Siyasət

Hökumət daha kəskin qərarlara niyə müraciət etmir? - təhlil

1-02-2017, 19:11
Təzəcə başlayan və bir çox aspektlərdən də həlledici il hesab edilən 2017-ci il ölkədə rəsmən “islam həmrəyliyi ili” elan edilsə də insanların bu ildən daha çox iqtisadi gözləntiləri vardır.

Hamı düşünür ki, məhz bu il hökumət böhran başlayandan indiyədək etmək istəmədiyi və yaxud da təxirə saldığı daha sərt və kəskin maliyyə qərarlarını nəhayət ki, elan etmək məcburiyyətində qalacaqdır...

Elə hökumət üzvləri özləri də ötən ilin sonlarında dedilər ki, hazırda ciddi makro-maliyyə stabilləşməsi konsepsiyası üzərində iş gedir. Hətta insanlar belə düşünürdü ki, yeni ilin ilk həftəsini yeni və çox sərt maliyyə qaydaları ilə qarşlayacaqlar. Amma bahalaşma davam etsə də və manat qiymətdən düşməkdə olsa da hələki dözümlü bir vəziyyətdir.

Üstəlik, cari ildə hökumətin ilk geniş iclasında bu xüsusda hər hansı bir anons verilmədi.
Əksinə dövlət başçısı bu il üçün infliyasiyanı bir rəqəmli səviyyədə saxlamaq haqda göstəriş verdi. Nə baş verir? Hökumət nə düşünür? Bu il də kəskin maliyyə qərarları olmadan sovuşmaq mümkün olacaqmı?..

RUSİYA VƏ QAZAXISTAN EDƏ BİLDİSƏ...

Əslində “sərt maliyyə qərarları” deyəndə hamı ilk növbədə məhz manatın tamamilə sərbəst bir “üzən məzənnə”yə keçməsini düşünürdü.

Maraqlıdır ki, ölkənin müstəqil iqtisadçıları indiyədək bu xüsusda tərəddüdlü fikirlər deyirdilər və hətta Azərbaycanın belə bir siyasətə keçməsinin mümkün olmadığını da bildirirlər. Təbii ki, onlar bunu belə bir israr edirdisə, görünür, hansısa ciddi arqumentlərə də söykənirdilər.

Amma bir ciddi məsələ var. Qonşu Rusiya və yaxud da Qazaxıstan tamamilə sərbəst “üzən məzənnə”yə keçdisə Azərbaycan niyə bunu edə bilməsin?..

Təbii ki, vətəndaş olaraq biz də çox sərt maliyyə siyasətindən ehtiyat edirik, çünki biz də bunu, necə deyər, öz “dərimiz”də hiss edəcəyik. Gəl, nə etmək olar? Yanvardan başlayaraq hökumət manatın tamam sərbəst “üzən məzənnə”yə keçdiyini elan etdi.

Banklar üçün indiyədək qüvvədə olan məşhur “dörd faizlik məhdudiyyət” də ləğv olundu və valyuta əməliyyatlarını demək olar ki, dondurmuş banklar qismən sərbəst maliyyə mübadiləsinə start verdilər.
Amma ki, təcrübəli və məlumatlı iqtisadçılarımız hesab edirlər ki, hökumət hələ də manatın kursunu müəyyən qədər tənzimləməkdə və onu müəyyən həddə saxlamaqda davam edir.

Məsələ bundadır ki, tamamilə sərbəst üzən məzənnəyə keçilsəydi o halda manatın kursunda aşağıya doğru hiss oluncaq sıçrayış baş verməli idi. Yanvarda manat bir az da ucuzlaşdı, amma çox böyük sıçrayış olmadı və bu bir daha onu deməyə əsas verir ki, hökumətin maliyyə siyasəti hələki tamam liberallaşmayıb.

Təbii, belə fikir mübahisəli də görünə bilər, amma iqtisadçıların bu xüsusdakı arqumentlərini təkzib etmək üçün də elə bir ciddi əsaslarımız yoxdur. Təkcə onu deyə bilərik ki, bunun əksini, manatın duruş gətirdiyini də inkar və yaxud təkzib etmək üçün də əlimizdə ciddi əsaslar yoxdur – yalnız və yalnız iqtisadçıların mülahizələrini səsləndirmək zorundayıq...

