Siyasət

MSŞA Koalisiyasının mətbuat üçün açıqlaması

2-02-2017, 02:41
Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyası mətbuat üçün açıqlama yayıb. Açıqlamanı təqdim edirik:

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə İdarə Heyətinin (MSŞT) ötən iln oktyabr ayının 26-da keçirilən Astana toplantısında beynəlxalq idarə heyətinə müraciət edən Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyası MSŞT-nin rəhbər komitəsini Azərbaycana dəvət etmişdi. Bu gün MSŞT üzrə beynəlxalq idarə heyətinin sədri, İsveçin keçmiş baş naziri Fredrik Reinfeldt və MSŞT üzrə beynəlxalq katibliyin rəhbəri Yonas Moberq Bakıya işgüzar səfərə gəliblər. Səfər çərçivəsində MSŞT sədri və katibliyin rəhbəri Azərbaycan Respublikası Prezidenti ilə görüşəndən sonra MSŞT Komissiyasının sədri Şahmar Mövsümov, xarici ölkə səfirləri və MSŞA QHT Koalisiyasının üzvləri ilə də görüş keçirib. Görüşdə çıxış edən MSŞT üzrə beynəlxalq idarə heyətinin sədri Fredrik Reinfeldt prezident İlham Əliyevlə görüşdəki təəssüratlarını bölüşdü.

Sonra çıxış edən MSŞA Koalisiyasının üzvləri, hüquqşünaslar Akif Qurbanov və Hafiz Həsənli bildirdilər ki, Nazirlər Kabinetinin 11 yanvar 2017-ci il tarixli “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması” və 24 yanvar 2017-ci il tarixli “Xarici donorlar tərəfindən Azərbaycan Respublikası ərazisində qrant vermək hüququnun əldə edilməsi” Qaydalarında dəyişikliklər edilməsi barədə qərarları qanunlardan üstün hüquqi qüvvəyə malik olmadığına görə, “Qrant haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında.” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunlarda məhdudlaşdırıcı hallar aradan qaldırılmayacağı halda huquqi və praktik vəziyyətin dəyişməsindən danışmaq mümkün deyildir. Onlar qeyd etdilər ki, baş verən dəyişikliklər islahedici tədbirlər planında nəzərdə tutulan fəaliyyətlərin icrasını təmin etmir.

MSŞA Koalisiyasının keçmiş Şura və Çoxtərəfli Qrup (ÇQ) üzvü Zaur Əkbər çıxış edərək təxminən 1 il 6 ay bundan əvvəl MSŞT-nin keçmiş sədri Kleyr Şortla görüşü xatirlatdı və bildirdi ki, o zamanda da prezident problemlərin həll ediləcəyinə söz versə də problemlər indiyədək qalmaqdadır. O qeyd etdi ki, inanmır ki, bundan sonra da verilən vədlər yerinə yetirilsin.

Çıxış edən Çöxtərəli Qrup üzvü İlqar Hüseynli Koalisiyada gərginliyin süni olduğunu bildirərək üzvləri həmrəyliə çağırdı.

MSŞA Koalisiyasının keçmiş Şura üzvü Taleh Əliyev çıxış edərək, Azərbaycanın hazırkı geopolitik durumda hakimiyyətin hərəkərlərinə haqq qazandırdı.

MSŞA Koalisiyasının keçmiş Şura və Çoxtərəfli Qrup üzvü Azər Mehtiyev çıxış edərək, MSŞT standartlarının, xüsusilə də onun dövlət siyasətinə inteqrasiyasının, mülkiyyət sahibliyinin tətbiqinin islahatlar üçün geniş imkanlar açdığını bildirdi. O qeyd etdi ki, bütün bunlar vətəndaş cəmiyyətinin bu prosesə daha geniş formatda cəlb edilməsini zəruri edir. O qeyd etdi ki, qanunvericilikdə dəyişikliklə aparılmalı və bunun üçün MSŞT standartının “Vətəndaş cəmiyyəti protokolu” əsas götürülməlidir.

MSŞA Koalisiyasının keçmiş Şura üzvü Nicat Dağlar çıxış edərək, hazırkı Şuranın iclasları barədə Koalisiya üzvlərinin məlumatlardırılmamasını və çoxluqda olan Koalisiya Şurasının siyasiləşdiyini bildirdi.

