email protected]