Əgər manatın kursu hələ də tənzimlənirsə bu da əlavə məsrəflər və yaxud da dollar ehtiyatlarının səmərəsiz xərclənməsi deməkdir. Üstəlik, indi ölkədə bərqərar olmuş maliyyə siyasəti (valyuta mübadiləsi üçün müəyyən məhdudiyyətlər hələ də qalır!) nəinki iş adamları üçün, hətta adi vətəndaşlar üçün də müəyyən problemlər yaradır, ən əsası da “qara bazar”ın qalması üçün zəmin formalaşdırır.
Hökumət “qara bazar”ı inzibati yollarla da tənzimləməyə çalışsa da aydındır ki, buna tamam nail olmaq qeyri – mümkün işdir. “Qara bazar” ona görə yarandı ki, ölkədə valyuta mübadiləsilə bağlı məhdudiyyətlər meydana çıxdı. Bazarın isə bir əsas qanunu vardır: tələb varsa, təklif də olacaqdır...

BƏLKƏ HÖKUMƏT SOSİAL ETİRAZLARDAN EHTİYAT EDİR?..

Güman edirik ki, hökumət daha ciddi və sərt addımlar haqqında da düşünür. Ola bilsin, onu mümkün sosial etirazlar çəkindirir. Ötən ilin sonlarında Tarif Şurasının son qərarına da bəzi düzəlişlər edildi – qaz və elektrik üçün nəzərdə tutulan limitlər azacıq da olsa artırıldı.
Amma sözsüz ki, bütün bunlar ictimai ovqatı tamam sakitləşdirmək iqtidarında deyildir. Təsadüfi deyil ki, artıq bəzi bölgələrdə kiçik də olsa və seyrək şəkildə baş versə də, müəyyən sosial etirazlar nəzərə çarpdı.
Manatın məzənnəsinin tamamilə sərbəstləşəcəyi və bazarda qiymətlərin, necə deyərlər, kəllə - çarxa vuracağı halda etirazlar bir az da güclənə bilər.
Yada salanda ki, ölkədəki indiki siyasi sabitlik daha çox güc amili zəminində və ya müəyyən siyasi məhdudiyyətlərin sayəsində bərqərar olubdur, o halda başa düşürsən ki, insanların səbrilə də manipulyasiya etmək təhlükəli məşğuliyyətdir...

ƏN BÖYÜK PROBLEM MƏMURLARIN MARAQLARIDIR...

Amma başqa yol da yoxdur. Hökumətlə yalnız bir məsələdə razıyıq ki, vəziyyətdən yalnız sərt və qəfil qərarlarla çıxmaq mümkün olacaqdır. Di gəl, bir məsələ də var ki, təkcə sərtliklə də iş bitmir–kompleks iqtisadi və siyasi islahatlara ehtiyac duyulur.

Hələ A.Smit də yazırdı ki, siz əsl azad bazar formalaşdırın və bazarın “gizli əli” özü hər şeyi nizamlayacaq. Amma bir çox hallarda, xüsusən də məmur kapitalizminin hökm sürdüyü ölkələrdə ən çətin məsələ də elə azad bazarı formalaşdırmaq olur – məmurların iqtisadi maraqları buna imkan vermir...

Ona görə də bir qədər pessimistik. Hətta düşünürük ki, daha aktual maliyyə qərarlarının qəbul edilməsi yolunda ən böyük problem heç də cəmiyyətin bütün bunları etirazlarla qarşılanması deyil, problem daha çox məmurların özlərilə bağlıdır.

Bir daha deyirik ki, ölkədə çox ciddi struktur – institutisional islahatlara ehtiyac vardır, bütövlükdə iqtisadi ideologiyanın yenilənməsinə zərurət var. Bütün bunlarsa iqtisadi nəzəriyyələrdə islahatlar qarşısında ən böyük bir maneə kimi dəyərləndirilən “məmur limiti” deyilən fenomenə dirənir.
Bunlar haqda əvvəllər ətraflı yazdığımızdan bir daha ona toxunmayacağıq. Amma xəstəlikdən danışırsansa, mütləq onun düzgün diaqnozunu qoymalısan...

NEFT YENİDƏN BAHALAŞSA BELƏ...

Bəs perspektivdə nə gözlənir? Güman edirik ki, nisbətən kiçik addımlarla olsa da, manatın özünün real kursuna doğru hərəkəti davam edəcək.

Stabilləşdirici amil kimi neftin qiymətinin artmasını fərz etmək olardı. Daha çox geosiyasi problem olan bu məsələ elə dünyadakı geosiyasi və geoiqtisadi düyünlərin açılması ilə çözülə bilər.

