Siyasət

Avropa Məhkəməsinin qərarları icra olunacaqmı...

18-02-2017, 04:54
Bəxtiyar Sadıqov: “Hökumətimiz müəyyən addımlar atmaq zorunda qalacaq”
Mehman Əliyev: “Bu tipli təzyiqlər olacaq və davam edəcək”
Tural Abbaslı: “Ədaləti digər qurumların qapısında axtarırıq”

Avropa İnsan Haqları Məhkəməsi tərəfindən Azərbaycan hökumətinin 138 min 870 avro cərimələnməsi müzakirələrə səbəb olub. İqtidaryönlü şəxslər Avropa Məhkəməsinin 16 şikayət üzrə verdiyi qərarın qərəzli olduğunu bildirirlər. Ekspertlər isə bu qərarın Azərbaycan-Qərb münasibətlərinə zərbə vura biləcəyini düşünürlər.

“Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov Avropa Məhkəməsinin son qərarından təəccüblənmədiyini dilə gətirdi: “İndiyə qədər hansı işə baxılıbsa, Azərbaycana qarşı cərimə sanksiyası tətbiq olunub.
Avropa Məhkəməsinin qərarları icra olunacaqmı...
“Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov

Məsələnin hüquqi tərəfi ilə tanış deyilik. Məhkəmənin o qərarı necə verdiyi, qərarını necə əsaslandırması ilə tanış deyiləm. Amma nəzərə almaq lazımdır ki, o işlər burada bir neçə instansiyadan keçib. Ölkəmizdə çox savadlı hüquqşünaslar, o işin biliciləri olan insanlar var. Ola bilməz elə səhvə yol verilsin ki, Avropa Məhkəməsi tərəfindən bu yanlış olaraq bu cür qiymətləndirilsin. Burada daha çox siyasi yanaşmanın izlərini görürəm. Burada qətiyyən təəccüb ediləsi nəsə yoxdur. Azərbaycanın müstəqil siyasət yürütməsi Avropa dövlətlərinin xoşuna gəlmir. Asan deyil ki, ərazilərin işğal olunsun, amma sən müstəqil siyasət yürüdəsən, günü-gündən inkişaf edəsən, Avropa İttifaqının özü ilə əlaqələrində öz ölkənin mənafeyini qoruyasan, əlbəttə bunlar Avropa dövlətlərinin xoşuna gəlməyəcək.

Hesab edirəm ki, Azərbaycana qarşı qərəzli mövqe göstərən, təzyiq, təsir etmək istəyən qurumlardan biri də Avropa Məhkəməsidir. Avropa gedən işlər üzrə eyni rəylərin verilməsi, eyni qərarların çıxarılması işə qeyri-obyektiv baxılmasını sübut edir, onların obyektivliyini şübhə altına alır. Hesab edirəm ki, uzun müddət Avropa Məhkəməsi bu cür mövqe sərgiləsə, daim Azərbaycana ikili standartlar meyarından yanaşsa, hökumətimiz müəyyən addımlar atmaq zorunda qalacaq və bu addımları da atacaq. Rusiya bu sahədə addımlar atıb. Avropa Məhkəməsinin qərarına biz də baxarıq, ondan sonra icrası ilə bağlı düşünməli olarıq. Səhv etmirəmsə, Rusiyada belə qərar çıxarılıb ki, Avropa Məhkəməsinin çıxardığı qərarlar ölkə konstitusiyası ilə uyğun gəlməzsə, icra edilməsi vacib deyil. Müəyyən təzyiqlər, təsirlər olanda müəyyən mərhələyə qədər dözüb, qərarları icra etmək olar. Amma bu sistem alanda, birmənalı şəkildə qərəzə söykənəndə, görəndə ki, bu ölkəmizə qarşı təsir etmək vasitəsinə çevrilib, bu heç zaman normal qarşılana bilməz. Azərbaycan elə dövlət deyil ki, kimsə onunla diktə, təsir dili ilə danışsın, o da razılaşsın. Dalbadal artıq belə qərarlar gəlməkdədir. Azərbaycan öz hüquqlarını qorumaq üçün müəyyən addımlar atmalı olacaq”.

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev isə son qərarın Azərbaycan-Qərb münasibətlərinə zərbə vuracağı barədə deyilənlərlə bağlı düşünür ki, Azərbaycan hazırda Qərblə əməkdaşlığa könüllü getmir: “Keçiriləcək struktur islahatları məcburiyyətdir.

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev

Hakimiyyət çalışır ki, islahatları elə aparsın, ilk növbədə, özü bəhrələnə bilsin, müəyyən dərəcədə də kimlərisə razı salmağı bacarsın. Avropa Birliyi və Amerika tərəfindən bu tipli təzyiqlər olacaq və davam edəcək. Bunu görməmək mümkün deyil. Azərbaycanda real vəziyyət dəyişməyincə təzyiqlər də olacaq. Kompensasiyaların icrasında ciddi problemlər yaranıb. Hökumət məbləği ödəməyi yubadır. Bu da təbii ki, münasibətləri ciddi şəkildə pisləşdirir. Onsuzda sonda ödəyəcəklər. Sadəcə müəyyən dərəcədə müqavimət göstərmək istəyirlər ki, biz də gücük, biz də nələrsə edə bilərik. Əslində belə deyil, kompensasiyanı müvəqqəti ödəməyə bilərlər”.

Avropa Məhkəməsinin şikayətlər üzrə qərar çıxardığı şəxslərdən olan AĞ Partiya başqanı Tural Abbaslı bunları dedi: “Əslində bu qərar hələ keçən ilin iyun ayında verilməli idi. Hətta bununla bağlı mənə bildiriş də göndərilmişdi. Sadəcə olaraq ölkədaxili bəzi proseslər nəzərə alınaraq qərarın verilməsi təxirə salındı.

Tural Abbaslı

Bu qərarların verilməsi tək kompensasiya baxımından deyil, hüquqi baxımdan daha dəyərlidir. Çünki dövlətimizdə təəssüf ki, olmayan ədaləti hansısa digər qurumların qapısında axtarırıq. Görün vəziyyət hansı yerə çatıb ki, Avropa İnsan Haqları Məhkəməsi Azərbaycandan göndərilən istənilən şikayətin qalib gələcəyinə əmin gözü ilə baxılır. Bir daha deyirəm ki, bunu vətənimizin imicinə heç də müsbət hal kimi dəyərləndirmirəm, ancaq haqq etdiyi ədaləti aramaq hüququ da hər bir vətəndaşın təbii haqqıdır. Kompensasiyaların verilməsinə gəldikdə isə, bu məsələdə son zamanlar hakimiyyət süründürməçiliklə məşğul olur. Öncəki qərarların icrası hələ də yubadılır. Azərbaycan hökuməti götürdükləri öhdəliyə görə bu məbləğləri ödəyəcək, buna şübhə etmirəm. Çünki başqa çıxış yolları yoxdur. Sadəcə olaraq Avropa Məhkəməsinə gedən şikayətlərin sayını azaltmaq və oradan gələn qərarların icrasının sonsuzluğa qədər uzatmaq imkanlarının olduğunu göstərmək üçün belə lüzumsuz işlərlə məşğul olurlar. Unutmasınlar ki, qərarların icrası müddətindən gecikdirilən hər bir günün cəriməsini də hökumət dövlət büdcəsindən ödəyəcək. Ən azından bu nüansı nəzərə alıb, öz səhlənkarlıqlarının bədəlini xalqa ödətdirməsinlər”.

Cavanşir ABBASLI
Musavat.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]