Koalisiyanın Şura üzvü və keçmiş Çoxtərəfli Qrup üzvü Əliməmməd Nuiyev çıxış edərək vətəndaş cəmiyyətinin problemlərinin həll olunduğunu bildirərək Koalisiya Şurasını qeyri-legitim fəaliyyətdə ittiham etdi.

Çıxış edən Koalisiya Şurası və Çoxtərəfli Qrup üzvü Oqtay Gülaliyev Koalisiya Şurasının ictimaiyyət üçün açıq fəaliyyətindən, keçirilən mətbuat konfransından, həmçinin vətəndaş cəmiyyətinin problemlərindən danışdı. O bildirdi ki, qanunvericiliklə yanaşı hakimiyyətin vətəndaş cəmiyyətinə baxışı dəyişməlidir. Eyni zamanda qeyd etdi ki, Koalisiyanın keçmiş Şura üzvü Fuad Qəhrəmanlı Facebook sosial şəbəkəsində yazdığı fikirlərinə görə 10 il müddətinə azadlıqdan məhrum olunub. O, F. Qəhrəmanlının həbsini MSŞT Standartının bir hissəsi olan Vətəndaş cəmiyyəti protokolunun “fəaliyyət” və “ifadə azadlığı” bəndlərinin pozulması kimi dəyərləndirdi. Bildirdi ki, Koalisiyanın daha bir üzvü Qarabağ qazisi, 2-ci qrup əlil Asif Yusifli də 2 ildən çoxdur ki, qanunsuz həbs həyatı yaşayır. Təbii Resursların İdarəedilməsi İnstitutunun Müşahidə Şurasının üzvü İlqar Məmmədovun 4 ilə yaxındır ki, həbsdə olduğunu xatırladan Oqtay Gülalıyev “Real” hərəkatının üzvlərini səfirliklərin birinin nümayəndəsi ilə görüşdüklərinə görə dindirilməsini misal göstərərək vətəndaş cəmiyyəti fəallarının ifadə etdikləri tənqidi fikirlərə və keçirdikləri görüşlərə görə təqib olunduğunu qeyd etdi.

Koalisya Şurasının əlaqələndirici Qubad İbadoğlu çıxış edərək bildirdi ki, MSŞA Koalisiyasının problemlərini ayrıca olaraq həll etmək mümkün deyil, problemin həlli bütövlükdə vətəndaş cəmiyyətinin durumundan asılıdır. O qeyd etdi ki, hazırda MSŞA Koalisiyasına üzv olmaq üçün QHT-lərdən 40 yaxın ərizə daxil olub. O həmçinin bildirdi ki, ölkədə azad və müstəqil mətbuat bərqərar olmayacağı halda vətəndaş cəmiyyətinin problemləri həll olunmayacaq. Bununla yanaşı, MSŞA Koalisiyasının institutsional fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı QHT Şurasının qərarını ləğv etməsini, eləcə də 2017-ci il üzrə müsabiqə mövzuları arasında MSŞT-nin dəstəklənməsi istiqamətinin çıxarılmasını yalnış hesab edən Qubad İbadoğlu hazırda 150- dən çox üzvü olan Koalisiyanın qarşılaşdığı maliyyə, texniki və təşkilati problemlərdən danışdı.

Yekunda çıxış edən MSŞT üzrə beynəlxalq idarə heyətinin sədri Fredrik Reinfeldt Koalisiyada fikir müxtəlifliyini demokratiyanın göstəricisi kimi qiymətləndirdi və bu günkü müzakirələrdəki müxtəlif fikirləri normal qarşıladığını bildirdi. O qeyd etdi ki, bu günkü görüşlər və burda müzakirə olunan məsələlər barədə 4 həftədən sonra Boqotada keçiriləcək MSŞT İdarə Heyətinin növbəti toplantısında məlumat verəcək. Bununla yanaşı o bildirdi ki, bu müzakilər də göstərdi ki, martın 8-9-da keçiriləcək Boqota toplantısı Azərbaycan üçün asan olmayacaq.

Bakı şəhəri, 01 fevral, 2017-ci il.

Administratorla əlaqə

077 611-55-22

[email protected]