İndiki artımlar bir o qədər də böyük dividendlər vəd etmir, çünki hasilatın azaldılması hesabına baş verir. Böyük ehtimalla bu il neftin qiymətinin artımı davam edəcəkdir, gəl, böyük “dollar yağışı” yenə də ehtimallı görünmür...

Qeyri – neft sektoru isə bir günün, bir ilin, hətta beş ilin işi deyil. Bu yaxınlarda ölkədə iqtisadiyatın əsas inkişaf istiqamətərinin “yol xəritəsi” təsdiq edildi. Amma yenə də bütün məsələ monopoliyaya, qeyri-sağlam iqtisadi rəqabətə dirənir. Bu məsələ həll olunacaqsa, o halda ən müxtəlif və irəlicədən proqnozlaşdırıla bilməyən sahələrdə belə sıçrayış müşahidə etmək mümkün olacaq. Olmayacağı təqdirdəsə hər şey nəinki olduğu kimi qalmayacaq, hətta böyük geriləmələr olacaq...

“STRUKTUR İSLAHATLARI”NIN LABÜD İSTİQAMƏTİ...

Hökumətin cari il üçün işinin daha bir istiqaməti də “stuktur islahat”ları ilə bağlı olacaqdır – ali icra hakimiyyəti Konstitusiyanın tələblərinə uyğunlaşdırılmalıdır. Söhbət vitse-prezidentlər institutunun yaranmasından gedir. Necə deyərlər, cin artıq şüşədən çıxıb və onu geri qovmaq mümkün deyil.
İndi məsələnin aprelə qədər həll ediləcəyi bildirilir. Ola bilsin, bu məsələdə də müəyyən qədər yubanmalar baş versin, ən azı ona görə ki, ölkəmiz indiyədək Konstitusiyaya və ya qanunlara da xüsusi sayğısı ilə də diqqət çəkməyib...

Üstəlik, heç də düşünmürük ki, vitse-prezidentlik institutu təsis edilərkən əsas məqsəd hökumətin işini gücləndirmək və onu daha çevik bir instituta çevirmək idi. Amma hansı məqsəddən törəməsindən asılı olmayaraq bu məsələ artıq “konstitusion məzmun” alıb və özünün real ifadəsini tapmalıdır.

Maraqlısı budur ki, hələ bir nəfər belə olsun müstəqil iqtisadçı vitse - prezidentlik institutunun yaradılması ilə ölkədə yaşanan böhrana qarşı daha çevik mübarizə aparılacağını dilə gətirməyib.
Fəqət, cari il üçün hökumətimizin mümkün “institusional islahatlar”ının sırasında hələki ən real olanı budur və bundan artığını gözləmək tamam əbəsdir...

NƏ YAXŞ Kİ MÜƏYYƏN İNFRASTRUKTUR VAR...

Qərəz, ciddi və bəlkə də daha kəskin iqtisadi qərarlar üçün həlledici olmağı vəd edən il başlayıbdır. Hətta islam oyunları belə diqqəti ən əsas bir problemdən – böhrandan ayırmayacaq və hətta düşünürük ku, islam oyunları ölkə üçün, xüsusən də iş adamları üçün izafi problemlər yaradacaq, çünki bu ölkədə böyük tədbirlərin necə keçirilməsi hamıya yaxşı bəllidir.

Hələ onu demirik ki, bu günə qədər keçirilən böyük idman tədbirləri neftdən gələn böyük dollar axınına hesablanmışdı. Bu mənada islam oyunları da istisna deyildir. Amma geriyə yol da yoxdur. Təskinlik verən budur ki, artıq ölkədə müəyyən idman infrastrukturu var. Bu isə zəruri xərclərin əvvəlki vaxtlardan az olacağına ümid etməyə əsas verir...

Amma bir daha deyirik ki, ən əsas problem – böhran öz böhranlığında qalır. Onun yükünü isə adi insanlar və bir də iş adamları çəkirlər. Onlar buna nə qədər davam gətirəcəklər? Nə qədər dözə biləcəklər? Bütün bu sualların və eləcə də onlara yaxın sualların cavabını yalnız təxmin etmək qalır, çünki bu ölkədə sullara da cavab almaq olmur...

Hüseynbala Səlimov,

Administratorla əlaqə

077 611-55-22

[email protected]